Rejissor Rza Siyami: “Azərbaycan vilayətlərində gənclərin çəkdiyi qısametrajlı filmlərin 90 faizi türkcədir”
Son illər İran filmləri dünya kinomotoqrafiyasının inkişafında xüsusi yeri olan bir sənaye birliyinə çevrilməkdədir. Dünya ölkələrində keçirilən ən önəmli festivallarda bu filmlər xüsusi başlıqlar altında təqdim olunur.
2010-cu ildən başlayaraq isə İran İslam Respublikasında Azərbaycan dilində film çəkilişlərinə start verilib. Öncə qısametrajlı filmlərdə Azərbaycan dili təqdim olunsa da, getdikcə bu təbliğat daha geniş xaraklter alıb və tammetrajlı bədii filmlərdə də özünü göstərməyə başlayıb.
Kinorejissor Rza Siyami Amerikanın Səsi radiosuna verdiyi müsahibədə qeyd edib ki, son dörd ildə gedişat düşündüyümüzdən daha sürətli və daha güclü irəlilədi: “Bu il İran Azərbaycanında çəkilmiş türkcə filmlərdən ikisi fevral ayında keçirilən Beynəlxalq Fəcr Kino Festivalında nümayiş etdirilib. Ərk qardaşlarının çəkdiyi “Dəri” filmi və Niki Kəriminin “Atabay” filmi. Mən o vaxt gedişata baxaraq düşünürdüm ki, ildə iki filmin çəkilməsi də çox çətin olacaq və iki filmə yetişsək yaxşıdır. Amma bu dörd ilin içində gedişat düşündüyümüzdən daha sürətli və daha güclü irəlilədi. İndi iki filmdən də çox çəkilib. Onlardan ikisi festivala alınıb”.
Rejissorun fikrincə, bu iki filmin festivala getməsi, mübahisə mövzusu olması və mükafat alması, türkcə filmlərdə irəliləyiş prosesini sürətləndirməklə yanaşı, həm də gücləndirəcək: “Bildiyimə görə, gələcək il üçün ən az altı-yeddi film planlaşdırılır. Hazırda Azərbaycan vilayətlərində gənclərin çəkdiyi qısametrajlı filmlərin 90 faizi türkcədir. Farsca film çəkən çox azalıb. İldə 50-dən çox qısametrajlı filmimiz türkcə çəkilir”.
R.Siyami onu da qeyd edir ki, İran Azərbaycanında çəkilən filmlərdə türk ruhu və kimliyinin olması rejissorlarımızın mədəniyyətimizə, ədəbiyyatımıza, mifologiyamıza və musiqimizə diqqət və mütaliələri və o ruhu dərk etmələri ilə birgə filmlərdə əks olunmalıdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı