Rasim Balayev kino ittifaqlarının birləşməsinə münasibət bildirdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev APA-ya müsahibə verib.

Müsahibə zamanı Rasim Balayev özünün yaradıcılıq fəaliyyəti, AKİ-nin gördüyü işlər, film çəkilişləri və s. haqda sualları cavablandırıb.

Müxbirin “Azərbaycanda hazırda iki kino ittifaqı var. Siz bu vəzifəyə gələn kimi ittifaqların birləşdirilməsinin tərəfdarı olduğunuzu demişdiniz. Amma qarşı tərəf birmənalı olaraq bu fikri rədd edir” sualına, AKİ sədri:  “Başa düşmürlər ki, ölkədə iki kino ittifaqı ola bilməz, buna gərək yoxdur. Bunlar nə vaxtsa mütləq birləşdirilməlidir” deməsi növbəti sualı otaya çıxarır:

Müxbir: Tutaq ki, ittifaqlar birləşdirildi. Belə olan halda, rəhbər kim olacaq?

R.Balayev: Rəhbər kim olur-olsun. Mən birləşməyi ona görə demirəm ki, gedib rəhbər olum. Bizim ittifaqın bu il 65 yaşı tamam olur, onların isə 11. Onlarda vəzifə təyinatla olur, bizdə isə seçki ilə.

Müxbir: Sanki sizin ittifaq daha müstəqildir…

R.Balayev: İkimiz də müstəqilik. Bizi də, onları da dövlət müəyyən miqdarda maliyyələşdirir. Amma bir kino ittifaqı olmalıdır. Adının fərqi yoxdur, ittifaq olsun, birlik olsun, cəmiyyət olsun, nə olur-olsun. Amma olsun. Bir olsun. O biri ittifaq süni surətdə yaradılıb. Bunun tarixini, yəqin, siz də bilirsiniz. Bizim qurum dövlət qurumu deyil, ictimai təşkilatdır deyə, ləğv edə bilmədilər. Biz ayaqda durmağı bacardıq. Demək istədiyim odur ki, bir növ, bizim əksimizə gedib o ittifaqı kim təşkil edibsə, elə onlar da ləğv eləsin. Yaxud, ittifaqları birləşdirib seçki keçirsin, kimisə də rəhbər seçsinlər.

Kino Agentliyi yaradılandan sonra ittifaqların qalmasına gəlincə, R.Balayev qeyd edib ki, İttifaq kino çəkmir. İttifaqın kinoya dair şəxslərin yaradıcılıq problemləri və digər məsələləri həll etməklə bağlı müəyyən səlahiyyətləri var. AKİ-nin nizamnaməsində bütün bunlar öz əksini tapıb. Biz hər addımımızı ona əsasən həyata keçiririk. Burada, məsələn, filmlərin böyük ajiotaj yaradan müzakirələri aparılır. Bura, həm də yaradıcılıq evidir.

aki.az