Rusiya kinoteatrları açır

“РИА НОВОСТИ”nin məlumatına görə, Rusiya Mədəniyyət Nazirliyi regional hakimiyyət orqanlarının razılığı ilə 13 iyuldan etibarən kinoteatrların açılmasına qərar verib. Əmri Rusiya Mədəniyyət naziri Olqa Lyubimova imzalayıb.

Ekspertlərin fikrincə, 2019-cu ildə kassa yığımları 55,5 milyard rubl təşkil etməsinə baxmayaraq kinozalların bağlanması, bir çox premyeraların 2021-ci ilə keçirilməsi və digər amillər göstəriciləri aşağı salıb. Hətta hesablamalara görə, kinoteatrların ümumi itkiləri 48 milyard rubl səviyyəsində gözlənilir.

Öz fəaliyyətini bərpa edən kino mərkəzləri Rusiya Federasiyasının “Rospotrebnadzor” xidməti tərəfindən quraşdırılmış sanitar-epidemioloji tələblərə və koronavirusun yayılmasının qarşısının alınması üzrə tövsiyələrə riayət etməlidirlər. Belə ki, bir zalda seanslar arasında ən azı 30 dəqiqə fasilələr olmalıdır və bu müddət ərzində kresloların təmizlənməli,  dezinfeksiya edilməli, eyni zamanda salon havalandırılmalıdır. Bundan başqa, tamaşaçılar standart təhlükəsizlik qaydalarına əməl etməlidirlər: tibbi maskalar və əlcəklər taxılmalı, yarım metrlik sosial məsafəyə əməl olunmalıdır.

Xatırladaq ki, Rusiya Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə ölkənin kinoteatrları pandemiya səbəbindən martın 23-dən öz işini dayandırmışdır.

aki.az