RÜSTƏM İBRAHİMBƏYOV: 44 gün ərzində Azərbaycan hakimiyyəti diplomatiyanın ən ali səviyyəsini nümayiş etdirdi

CBC TV-nin “Kino ərazisi” verilişinin bu dəfəki buraxılışı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş iki ekran əsərinə – “Bir cənub şəhərində” və “Əlvida, cənub şəhəri!” filmlərinə həsr olunub.

Verilişin qonağı olan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov əsərlərinin ekran təcəssümünün tarixçəsi, hər iki filmin birmənalı qarşılanmaması haqqında danışır, qəhrəmanlarının xarakteri, bu və ya digər şəraitdə gəldikləri qərarları, atdıqları addımları təhlil edir, “Əlvida, cənub şəhəri!” filminin leytmotivinin onun çox yaxşı bələd olduğu və hədsiz sevdiyi öz Bakısı ilə vida ovqatına kökləndiyini, fərqi yoxdur, yerində və ya yersiz dəyişikliklərin yaratdığı doğma şəhərində yad duyğusundan qaynaqlandığını qeyd edir…
Və təbii ki, söhbət əsnasında doğan digər mətləblərdən də bəhs edilir. Rüstəm İbrahimbəyov “Bir cənub şəhərində” ekran əsərinin canlandırdığı Bakının “Sovetski” məhəlləsinin yazılmamış qanunlarlarından, “Sovetski” sakinlərinin şəhərin ümumi ab-havası ilə ayaqlaşmaq özəlliklərindən və heç bir halda özünəməxsusluqlarından vaz keçməmək xüsusiyyətindən danışaraq bu gün Yer planetinin hər bir sakinini düşündürən məsələlərə toxunur:
“…Bu gün müasir dünya elə bir vəziyyətə gəlib çatıb ki, sivilizasiyamızın inkişafı əngəlsiz ötüşmür. Bu artıq hər kəsə aydındır. Bəşəriyyətin ənənəvi mənəvi düzəni fəal şəkildə dağıdılır. Hətta bu pandemiya bəşəriyyətin davranışına təbiətin reaksiyasıdır. Bəşəriyyətin davranışı isə bərbaddır – yaşadığı mühiti dağıdan, məhv edən bir davranış haqqında başqa söz demək çətindir. Bu dağıtma, məhvetmə addımları bütün müqəddəs kitablarda – Qur’anda, İncildə, Tövratda yazılaraq xüsusi qeyd olunan və heç yerdə yazılmasa da var olan qayda və anlayışlara da aid olur – məsələn, cinslərarası münasibət, valideyn-övlad münasibətləri. Hər şey qədərində olanda gözəl olur. Bəşəriyyətin əsas qanunu harmoniyadır. Harmoniya isə hər şeyin qədərini bilmək xüsusiyyətinə dayaqlanır. Ona görə də yeni ilə köhnənin, ənənəvi ilə novatorluğun, süni ilə təbiinin, qorxu ilə cəsarətin – bu təzadların qarşıdurması elə həyatın özüdür. Və çox vacibdir ki, bu qarşıdurmada bir tərəf digərinə qalib gəlməsin və harmoniya qorunub saxlansın…”
Konkret olaraq “Bir cənub şəhərində” filminin baş qəhrəmanı Murad və onun ailə üzvləri, qonşuları, dostları, tanışları haqqında danışarkən Rüstəm İbrahimbəyov azadlıq məfhumu barəsində, insanın seçim hüququ, taleyinin həmmüəllifi olması haqqında düşüncələrini bölüşür:
“…Azadlıq əlbəttə yaxşı şeydir. Amma əndazəsin biləndə. Yolverilməzlik cızığını keçən azadlıq artıq azadlıq deyil, mənəviyyatsızlıqdır. İnsan mütləq şəkildə azad ola bilməz. Vətən qarşısında, ailən qarşısında öhdəliklərdən və ya əks cinslə ünsiyyətdə tamamilə azad olmaq necə mümkün ola bilər? Mütləq azadlıq ağlasığmazdır. Buna görə də fərdin azadlığını hər şeydən üstün tutan liberalizm əndazədən çıxmaq həddinə gəlib çatıb. Fərdin azadlığı çərçivəsiz olmamalıdır. Amma çərçivə anlayışının burda yalnız və yalnız harmoniyaya xidmət etdiyini unutmaq lazım deyil. Vicdanla ölçülən çərçivədir. Gəlin unutmayaq ki, etika adlı bu və ya digər cəmiyyətdə davranış norması mövcuddur. Və bu norma vicdan anlayışına çox yaxındır. Amma vicdan həm də tamamilə başqa bir məfhumdur. Vicdan təbiətən olan və ya olmayan bir keyfiyyətdir. Bir var dünyaya vicdanlı insan olaraq gələn şəxslər, bir də var tamamilə vicdansız və ya vicdanı zaman-zaman mürgüləyən insan kimi doğulmuş kəslər. Vicdanlı insanların hər hansı məhdudiyyətə, çərçivəyə ehtiyacı yoxdur. Çünki onların vicdanı var. Vicdansız kəsləri isə cəmiyyət buxovlamağa məcburdur və bunda pis bir şey yoxdur.
Əsas odur ki, harmoniya pozulmasın. Ən pisi isə bu harmoniyanın vicdansız kəslər tərəfindən pozulmasının qarşısını almamaqdır…”
Teletamaşaçılarla növbəti; axarıncı görüşünün yekununda Rüstəm İbrahimbəyov Vətən müharibəsində qazandığımız qələbə haqqında hiss-həyəcan və təəssüratlarını bir daha bölüşmək məmnunluğundan özünü məhrum etmir:
“…44 gün ərzində Azərbaycan hakimiyyəti diplomatiyanın ən ali səviyyəsini nümayiş etdirdi. Biz zəruri vaxtda zəruri gücə malik olduğumuzu dərk edərək bu gücün nəyə qadir olduğunu bütün dünyaya sübut etdik. Tarixi anların müəllifi olmağımızın mümkünlüyünü hər kəsə nümayiş etdirdik. 30 il idi ki bu mümkün deyildi. Mən hədsiz xoşbəxtəm, ölçüyəgəlməz dərəcədə qürurluyam ki, bu Zəfər nəhayət ki baş verdi -biz qalib xalq adını qazandıq…”

Verilişi buradan izləyə bilərsiz: https://www.youtube.com/watch?v=Jy74yxSITOI

aki.az