Rəşad Babayevin film gecəsi keçiriləcək
Dekabrın 3-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rəssam, rejissor Rəşad Babayevin film gecəsi keçiriləcək.
R.Babayevin çoxşaxəli yaradıcılıq yoluna rəssamlıq, heykəltəraşlıq və film kimi sahələr daxildir.
İlk dəfə 2004-cü ildə solo sərgisini keçirən rəssam sonralar Azərbaycanda və ölkə hüdudları xaricində bir çox sərgiyə qatılır. Əsərləri Gürcüstan, Koreya və Qazaxıstan kimi ölkələrdə də sərgilənir.
Rəssam 2012-ci ildə “012 Bakı İctimai İncəsənət Festivalı” üçün məşhur italiyalı rejissor Mikelancelo Antonionin baş tutmayacaq filmin çəkilişlərinin harada çəkiləcəyi ilə bağlı 1972-ci ildə Bakıya etdiyi səfərini araşdırmaq üçün fotoqrafiyadan və kollajdan ibarət genişmiqyaslı “Antonioni Bakıda” adlı instalyasiya yaradır.
Kinoya olan marağı nəticəsində bir sıra film ssenarisi və qısa film üzərində işləyib. 2013-cü ildə iki tamam fərqli şəxsiyyətin görüşməsi şansı barəsində bəhs edən, “Sərnişin” adlı ilk qısa filminin ssenarisini yazır və ona rejissorluq edir. Onun “61 qram” adlı qısa filmi Qahirə Beynəlxalq Film Festivalında iştirak edib.
R.Babayev eyni zamanda 2018-ci ildə işıq üzü görmüş qısametrajlı “Lost” filminin və “Çao” qısametrajlı cizgi filminin, ssenari müəllifi, rejissoru və prodüseridir. Rejissor kimi öz üzərində daima çalışır, mövzuları dərindən təhlil edir.
R.Babayevin müraciət etdiyi mövzular əsasən eynilik təşkil edir və insanların daxili həyatını dərindən araşdıraraq onları əsərlərində əks etdirməyə çalışır.
Kino Evində baş tutacaq gecədə rəssamın müxtəlif formatlarda çəkilmiş bir neçə qısametrajlı filmləri nümayiş olunacaq, müəlliflə kino dili və vizual həll mövzusunda müzakirə aparılacaq. Gecənin moderatoru Sevda Sultanovadır.
aki.az