“Rakurs” bülleteninin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

Rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ilin yanvar, fevral, mart aylarında gördüyü işlərin hesabatı, eyni zamanda ölkədə kinoyla bağlı görülən işlər yer alıb.

Qeyd edək ki, Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, eyni zamanda əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten bu dəfəki sayını Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatı haqqında olan nekroloqla başlayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı 2022-ci ilin ilk üç ayında gördüyü fəaliyyət istiqamətləri – kinodramaturgiyanın problemləri, sifarişçi ilə ssenarist arsında olan münasibətlər, sənədli kinomuzun, qadın prodüserlərin problemləri haqqında olan məlumatlar yer alıb. Bundan başqa, uzun fasilədən sonra “Fokus” jurnalının 10-cu sayının çap olunması və təqdimatı, AKİ-nin qadın mövzusunda müsabiqə elan etməsi, professor Rafiq Quliyevin ustad dərsi, rejissor Məzahir Həşimovun dərsi, tələbələrin suallarını cavablandırmasına yer verilib.

Hesabatda AKİ-nin rejissor Amil Amalın filminə maliyyə dəstəyi ayırması və Andrey Tarkovskinin kitabının Azərbaycan dilinə tərcüməsinə dəstək olmasından, festivallar, hazırlanan layihələr, çəkiliş meydançalarından da bəhs olunub.

Xatırladaq ki, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

Nəşrə məsul Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, tərtib edən yazıçı Nəriman Əbdülrəhmanlı, redaktor kinoşünas Sevda Sultanovadır.

aki.az