Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü ilin iyul-dekabr aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, ölkəmizin kino sahəsində görülən işlər diqqətə çəkilib.
Qeyd edək ki, ölkəmizdə gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş yaradıcılar haqqında məlumat yer alıb.
Rüblük informasiya bülletenində AKİ-nin “Şirvanda kino günləri” layihəsinin açılışı və yekunu haqqında, “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin qaliblərinin elanı, Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların siyahısının açıqlanması, AR Ədliyyə Nazirliyinin AKİ sədri, Xalq artisti Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərinin təsdiq olunması, İttifaqın üzvü, akademik Rafael Hüseynovun Azərbaycan Respublikası Milli Məclisin sədrinin müavini seçilməsi yer alıb.
Bundan başqa, AKİ-nin İdarə Heyətinin iki kinoittifaqın birləşməsindən sonra “Gücümüz birliyimizdədir” devizi ilə ilk iclasının keçirilməsi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Qərbi Azərbaycan: Maddi və mədəni irsimiz” layihəsi çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmininin xüsusi mükafata layiq görülməsi, AKİ-nin “Nizami” Kino Mərkəzində film nümayişlərinə başlaması, “Azərbaycan” CinemaPlus-da AKİ-nin təşkilatçılığı ilə yerli klassik animasiya filmlərinin nümayişi, AKİ-nin maliyyə dəstəyilə amerikalı yazıçı, ssenarist, iki mindən çox ssenarinin məsləhətçisi olmuş, bir çox ölkələrdə seminarlar keçirmiş Linda Segerin “Yaxşı ssenarini əla ssenariyə necə çevirməli” kitabının nəşr edilməsi haqqında olan məlumat, AKİ-nin və AR Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı Natiq Rəsulzadənin, rejissor Cahangir Zeynallının yubileylərinin keçirilməsi və s. məlumatlar verilib.
Bülletendə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabrda, mədəniyyət və yaradıcı sənayelər sahəsində yerli və beynəlxalq mütəxəssisləri bir araya gətirən “Yaradıcı həftə” keçirilməsi, Bakıda Şərq və Mərkəzi Asiya ölkələrinin kino marketinin açılışının olması, Kino Agentliyinin (ARKA) “TRT Belgesel”lə,”Tacikfilm”lə əməkdaşlığa başlaması da qeyd olunub.
Onu da qeyd edək ki, bülletenin nəşrində əsas məqsəd, AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaradanlar və kino araşdırmaçıları üçün nəzərdə tutulub. “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir.
İnformasiya bülleteninin nəşrə məsulu, AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Ramil Ələkbərov, redaktorları Aygün Aslanova, Rizvan Ələsgərdir.
aki.az