Rasim Balayevin yaradıcılıq gecəsi keçirilib

Mayın 7-də Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçirilib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda təşkil olunan gecə AKİ sədrinin 75 illiyinə həsr olunub.

Yaradıcılıq gecəsində ölkənin tanınmış incəsənət nümayəndələri, Xalq artistinin sənət dostları, eləcə də sənətkarın pərəstişkarları, tələbələr və başqaları iştirak edirdilər.

Rasim Balayevin səhnəyə gəlişi tamaşaçı salonunu alqış sədalarına qərq etdi. Bir neçə dəqiqə səslənən alqış sədaları sənətkarı duyğulandırdı, əlini sinəsinə qoyaraq təzim edib hamıya təşəkkürünü bildirdi.

Xalq artisti öncə qeyd etdi ki, dünyaya göz açdığı gün avqust ayına təsadüf edir: “75 yaşımın tamam olmasına hələ bir neçə ay var. Bu gün Bakı Musiqi Akademiyasının Opera studiyasında keçirilən bu tədbir isə sadəcə tamaşaçılarımla görüş xarakteri daşıyır. Nə yubiley tədbiridir, nə də yaradıcılıq gecəsi. Tamaşaçılarla görüşdür sadəcə”.

Sonra Xalq artisti səhnəyə sənət dostu Elxan Qasımovu dəvət edərək bildirdi ki, yaradıcılıq gecəsini o, idarə edəcək.

E.Qasımov öncə tamaşaçıların diqqətini Rasim Balayevlə olan uzun illərin dosluğuna yönəltdi, sonra sənətdə qarşılaşdıqları çətinliklərlə yanaşı, önəmli layihələrə imza atdıqlarını da dilə gətirdi.

Daha sonra, ekranda Xalq artistinin yaradıcılığını əhatə edən videoçarx təqdim edildi.

Videoçarxda aktyorun “Azərbaycanfilm” kinostudiyası ilə yanaşı, digər studiyalarda çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

Nəhayət, söz salonda öz növbəsini gözləyən tamaşaçılara verildi.

Sənətə dair verilən suallar Xalq artistini bir qədər əvvələ qaytardı. Sənətə gəldiyi illər, yaratdığı rollar, müxtəlif xarakterlərdən çıxış edərək çəkildiyi filmlərdəki obrazlar, obrazlarla olan oxşarlıqlar, ümumiyyətlə, sırf sənət söhbəti gecəyə hakim kəsildi.

Doğrudur ki, vaxt məhdudiyyəti ilə əlaqədar olaraq Xalq artistinə ünvanlanan sualların hamısı üçün şərait olmadı. Ancaq o da xüsusilə qeyd olundu ki, növbəti görüşdə bütün suallar cavablandırılacaq.
Gecənin sonunda Rasim Balayev tamaşaçıları ilə xatirə şəkilləri çəkdirdi.

Xatırladaq ki, AKİ sədri Rasim Balayevlə növbəti görüş mayın 27-də yenə də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində olan Opera Studiyasında baş tutacaq.

aki.az