“Rakurs” rüblük bülleteninin dördüncü nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin dördüncü nömrəsi çapdan çıxıb.

Qeyd edək ki, rüblük informasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında gördüyü işlərin hesabatı yer alıb, eyni zamanda ölkədə kinoyla bağlı görülən işlər diqqətə çəkilir.

AKİ-nin 2021-ci ilin son üç ayında gördüyü fəaliyyət istiqamətləri – Kino Məktəbinin ssenari kursunun növbəti dərsində kursun rəhbəri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun diplom müdafiəsi öncəsi tələbələrin ssenarilərinin müzakirəsi, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin (Rossotrudnicestvo) təşkilatçılığı ilə keçən Tatar Kino Günləri çərçivəsində “Tatarkino”nun rəhbəri ilə görüş, Kino Evində rejissor Ziya Şıxlinskinin sənədli xronika üzərində qurulmuş “Barrikadalarda azadlıq” filminin nümayişi, ümumiyyətlə isə təşkil olunan filmlərin nümayişi və müzakirəsi haqqında olan məlumatlar yer alıb. Bundan başqa, “Asan könüllülər” ictimai təşkilatı ilə birgə ilk dəfə olaraq “Gənc kinematoqrafçılar” layihəsinə start verilməsi, “Naməlum Azərbaycan animasiyası”adlı animasiya film gecəsinin baş tutması, AKİ-yə yeni üzvlərin qəbul edilməsi,  AKİ-nin illik hesabatı diqqətə çəkilir.

Hesabatda kino ilə bağlı keçirilən təqdimatlar, festivallar, hazırlanan layihələr, çəkiliş meydançaları da yer alıb.

Xatırladaq ki, kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

Aki.az