Rafiq Quliyevdən ustad dərsi

Martın 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində təsvir rejissoru, kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Rafiq Quliyevin ustad dərsi keçirilib.

“Asan könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan mühazirədə professor Azərbaycan kinosunun bugunkü və dünənki problemlərindən, aktyorla iş prinsiplərindən, həmçinin, kinoda təsvir dilindən, zamanın təsvirdə həkk edilməsinə nədən ehtiyac yaranmasından danışıb: “Biz şaquli və üfüqi koordinatlarda görməklə yanaşı, həm də hər şeyi həcmdə görürük. Çünki bizim binokolyar aparatımız var. İki gözlə baxıb, daha dərin təsvirləri görmüş oluruq. Hamı deyir görən gözdür. Göz fokuslaşdıran, psixo-fizioloji, optik mühitdir. Görən göz deyil dostlar, görən beyindir. Görən matriça deyil. Matriça olan işıq enerjisini qəbul edir, piksel yuvasına salır, elektron siqnal halında kameranın beyninə gedir. Sən formatı, ölçüləri və s. sifariş edirsən, sonra o, bunu sənin görə bilməyin üçün bir yaddaş kartına atır, iki displeyə atır.  Beyin sistemi də belədir”.

Kino sahəsinin əslində, biznes maraqları üçün yarandığını deyən Rafiq Quliyev peşəkar rejissoru belə xarakterizə edib: “Mənfi qəhrəmanın özü də ifadəli olmalıdır ki, sən onun arxetip kimi antaqanist olduğunu müəyyən edəsən. Peşəkar rejisssor odur ki, əvvəlcə onu antaqanist kimi göstərir və obraz inkişafda olur, filmin sonunda məlum olur ki, sən də protaqanist bu imiş. Amma filmin əvvəlində müsbət gəlib, mənfiyə çevrilir. Əgər rejissor tamaşaçıda empatiya hissi yarada bilirsə, onun filmi yaşayır. O, tamaşaçı ilə dialoqa girir. Rejissor filmi niyə çəkir? Bəzi rejissorlar deyir ki, mən filmi özüm üçün çəkirəm. Tamaşaçı mənə maraqlı deyil. Görürsən, Fellini, Berqman art- house nümayəndələrini. Amma dostlar, hətta art-houseun atası Berqman özü belə, deyib ki,  istəməzdim mənim tamaşaçım təkcə öz ailə üzvlərim olsun. Demək ki, tamaşaçı ilə dialoqa girməyi bacarmalısan”.

Müasir Azərbaycan rejissorları haqda fikirlərini auditoriya ilə bölüşən pedaqoq müstəqil rejissor Hilal Baydarovun filminin uğur qazanmasının səbəbini belə şərh edib: “Film səmimi olmalıdır. Bax, Baydarov səmimi film çəkdi. O, öz komplekslərini ortaya qoymaqdan çəkinmədi.  Dostlar, müəllif öz filmini elə-belə çəkmir. Müəllifin  bütün yaşadıqlarının sxemi, modeli onun filmində cəmlənir. Tamaşaçı ona baxan kimi onun çuğlayan hissləri yaşamağa başlayır. Ya təmizlənir, ya da biganə qalır. Əgər biganə qalırsa, deməli, rejissor məqsədinə çatmayıb. Baxın, bizim son 40-50 ildə çəkilən filmlərin əksəriyyətinin problemi budur. Səmimi deyillər. Bu, təkcə remeslo ilə bağlı deyil. Remeslo yüksək səviyyədədir. Peşə var, hamısı rejissordur, hamısı məktəb qurtarıb. Amma kimdə isə alınır, kimdə isə alınmır”.

Çıxışdan sonra professor dinləyicilərin suallarını cavablandırıb.

“Əvvəllər kino sahəsində texnologiyalar zəif idi, amma məncə, daha uğurlu filmlər yaranırdı. İndi texnologiyalar inkişaf edib, amma sanki daha uğursuz filmlər yaranır. Sizcə, bunun səbəbi nədir?” sualını verən dinləyiciyə professor belə cavab verib: “Bugunki kinonun estetik məziyyətləri fərqlidir. Azərbaycan kinosuna gələndə, müəyyən açıqlama verə bilərəm. Azərbaycan kinosunda bir boşluq mərhələsi yarandı. Rejissorluq dəbə düşdü. Bir çoxları bura istiqamətləndi, oxuyub gəldilər. Amma özlərini ifadə edə bilmədilər. Doğrudur, filmlərimiz yarandı, amma onların empatik təsiri tamaşaçı kütləsini səmimiyyətlə ələ alacaq səviyyədə olmadı. Kinematoqrafiya səmimiyyət tələb edən sənətdir. Sən öz komplekslərini sərgiləməkdən çəkinməməlisən”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ”Asan könüllüləri” ictimai birliyi ilə “Gənc kinematoqrafçılar” layihəsini də həyata keçirir. Layihə çərçivəsində təlimçilər, kinorejissor Məzahir Haşımov və ssenarist Pərviz Məmmədov rejissorluq və kinodramaturgiya sahəsində təlimlər keçir.

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

.