Rasim Balayev - 75
İnsan ömrü təsadüflərlə doludur desək, yanılmarıq. Əslində isə təsadüfi dediyimiz hər bir məqam, an tale, qismətin yazdığı oyunlardır ki, buna da – ALIN YAZISI deyirik…
75 yaşın zirvəsinə yüksələn, bunun Uca Yaradan tərəfindən bir mükafat kimi qəbul edən qəhrəmanımız da həyatının enişli-yoxuşlu yollarında səbirlə, təmkinlə, mübarizə ruhuyla, illərdir eyni hisslərlə çıxdığı bu ömür yolunda pisi-yaxşını görərək, Xeyirlə-Şərin savaşını izləyərək irəliləməyə davam etdikcə, hər dəfəsində “Bu bir alın yazısıdır” dedi.
Söhbət əlbəttə ki, bütün fəxri titullara layiq görülməsinə baxmayaraq, təqdimata ehtiyacı olmayan, xalqın sevimli aktyoru, yüksək əxlaqi keyfiyyətlərilə milyonların sevgisini qazanmış Rasim Balayevdən gedir…
Azərbaycan xalqının görkəmli şair və filosofu, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin obrazını (“Nəsimi”) yaratmaqla kinoda ilk böyük işiylə xalqın sevgisini qazanan, Azərbaycan xalqının digər qəhrəman oğlu, görkəmli sərkərdə və siyasi xadim, qəhrəmanlıq simvoluna dönən Babək obrazıyla (“Babək” filmi) xalqa savaşçı ruhunu aşılayan, Beyrək obrazıyla vətənə məhəbbət, dostluq, qardaşlıq və sədaqət kimi yüksək hisslər tərənnüm edən, Cavid obrazıyla (“Cavid ömrü”) Azərbaycanın böyük şairi, repressiya qurbanı Hüseyn Cavidin keşməkeşli həyatından olan parçaların mənzərəsini gözlərimiz önündə canlandıran, Nicat obrazıyla (“Gözlə məni”) sıravi Qırmızı Ordu döyüşçüsündən dağ rayonunun fövqəladə komissarına qədər yüksələn gənc kəndli balası Nicatın taleyini, onun bəy qızı Şahnaz xanıma olan dramatik məhəbbət hisslərini yaradan və daha neçə-neçə obrazlarla təbii rənglər qataraq onu özünəxas şəkildə oynayıb böyük auditoriyaya təqdim edən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, Prezident təqaüdçüsü, “İstiqlal” ordenli Rasim Balayevin 75 yaşı tamam olur.
Kinomuzda yaratdığı qəhrəman obrazlar silsiləsi ilə “azərbaycançılıq” ideologiyasından çıxış edərək vətən, torpaq, millət sevgisini təbliğ etməklə gənc nəsilə vətənpərvərlik ruhu aşılayan, dövrün görkəmli rejissorları ilə əməkdaşlıq edərək dəyərli sənət nümunələri yaradan Rasim Balayev üçün kino sənəti daim zirvə hesab olunub. Eləcə də, sənət və sənətkarlıqda bir çox keyfiyyətlərin – təcrübənin, düşüncənin müdrikliyin, təqlid etmədən öz yolunutapmanın, ən önəmlisi isə yüksək əxlaqi keyfiyyətin birləşməsini vacib amillərdən biri hesab edib. Türkiyə, Almaniya, Cənubi Azərbaycan, Tacikistan, Özbəkistan, Moskva, Gürcüstan və başqa kinostudiyaların istehsal etdiyi bir çox filmlərdə maraqlı rollar yaradan Rasim Balayev, yalnız müsbət qəhrəmanları deyil, həm də cəmiyyətdəki mənfi tipləri yaratmaqla tamaşaçı auditoriyasını düşündürməyi bacarıb.
Maraqlıdır, Rasim Balayev aktyor olmasaydı, başqa hansı peşəni seçərdi? Görkəmli aktyorumuz müsahibələrinin birində bu suala maraqlı cavab verib: “Böyük ədəbiyyatda bütün həyatın boyu öyrənə biləcəyin dərin mənalar yatır. Kitablar bir növ mənimlə birgə böyüyüb. Gənclik illərində oxuduğum əsərlərin daha çox qatı, hərfi mənası mənim üçün səthi açılırdı. İllər keçdikcə isə həmin kitabları təkrar oxuyaraq, daxilən zənginləşməyə başladım. Əminəm ki, Nəsiminin, Puşkinin, Dostoyevskinin, eləcə də digər Azərbaycan və dünya klassiklərinin əsərləri səni bütün həyatın boyu müşayiət etməlidir. Ədəbiyyatı çox sevirəm. Aktyor olmasaydım, çox güman ki, radioda şeir oxumağa gedərdim. İllər öncə BBC radiosu üçün Cek Londonun, rus və Azərbaycan klassiklərinin əsərlərini oxuyurdum və bu məşğuliyyəti çox sevirdim”.
Ancaq qismətində aktyor olmaq, onlarla xarakterik obrazlara imza atmaq var idi…
Yeri gəlmişkən, Rasim Balayevin yaradıcılığı sadəcə aktyorluqla məhdudlaşmadı, Azərbaycan Kinematoqrafçılar İttifaqında fəaliyyətinə davam etdi. İttifaqın birinci katibi olaraq həyata keçirilən onlarla layihələrdə, tədbirlərdə, kinematoqrafçılar üçün hazırlanan proqramların həyata keçirilməsində böyük rol oynadı. Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun dünyasını dəyişəndən sonra Rasim Balayevin yeganə namizəd olaraq 11 may 2022-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin keçirdiyi iclasda sədr seçilməsi də ona Allahın bir alın yazısı idi, böyük məsuliyyətlərlə dolu bir yazı…
Həyatın öz ahəngi, öz qanunları var. Uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi olaraq önəmli layihələrə imza atmış sənətkarın sədr seçilməsi və onun AKİ sədri olmasını sadəcə kinematoqrafçılar deyil, xalqımız tərəfindən böyük sevgiylə dəstəklənməsi onun ömür yoluna salınmış bir işıqdır. O, sadəcə sənət haqqında düşünmür, dünyada baş verən hadisələri izləyir, haqsızlıqlara qarşı münasibət bildirir və deyir ki, planetimizin bəlalardan uzaq olmasını, insanların bir-birinə hörmətlə yanaşmasını istəyirəm: “Bu dünyada əbədi heç nə yoxdur. Heç birimiz əbədi yaşamayacağıq. Ölməz Rəşid Behbudovun ifasında sevə-sevə dinlədiyimiz, unudulmaz Cabir Novruzun sözlərinə yazılmış mahnıda deyildiyi kimi, tələsin insanlar, əldən tutmağa, fəqət ev yıxmaqda qalın geridə. Düşünürəm ki, dünyada haqsızlıq olmasa dünyamız çiçəklənər, həyatımız gözəlləşər. Kinematoqrafiya və digər sənət növləri insanları xoşbəxt etməyə borcludurlar. Sənət əsərləri mayak rolunu oynamalıdırlar”.
Özünü qəhrəman hesab etməsə də, qəhrəmanların obrazını yaradan, Azərbaycan xalqının sevgisini yaratdığı qəhrəman obrazları ilə yanaşı, eyni zamanda, yüksək mənəvi-əxlaqi keyfiyyətləri ilə qazanmış görkəmli sənətkarımız, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevi yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və tutduğu vəzifədə böyük nailiyyətlərə imza atmasını arzulayırıq!
AKİ.AZ