Rodion İsmayılov - 55
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, prodüser Rodion İsmayılovun ad günüdür, 55 yaşı tamam olur.
R.İsmayılov 22 may 1966-cı ildə Tovuz rayonunun Köhnəqala kəndində anadan olub.
1998-ci ildə Sankt-Peterburq Dövlət Kino və Televiziya Universitetini kinorejissor ixtisası üzrə bitirib. Sankt-Peterburqda “Deboşirfilm studiyası”nın baş direktoru, “Nezavisimoye kino” fondunun prezidenti vəzifələrində çalışıb. 2009-cu ildən “DS Film” prodüser mərkəzində rejissor və prodüserdir.“Oliqarxiyanın dəmir dabanı” (1998) bədii filminin, “Nuhun gəmisi”, (2001) sənədli filminin, “Rejissor—Nikolay Akimov”, (2001) sənədli filminin prodüseridir. Rejissor kimi “Köç”, (2010 – sənədli film), “Mənim qohumum” (2012 – sənədli film) filmlərinə quruluş verib. Ssenari müəllifi və quruluşçu rejissoru olduğu “Bela Rudenko. “Mən xoşbəxt insanam!” (2013 – sənədli film) filmində görkəmli sovet opera ulduzu Bela Rudenkonun həyatına və yaradıcılığına həsr edib. Rejissor filmin çəkilişindən əvvəl Bela Andreyevnanın tərcümeyi-halıyla tanış olarkən onun çox xoşbəxt insan olduğunu, həyatda uğurun onu daim izlədiyini, yaradıcılığında bütün işlərin çox uğurlu alındığını öyrənib və buna əsaslanaraq da filmin adını “Bela Rudenko. Mən xoşbəxt insanam” adlandırıb.
R.İsmayılov ssenari müəllifi və rejissoru olduğu “Səyahət yoldaşları” sənədli filmini 2013-cü ildə, rejissor və prodüseri olduğu “Plaskart” tammetrajlı sənədli filmini isə 2016-cı ildə çəkib.
Xatırladaq ki, “Plaskart” filmi Avstriyanın” DER NEUE HEİMATFİLM “kinofestivalında” ən yaxşı sənədli film”uğrunda baş mükafata layiq görülüb. Avstriyanın Fraystadt şəhərində keçirilən kinofestivalda ən yaxşı sənədli film kimi tanınıb. Bundan başqa, film Avstriya festivalına paralel olaraq Serbiya və Hollandiyada keçirilən festivallarda, ümumiyyətlə isə 20-dən çox kinofestivalda nümayiş etdirilib, həmçinin çoxsaylı mükafatlar alıb. Film “Moskva-Vladivostok” qatarında təsadüfən rastlaşan sadə rusiyalıların həyat tarixçəsindən və taleyindən bəhs edir. 80 dəqiqə olan ekran əsərində müasir Rusiya cəmiyyətinin sosial portreti əks olunur.
Rodion İsmayılov deyir ki, film Rusiya vətəndaşlarının çoxmillətliliyini göstərir: “Qatarda təsadüfən görüşən sadə rusiyalılar və müasir Rusiya cəmiyyətinin sosial portreti filmin mövzusunu təşkil edir. Məqsədim heç də, “rusofil” və ya “rusofob” film çəkmək olmayıb. 7 gün plaskartla səfər edərkən kamera önündə olan insanları olduğu kimi çəkmək istədim və belə də etdim”.
Plaskartda çəkiliş aparmağın spesifikliyi səbəbindən filmdə səsi də rejissor Rodion İsmayılov özü yazıb. Belə ki, öncə qəhrəmanlarla tanış olub, onlarla söhbət edib, daha sonra isə qəhrəmanları kamera önündə səmimi etirafa hazırlayıb və bundan sonra çəkiliş prosesinə başlayıb.
Rejissor bildirir ki, “Filmi çəkərkən Rusiyanı anladınızmı”sualını verdi. Bu filmə qədər də bir məsələni tam olaraq anladım-İnsanları gözəldi, rəhbərləri idbar”
“Plaskart” filmi Rusiya cəmiyyətinin sosial portreti filmin mövzusunu təşkil edir. 80 dəqiqə olan ekran əsərində müasir Rusiya cəmiyyətinin sosial portreti əks olunur.
Azərbaycandan, onun qədim ənənələrindən bəhs edən “Köç” filmini isə rejissor avropalı tamaşaçı üçün nəzərdə tutduğunu bildirib. 52 dəqiqəlik ekran əsərinin çəkilişləri Tovuz və Daşkəsən rayonlarında aparılıb. Şəxsi vəsait hesabına çəkilən film bundan əvvəl də bir sıra beynəlxalq festivallarda nümayiş etdirilib. Filmin mahiyyəti ondan ibarətdir ki, müəyyən mənada dünyadan, sivilizasiyadan təcrid olunmuş çobanlar hər gün müxtəlif çətinliklərlə üzləşsələr də, qismətlərindən incimirlər, başqa tale arzulamırlar.
O, qeyd edir ki, çobanların keçdiyi yol, onların öz peşəsinə sevgisi və sədaqəti barədə film çəkmək ideyası Sankt-Peterburqda müəllifin “Darvinin övladları” filminin çəkilişi zamanı yaranıb. Və əlavə edib ki, Tovuz rayonunun Köhnəqala kəndində yaşayarkən evlərinin yanından qoyun sürüləri və çobanlar keçib gedən vaxtları xatırlamış və bu insanların yaylaqlardan qışlaqlara və geriyə köçərkən qət etdikləri məsafələri, dağlarda, elektrik işığının olmadığı şəraitdə daim çətinliklərlə üzləşməsindən bəhs edən sənədli film çəkməyi qərara almışdır: “Bu niyyətimi həyata keçirmək üçün Azərbaycana gəldim, Ceyrançöldə çobanları tapdım, söhbət etdim, həyatları barədə öyrəndim və çəkiliş qrupu ilə birlikdə bütün yolu onlarla bərabər qət etdim. Çobanlar təəccüblənir, bizim onlarla bərabər gedəcəyimizə inanmırdılar. Elə bilirdilər ki, biz bu çətinliklərə bir gün də tab gətirməyəcəyik. Lakin biz hər şeyə dözdük və onlarla bərabər Tovuzdan Daşkəsən rayonuna qədər 170 kilometrdən çox məsafəni qət etdik. Əsas məqsədimiz çobanların orada necə yaşamasını deyil, altı gün yol getmələrini lentə almaq idi”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından Rusiyada yaşayan soydaşımız, rejissor və prodüser Rodion İsmayılovu yubiley yaşı münasibətilə təbrik edir, sağlıqlı həyat tərzi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
aki.az