RÜSTƏM İBRAHİMBƏYOV: “AZƏRBAYCAN KİNOSU O QƏDƏR GENİŞ FƏALİYYƏTƏ MALİK DEYİL Kİ, EYNİ VAXTDA İKİ KİNO TƏŞKİLATI FƏALİYYƏT GÖSTƏRSİN”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Meydan TV-yə müsahibə verib. Müsahibədə AKİ-nin fəaliyətindən bəhs edən dramaturq qeyd edib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı peşə ittifaqıdır, peşə birliyidir: “Buna görə də İttifaqın fəaliyyəti kinodakı mövcud durum, kino problemlərini əhatə edir. Rüstəm İbrahimbəyov bir vətəndaş kimi, bir ziyalı kimi və ən nəhayət bir kinematoqrafçı kimi sadəcə uzun illərdir rəhbərlik etdiyi Azərbayan Kinematoqrafçılar İttifaqının işləri ilə məşğuldur və görüləcək işlər də çoxdur”.

Eyni vaxtda iki ittifaqın fəaliyyət göstərməsinin nə dərəcədə doğru olmasına gəlincə, R.İbrahimbəyov bildirib ki, Azərbaycan kinosu o qədər geniş fəaliyyətə malik  deyil ki, eyni vaxtda iki kino təşkilatı fəaliyyət göstərsin:

“Düşünürəm ki, bunu kim yaradıbsa, o da bu problemi həll etməlidir. Azərbaycan Kinematorafçılar İttifaqı 1963-cü ildə Azərbaycanın ən görkəmli kinematoqrafçıları tərəfindən yaradılıb və eyni ildən də fəaliyyətinə start verilib. O vaxtdan bu günə bir an olsun belə fəaliyyətimizə ara vermədik”.

Tezliklə AKİ-nin nəzdində Kino Məktəbinin fəaliyyətə başlamasını qeyd edən dramaturq “Yavaş-yavaş işlər  gedir, inanıram ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı kinodakı problemlərin həli üçün çox işlər görməlidir. Film çəkmək üçün mövzular çoxdur, sadəcə olaraq maliyyə məsələlərini həll etmək lazımdır ki, kinomuzu olduğundan da yüksək səviyyəyə yüksəldək”.