Aprelin 16-da “Azərbaycan” CinemaPlus-da rejissor Elvin Mirzəyevin “Qul” bədii filminin nümayişi keçirilib. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirdi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı apreldən film baxışlarına davam edir:
“Bu ay ərzində maraqlı filmlərin nümayişi olacaq və onlar haqda AKİ-nin sosial şəbəkə hesablarında məlumat veriləcək. Bu gün isə Elvin Mirzəyevin real hadisələr əsasında çəkilmiş “Qul” bədii filminə baxacağıq. Elvin Mirzəyev haqda qısa məlumat verim. Elvin bəy həm teatr, həm kino rejissorudur, eyni zamanda aktyordur və peşəkar musiqi təhsili var. O, “Qağayı”, “Əli və Nino” seriallarının, maraqlı sənədli filmlərin müəllifidir. Nümayişdən sonra yaradıcı heyətlə filmi müzakirə edəcəyik. Bir məqamı da qeyd edim ki, bu film böyük aktyorumuz Səməndər Rzayevin oğlu Rəşid Səməndərin kinoda son işidir. Onun xatirəsini sevgiylə anırıq”.
Nümayişdən sonra filmin müzakirəsi başladı. Moderatorun “Qeyd olunub ki, film real hadisələrə əsaslanır. İstərdim ki, süjetin real mənbəyi haqda danışasız” sualına cavab olaraq, rejissor bildirdi ki, əslində filmin sonluğu belə bitməli deyildi: “Real hadisənin başqa sonluğu vardı. Sadəcə, biz heyətlə müzakirələrdə gördüyünüz finalla bitirməyi məqsədəuyğun saydıq. Ssenaridə olan sonluğu çəkmədik. Buna ciddi əsaslarım vardı. Çünki bizdə dəyərlər, meyarlar başqadır. Məqsədimiz, orqan alverindən danışmaq, qul bazarından danışmaq deyildi. Bizim qəhrəmanımız deyir ki, bəlkə mən özüm orqanımın verilməsinə razı olardım. Niyə buna mənsiz qərar veriblər? Bu filmdə insanın kimliyi önəmlidir. Bəzən bizə xidmət edən insanların, məsələn, restoranlarda xidmət edən insanların kimliyini düşünmürük. Onu alçaldırıq, şəxsiyyətini nəzərə almırıq. Filmdə bəzi qəhrəmanlarımız bir-birinə dəyər verirlər və çətinliklərə baxmayaraq, ailədə sevgi qalır. Bu dəyərlər çox qiymətlidir. Onun özünü cəmiyyətdə tapmayan qardaşı Rasim belə sonda reabilitasiya olur. Mən özüm o məhəllələrdə böyümüşəm, görmüşəm ki, narkoman, ailəyə ağır yük ola bilər, amma həlledici məqamlarda yüksək dəyər göstərir”.
Kinoşünas Sədaqət Kamal bildirdi ki, ilk növbədə filmin adı xoşuna gəlib: “Qul” sözünü dərimdə hiss etdim. Film əvvəldən sona qədər ağır idi. Yaxşı ki, sonda işıq vardı. Müasir dövrdə çəkilən bəzi filmlərdə ailə dəyərləri tapdanır. Amma siz burada çox gözəl azərbaycanlı qadın obrazını göstərmisiniz. Film əxlaqi prinsiplərimiz əsasında qurulub”.
Baş rolun ifaçılarından biri Pərviz Məmmədrzayev bildirdi ki, bu çox ağrılı mövzudur:
“Qul bazarından danışırıqsa, ailəsini dolandırmaqdan ötrü “Xalqlar dostluğu”nda, “Neftçilər”də, Xırdalanda olan bu məkanları hamımız görmüşük. Mən qul bazarlarında ali təhsilli adamlar görmüşəm, onlarla söhbət eləmişəm. Yəni bu filmə çəkilməmişdən əvvəl də mövzunu bilirdim. Mənim obrazım konkret şəxs deyil, ümumiləşdirilmiş obrazdır, əzilən təbəqənin simvoludur. Filmdə ideya odur ki, bizim əvəzimizə qərar verirlər, taleyimizi öz istəklərinə uyğun şəkildə həll edirlər. Çəkilişdə rejissorla söhbətlərimiz oldu, Elvindən xahiş elədim ki, bəlkə filan yeri azaldaq və s. Amma təbii ki, son söz rejissorundur”.
