Rusiya Mədəniyyət Naziri və Aleksandr Kalyagindən Rüstəm İbrahiməbəyova təbrik məktubu

Bu gün dünya şöhrətli teatr və kino xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı, “Urqa – məhəbbət ərazisi” ekran əsərinə görə “Qızıl Şir”, “Günəşdən usanmışlar” filminə görə “Oskar” mükafatçısı, Azərbaycanın və Rusiyanın əməkdar incəsənət xadimi, hər iki ölkənin Dövlət mükafatı laureatı,  Azərbaycan Respublikasının “Şöhrət” ordeni, Rusiya Federasiyasının “Vətənə xidmətə görə” ordenlərinin, biri “Şərəf və ləyaqətə görə” olmaqla iki dəfə Rusiyanın “Nika” kinomükafatı sahibi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun doğum günüdür. Yaradıcılıq fəhmi, təşkilatçılıq əzmi bir an belə səngiməyən Rüstəm İbrahimbəyov kimi şəxsiyyətlərin varlığı yaşından asılı olmayaraq hər kəs üçün örnəkdir.

Və bu gün görkəmli azərbaycanlını təbrik edənlər arasında Rusiya Federasiyasının Mədəniyyət Naziri Olqa Lyubimova, Rusiya Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin də var. Bu da təbiidir; Rüstəm İbrahimbəyovun yaradıcılığı milli olduğu qədər dünyəvi, dünyəvi olduğu qədər millidir. Rusiya mədəni məkanı isə Rüstəm İbrahimbəyovun bir yaradıcı şəxs və ictimai xadim kimi fəaliyyətində xüsusi yer tutur.

Mədəniyyət Naziri O.Lyibimovanın imzasıyla R.İbrahimbəyova ünvanlanmış dövlət teleqram bunun sübutudur.

Teleqramda deyilir: “Hörmətli Rüstəm Məmməd İbrahim oğlu, doğum gününüz münasibətilə mənim səmimi təbriklərimi qəbul edin. Siz parlaq və səxavətli istedad sahibi olaraq ölkə incəsənətinin ən yaxşı ənənələrinin qorunub-saxlanmasına öz töhfənizi vermisiniz. Sizin əsərləriniz öyrədir, tərbiyə edir və ilhamlandırır. Sizin çoxşaxəli yaradıcı fəaliyyətiniz ən dərin etirafa layiqdir. Səmimi qəlbdən Sizə möhkəm can sağlığı, nikbinlik və öləziməyən ilham arzulayıram”.

Rusiya Teatr Xadimləri İttifaqının sədri, “Et Cetera” teatrının rəhbəri Aleksandr Kalyaginin imzasıyla göndərilən teleqram dost məktubu tərzindədir:

“Əziz Rüstəm! Səni doğum günün münasibətilə təbrik etməyə çox şadam. Və Sənə ilk növbədə möhkəm can sağlığı arzulayıram, indi bu ən ümdə məsələdir; elə bütün dövrlərdə bu arzu birinci yerdə olub. Ötən ili biz dəqiq heç vaxt unutmayacağıq. Pandemiya bizi uzun müddət evdə qalmağa məcbur etdi, artistlər üçün bu dözülməz idi. Ümid edirəm ki, ədəbi fəaliyyətlə məşğul olan Sənin üçün belə təcrid şəraiti o qədər də üzücü keçməyib. Amma əminəm ki, Sənə də çətin olub. Allah qoysa bu situasiya başa çatar və biz normal həyata qayıdarıq. Sənə bildirməliyəm ki, “Dumanlı səhər” uğurlu səhnə həyatı yaşamaqdadır. Teatralların yalnız 50 faizinə tamaşa zalına daxil olmağa icazə verilsə də, bu tamaşaya maraq böyükdür. Ümid edirəm, Sən özün də teatra gələcəksən və biz görüşəcəyik. Bir daha Sənə can sağlığı, sevinc, enerji və nikbinlik arzulayıram. Sənin bütün yaxınlarına can sağlığı. Qucaqlayıram, sənin Saşa Kalyagin”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kollektivi olaraq biz də əziz və hörmətli Rüstəm müəllimi ürəkdən təbrik edir, can sağlığı, hər şeyin ürəyincə olmasını arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı