Ramiz Abutalıbov dünyasını dəyişdi
Tanınmış ictimai xadim, Xalq Cümhuriyyəti tarixinin görkəmli tədqiqatçısı, Prezident təqaüdçüsü Ramiz Abutalıbov vəfat edib.
Ramiz Abutalıbov 27 oktyabr 1937-ci ildə dünyaya göz açıb.
1960-cı ildə Azərbaycan Dövlət Universitetini bitirib
1980-1984-cü illərdə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsində xarici əlaqələr şöbəsinin müdiri, Azərbaycan SSR Ali Sovetinin xarici işlər üzrə komissiyasının sədri vəzifələrində çalışıb
1971-1979-cu illərdə, eləcə də 1985-1992-ci illərdə Parisdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət üzrə katibliyinin – YUNESKO-nun əməkdaşı olub.
1993-2004-cu illərdə o, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri və YUNESKO üzrə Azərbaycan milli komissiyasının baş katibi vəzifələrində çalışıb.
Mühacirətdə yaşamış Azərbaycan ictimai-siyasi xadimlərinin fəaliyyətlərinin araşdırılmasında, dünya ölkələrindəki arxiv sənədlərinin tapılmasında və bu tarixi sənədlərin toplanmasında, Azərbaycana gətirilməsində xüsusi əməyi olan R. Abutalıbov həmin sənədlər toplusundan ibarət on iki kitabın müəllifidir.
1989-1992-ci illərdə Fransada çap olunan dörd kitabında isə Dağlıq Qarabağ münaqişəsindən bəhs edib.
R.Abutalıbov 1989-cu ildə Fransanın paytaxtı Paris şəhərində “Azərbaycan evi” assosiasiyasının yaradıcılarından biri olmuşdur.
Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması, Fransada bir neçə mühacir həmvətənimizin qəbrinin bərpa edilməsində,”İçərişəhər” (2000-ci il) və “Muğam”(2003-cu il) sənətinin Ümumdünya irsi siyahısına daxil edilməsinin əsas təşkilatçılarından biri idi.
2016-cı ildə Bakı Media Mərkəzi R. Abutalıbovun iştirakı ilə 1919-cu ildə Parisə getmiş Azərbaycan diplomatları haqqında “Əbədi ezamiyyət” sənədli filmi çəkilir və “Qərib məzarlar” kitab-albomu nəşr edilir.
Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvü idi. 2018-ci ildə cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işində xidmətlərinə görə Azərbaycan Kinomatoqrafçılar İttifaqının mükafatına layiq görülmüşdür.
Azərbaycan Kinomatoqrafçılar İttifaqının İdarə Heyəti Ramiz Abutalıbovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Aki.az