Rejissor Ülviyyə Əhmədova “Keçmişdən soraq, gələcəyə səsləniş” filmlər müsabiqəsinin qalibi olub
Mayın 26-da milli mənəvi dəyərlərimiz mövzusunda “Keçmişdən soraq, gələcəyə səsləniş” qısametrajlı filmlər müsabiqəsinin yekun tədbiri keçirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə baş tutan müsabiqəyə təqdim edilmiş filmlər əsasən “Xalq yaradıcılığı – əcdadlarımızın yaradıcılıq irsi”, “Yüksək mənəvi-əxlaqi dəyərlər”, “Vətənə, torpağa məhəbbət”, “Milli təfəkkürün formalaşmasında milli adət-ənənələrin və mənəvi dəyərlərin rolu” mövzularında çəkilib.
Tədbirdə çıxış edən Naxçvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bildirib ki, müsabiqənin keçirilməsində məqsəd, gənc istedadların axtarışı və onların üzə çıxarılması, həvəskar müəlliflərdə kinoya marağın oyadılması, kino sənətinin təbliği, xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, həmçinin ümumbəşəri dəyərlərin təbliğidir.
Qeyd edək ki, müsabiqədə 15-35 yaşlı Azərbaycan Respublikasının vətəndaşları, eyni zamanda ölkədə təhsil alan əcnəbi tələbələr iştirak etmək hüququna malik idilər. Müsabiqənin əsasnaməsində göstərildiyi kimi təqdim olunan çarxlar 2021 – 2022-ci illərdə istehsal olunmalı, heç yerdə yayımlanmamalı və xronometrajı 20 dəqiqədən çox olmamalı idi. Peşəkarlarla yanaşı həvəskar müəlliflərin də iştirak etdiyi müsabiqəyə qəbul olunmuş qısametrajlı filmlər “Ən yaxşı rejissor işi”, “Ən yaxşı operator işi”, “Ən yaxşı ssenari” meyarları üzrə Münsiflər Heyəti tərəfindən 10 (on) ballıq sistemlə qiymətləndirilmiş, “Ən yaxşı rejissor işi” üzrə “Mən uşaq olmuşam” filmi ilə Ülviyyə Əhmədova, “Ən yaxşı operator işi” üzrə “Vətən bizik” filmi ilə Rəhman Allahverdiyev, “Ən yaxşı ssenari” üzrə “Anamdan bir yaylıq aldım” filmi ilə Bənövşə Afətli ən yüksək bal toplayaraq, müsabiqənin qalibi olmuşlar.
aki.az