Rafiq Hüseynli - 75

“Təsəvvür edin ki, 8 milyonluq xalq yeganə kanal olan AzTV vasitəsi ilə səni izləyir, hər kəlmənə, hər sözünə, hətta vurğu işarənə diqqətlə fikir verir. Burda kiçicik bir səhv sənin fəaliyyətinə böyük nöqsan, qara kölgə sala bilərdi. Sovet dönəmində ən ciddi və o dövr üçün nadir hesab edilən bir sənətdə olmaq hər gün öz üzərimdə işləməyə məni sövq edirdi” deyən, Xalq artisti, kino redaktoru, Azərbaycan Kinematoqrafçılar ittifaqının üzvü, görkəmli diktor Rafiq Hüseynlinin dünyaya göz açdığı gündür, yaşasaydı 75 yaşını qeyd edəcəkdi.

R.Hüseynli 1946-ci ildə Qarabağın cənnət guşəsində – Şuşa şəhərində anadan olub.

1964-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində işıqçı kimi çalışmağa başlayıb. Çox keçmir ki, 18 yaşlı gəncin səsi – diksiyası diqqətləri çəkir və onun diktor kimi fəaliyyətinə şərait yaradılır. Ömrünün böyük hissəsini diktor sənətinə həsr edib və televiziyada kadrların hazırlanmasında böyük əməyi olub. Hətta bir müddət AzTV-nin sədr müavini vəzifəsində çalışıb. Sonralar Sosial İdarəetmə və Politologiya İnstitutunda,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib. Onlarla tələbə yetişdirib, eyni zamanda “Yurd” jurnalında baş redaktor kimi çalışıb.

Rafiq müəllim deyirdi ki, bu sənət onu xalqa tanıdıb və bu sənətin sayəsində ölkənin ən tanınmış ziyalıları ilə təmasda olub: “Xalqın elitar təbəqəsi ilə əlaqələr qurmaq beynimdə, mənəviyyatımda, daxilimdə bir zənginləşdirmə yaratdı. Və ən əsası isə biz diktorlar bütün evlərin çağrılmamış qonaqları idik. Səhər də, axşam da , günorta da ən müxtəlif verlişlərlə onların qarşısında olurduq. Odur ki, ən böyük qazancımız xalqın sevgisi olub. Mən televiziyadan gedəndən sonra yolda, məclislərdə, tədbirlərdə qarşılaşdığım minlərlə insan bu gedişimə təəssüf etdiklərini bildirir və mənə yenidən geri qayıtmağı tövsiyyə edirdilər”.

1990-cı il…Azərbaycan tarixinin ən çətin dövrü kimi yadda qalıb. Məhz belə çətin bir məqamda R.Hüseynli öz xahişiylə televiziyadan ayrılıb və bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla əlaqələndirib: “Müəyyən mətnləri oxutmaqla məni insanların gözündən sala bilərdilər. Hətta bəzi dostlarımın əleyhinə olan mətnləri də oxumalı idim. Buna görə də, öz ərizəmlə işdən çıxdım”.
Ömrünü bağladığı televiziyadan uzaqlaşır və 15 ildən sonra yenidən ora qayıdır.

R.Hüseynli deyirdi ki, 15 il televiziyadan kənarda qalandan sonra AzTV rəhbərliyinin təklifiylə yenidən işə qaytarılması ona ikinci həyat bəxş edib.

O, eyni zamanda bir çox mahnıların da müəllifidir, hətta bir çox mahnıları özü ifa edib.

Onun kinoya gəlişi 1977-ci ilə təsadüf edir. Həmin ildə Şəki şəhəri, onun sakinləri, nailiyyətləri və özünəməxsus mədəniyyəti haqqında lirik hekayə əsasında “Şəki” sənədli televiziya filmi lentə alınır və həmin filmdə mətni oxuyub.

1988-ci ildə Sumqayıt şəhərində ekoloji faciə haqqında çəkilən “Ölü zona” sənədli filminin mətni də Rafiq müəllim oxuyub. Öz səs imkanları ilə ekoloji faciəni yüksək səviyyədə geniş tamaşaçı kütləsinə çatdırmağı bacaran və səsin möcüzəsi ilə bu problemin vaxtında həll olunmasının vacibliyini hiss etdirən diktorun bu peşəkarlığı diqqətdən kənarda qalmır. Filmdəki peşəkarlığı dövlət tərəfindən qiymətləndirilir və Azərbaycan Dövlət Mükafatına layiq görülür.

1993-cü ildə Vaqif Mustafayevin ssenarisi əsasında Ceyhun Mirzəyevin quruluş verdiyi “Fəryad” filmi onun həyatında fərqli bir yer tutur.

Qarabağ müharibəsinə həsr olunan, real faktlara əsaslanan filmdə rus dilindən tərcümə mətnini Rafiq Hüseynli oxuyub.

Qarabağ onun ən ağrılı yeri idi, əzizlərinin uyuduğu torpaq idi. Qarabağ haqqında çəkilən filmdə rus dilində olsa belə, mətni oxumaq onun üçün o qədər də asan olmayıb.

Ümumiyyətlə Rafiq Hüseynli o diktorlardan idi ki, istənilən bir sənəti mükəmməl mənimsəmək üçün ilk oncə onun təməlini öyrəmməyin, məktəbini keçməyin vacib olduğunu qeyd edirdi və onu da bildirirdi ki, peşəkar aparıcı mütləq diktorluq məktəbini keçməlidir.

Ekranlarda maarifləndirici proqramlara geniş yer verilməsinin tərəfdarı olan, daima peşəkarlığı, təcrübəni əsas götürən Rafiq Hüseynlini ad günündə böyük hörmətlə yad edirik.

aki.az