AKİ-nin 2025-ci ilin iyul-dekabr aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində ölkəmizdə kino sahəsində görülən işlərdən bəhs olunub.
Qeyd edək ki, Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.
Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən keçirilən “Mən qadınam” tammetrajlı film bədii ssenarisi müsabiqəsinin finalçılarının müəyyənləşməsi, kino səfərlərinin dəstəklənməsi, Milli kino günü münasibətilə ənənəvi mükafatların qaliblərinin elan edilməsi, amerikalı müəllif Sid Fildin ssenari üzrə bestseller kitabının tərcümə edilməsilə bağlı məlumatlar təqdim olunub.
Bundan başqa, bu nəşrdə dünya klassik kinosunun Azərbaycan dilində təqdim olunması, Xalq artisti Həmidə Ömərovanın “ABŞ kino tarixi” iki cildliyi və “Alman kino tarixi” adlı kitablarının nəşr olunmasına maddi dəstək göstərməsi, AKİ-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə maliyyə dəstəyi verdiyi “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabının çapdan çıxması, “Sən, ey uşaqlıq” tammetrajlı bədii film ssenari müsabiqəsinin elan edilməsi, qələbəmizin 5 illiyinə həsr olunmuş tədbir keçirilməsi, “Lənkəranda kino günləri”nin keçirilməsi, debüt filmlərinin nümayişi, “Öz filmini yarat” təlim proqramı haqqında məlumatlar yer alıb.
İnformasiya bülletenində rejissor Şamil Əliyevin 65 illik yubileyi münasibətilə “Yaradanlar-2” və “Körpələrin göz yaşı” sənədli filmlərinin nümayişindən, XVI Bakı Beynəlxalq Film Festivalı çərçivəsində iranlı aktrisa, rejissor Niki Kərimli ilə gənc kinematoqrafçıların görüşünün keçirilməsindən, ssenaristlərin problemlərinin müzakirə olunmasından, dünya kinosunun 130 illiyinin qeyd edilməsindən, AKİ-nin illik hesabatının geniş oxucu auditoriyasına təqdim edilməsindən, eləcə də ümumilikdə Azərbaycanda kino aləmində baş verən yeniliklərdən də bəhs olunub.
Son olaraq qeyd edək ki, əsas məqsəd, AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarət olan, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir.
Bülletenin nəşrə məsulu, AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov, tərtib edən və nəşrə hazırlayanı Ramil Ələkbərov, redaktoru Aygün Aslanlıdır.
aki.az

