“Rakurs”un növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki sayında görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda məzarüstü abidəsinin açılışı, Beynəlxalq Muğam  Mərkəzində keçirilən anım mərasimləri yer alıb. Bundan başqa, çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetilə (ADMİU) əməkdaşlıq çərçivəsində operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək kinoya dair yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəsas materiallar” dərsliyinin işıq üzü görməsi, eyni vaxtda ittifaqın maliyyə dəstəyilə AKİ İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının nəşr olunması haqqında da bülletendə məlumat verilib.

İnformasiya bülletenində Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin ikinci buraxılış məzunlarına diplomların təqdim edilməsi, gənc kinematoqrafçıların mükafatlandırılması, filmlərin nümayişləri, dünyasını dəyişmiş kinematoqrafçıların yubiley məqalələri, yaradıclıq gecələri, tədbirlər də işıqlandırılıb.

Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun filmlərlə bağlı qərarı, Azərbaycan və Özbəkistanın kino sahəsində əməkdaşlığa dair yol xəritəsinin hazırlanmasından da bəhs olunub.

Vətən Müharibəsinə həsr olunmuş filmin çəkilişinin yer aldığı bülletendə, eyni zamanda bu ilin oktyabr ayında Şuşa şəhərində keçiriləcək “Qorqud Ata Türk Dünyası” film festivalı, II “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalının keçiriləcəyi, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına sənəd qəbulunun elan olunması  və s. məqamlar da qeyd olunub.

Qeyd edək ki, kino tədqiqatçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd, ittifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

aki.az