Rejissora təşəkkür edən Nicat Kazımov dedi ki, Pərviz Məmmədrzayevdən fərqli olaraq, onun kinoda bəxti gətirməyib: “Elvin tək-tük rejissorlardandır ki, risk edib məni filmə çəkir. Bu ikinci filmdir. İlk dəfə “Əli və Nino”da oynamışam. Elvin dedi ki, sonuncu səhnəni çəkmədik. Məni ssenaridə çəkən elə sonuncu səhnə idi. Mən özüm də rejissoram, teatrda çalışıram. Olur ki, rejissor onu narahat edən problemləri ortaya qoyur. Amma tamaşaçı başqa şeyləri görür, öz mövqeyi olur. Mənim buradakı roluma gəlincə… Sual meydana çıxır ki, insanlara inanmağa dəyərmi? Hamıya inanmaq olmur, amma insan inamsız yaşaya bilməz axı. Və insan inananda nə baş verə bilər? Mənim üçün əsas problem bu idi”.
Filmdə aktyor kimi yükünün az olduğunu deyən Ayşad Məmmədov filmə tamaşaçı kimi baxdığını bildirdi: “İndi bir tamaşaçı kimi baxanda fikirləşirdim ki, insanın eqodan qurtulması nə qədər çətindir. Mənim qəhrəmanım, qadını anasına baxması üçün tutur. Amma ana olacaq qadın haqda düşünmür, öz anasını düşünür. Tamaşaçı kimi baxanda düşündüyüm bu idi. İnsanın “mən”indən xilas olması vacibdir”.
Epizodda oynayan Kərəm Hadızadə də təəssüratlarını bölüşdü: “Mən o aktyorlardanam ki, özümə ekranda baxa bilmirəm. Bu gün isə filmə tamaşaçı kimi baxdım. Çox vacib problemə toxunub rejissor. Buna görə ona təşəkkür edirəm”.
Filmdə çox yaxşı bəstəkar işinin olduğunu qeyd edən tamaşaçılarıdan biri, ssenaridə mühüm boşluqların olduğunu dedi: “Məsələn, orada məktub oxunmursa, o məktub niyə vardı? Xanım aktrisanın məsələlərə münasibəti soyuq idi. Günlərlə evinə gəlməyən ərini soyuq qarşılayır. Vəziyyətə münasibəti düz deyildi”.
Bəstəkar Tural Məmmədli qeyd etdi ki, filmdə bəstəkarlıq bir neçə musiqi parçasını rejissora təqdim etməkdən ibraət deyil: “Elvin müəllimlə işləmək çətin və eyni zamanda asandır. Musiqi təhsili var, ona görə asandır. Ona görə çətindir ki, nə istədiyini bilir, maksimal nəticə almaq istəyir. Ssenari məni cəlb elədi. Adətən, filmlərdə bir avtomobil digərini təqib edəndə dinamik musiqi tələb olunur. Amma biz etnik musiqidən istifadə elədik və ümumiyyətlə, filmboyu milli alətlərə üstünlük verdik. İndi filmi izləyəndə yeni nələrsə əlavə edərdim, yeni baxışlarım yarandı”.
Başqa bir tamaşaçının fikrincə, film monoton olmasa da, onda bəzi ziddiyyətli fikirlər yarandı:
“Film “çəhrayı çərçivədən” verilmişdi. Çünki maddi problemləri olan ailənin bu qədər anlayışlı, mehriban olması çətindir. Psixoloji baxımdan emosiyalar, xarakterlər düzgün verilməmişdi”.
Yazar Sadiq Elyerin düşüncəsinə görə isə, filmdə zamanla bağlı yanlışlıqlar var: “İlk epizodu – qul bazarı epizodunu dokumental, gözəl çəkmisiniz. Dediniz ki, film real hekayədir. Filmdə hekayəni gördüm, amma filmi görə bilmədim. Qəhrəmanın təpəsinə taxta vurulur, amma iz yoxdur. İki qəhrəmanın danışığına görə ehtimal edirik ki, zorlanma hadisəsi ola bilər. Çünki deyirlər ki, bizi qoyun kimi istifadə ediblər və s. Amma sonra məlum olur ki, böyrəyi kəsilib. Böyrəyi kəsilən adam bir həftədən sonra istəsə də işə gedə bilməz. Onun reabilitasiyası uzun çəkir”.
Filmin prokatı məsələsinə toxunan rejissor büdcənin az olduğunu qeyd etdi: “Aktyorlar təmənnasız, qonorarsız çəkiliblər. Ümumiyyətlə, bütün heyət təmənnasız işləyib. Bu filmi prokata reklamsız çıxardıq. Çünki reklam, böyük pullar tələb edir. Təbi ki, kassa da yığılmadı. Hətta biz filmin təqdimatını da etməmişdik”.
aki.az