Rüstəm İbrahimbəyov: Kinomuzun keyfiyyətini qaldırmaq lazımdır

Oktyabrın 8-də Milli Kitab Sərgisi çərçivəsində kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla görüş keçirilib.

“Qanun” Nəşrlər Evinin təşəbbüsü ilə keçirilən tədbirdə kinorejissor fəxri qonaq kimi iştirak edib. Görüşdə həmçinin, sözügedən nəşriyyatın çap etdiyi R.İbrahimbəyovun  50 illik yaradıcılıq dövründə yazdığı pyeslərdən ibarət “Staroye i novoye”(“Köhnə və təzə”)  adlı iki cildliyinin təqdimatı da baş tutub.

“Qanun”  Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu çıxışında deyib ki, o, Rüstəm İbrahimbəyovun rusca çapdan çıxmış yeni kitablarının yaxın zamanda Azərbaycan dilində də yayımlanacağına ümidlidir: “Məncə, Rüstəm müəllim Azərbaycandan kənarda tanınmış ən böyük azərbaycanlıların arasındakı birincilərdəndir. Rüstəm müəllim, çox sağ olun ki, bizim fəxri qonağımız olmaq təklifimizi qəbul etdiniz. Bu gün bizim auditoriyanı, burada toplaşan yazarları, naşirləri, hamını bir şey maraqlandırır. Biz hansı ədəbiyyatı oxumalıyıq? Hansı əsərləri çap etməliyik? Biz necə bir ədəbiyyat yaratmalıyıq? Mən ümid edirəm ki, Rüstəm müəllim öz həyat təcrübəsi ilə, ədəbiyyat, yazıçılıq, yaradıcılıq, incəsənət barəsindəki fikirləri ilə hamımız üçün maraqlı olacaq bir söhbət edəcək”.

Kinorejissor çap olunan kitablarının satış qiymətinin bahalığından şikayətlənsə də,  çap təşəbbüsü üçün nəşriyyata təşəkkür edib və kitabını içindəkiləri belə xarakterizə edib: “Bu kitab mənim 50 il ərzində yazılan seçilmiş pyeslərimdir. Orada həmin pyeslərin taleyi ilə bağlı qısa bir müəllif çıxışı var. Kitabdakı pyeslərin bir çoxu həm Avropanın, həm də Amerikanın ən müxtəlif teatrlarında qoyulmuş əsərlərdir”.

Qısa çıxışdan sonra Rüstəm İbrahimbəyov dinləyicilərin suallarını cavablandırıb. “Azərbaycan ədəbiyyatında ən son oxuduğunuz hansı əsərdən təsirlənmisiniz?” sualına cavab verərkən, o, 3 Azərbaycan yazıçısının adını çəkib: “Məncə, hələlik Azərbaycan ədəbiyyatının əsas adları bu şəxsiyyətlərdir: Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov. Üzeyir bəyin adını çəkməyim sizi təəcübləndirməsin. Onun yazdığı iki libretto var, bu günədək Azərbaycanda heç kim dramaturgiyanı o səviyyədə yaza bilməyib. Mən “O olmasın, bu olsun” u nəzərdə tuturam. Mən Cəlilin  pərəstişkarıyam. Bu sadə, mən deyərdim ki,  ruha yaxın üslub mənə çox doğmadır və mən Cəlildən çox şey öyrənmişəm. Mən onu tez-tez oxuyuram. Əlbəttə ki, mən düşünürəm ki, Mirzə Fətəli Axundov Azərbaycanın ən böyük ədəbiyyatçılarından biridir. O, faktiki olaraq, bu gün bizim istifadə etdiyimiz dilin yaradıcısıdır”.

Dinləyicilərdən kinoresjissora “Yeni pyeslər yazıb, onları yenidən Rus Dram Teatrında səhnəyə qoymağı düşünürsünüzmü?” sualını verən də olub: “Bu kitabların içində mənim yeni pyeslərim də var. Onlar zaman-zaman Rus Dram Teatrına da gedib çıxır. Məncə, onlara mənim pyeslərimi qoymaq maraqlı olsaydı, bunu edərdilər. Aydındır ki, onlar əvvəllər mənim əsərlərimi Bakıda mənə olan münasibətə görə qoymurdular. Amma indi artıq 2 ildir ki, mən Bakıdayam və mənə münasibət çox yaxşıdır. Ona görə də məncə, Rus Dram Teatrı istəsə, bu əsərləri yenidən səhnəyə qoya bilər”.

Tədbiri “Facebook” üzərindən canlı izləyən tamaşaçılardan biri R.İbrahimbəyova belə bir sual göndərib: “Bir zamanlar eyni məkanda yaşadığımız Ukrayna, Belarus, Rusiyadan Nobel mükafatına namizədlər və ya laureatlar olsa da, sizcə, niyə Azərbaycanda belə adlar yoxdur?” Suala cavab verərkən, dramaturq kino sahəsindəki islahatların nəticəsini də şərh edib: “Bu sual mənə başqa bir şeyi də xatırlatdı. Bizdə bəzi rejissorlar film çəkməyə başlayanda, deyirlər ki, “Mən bunu Kann festivalı üçün çəkirəm”. Bir başqası deyir ki, mən bunu “Oskar” üçün çəkirəm. Bu, yanlışdır. Kinomuzun keyfiyyətini qaldırmaq lazımdır. Bu gün bizim gənc rejissorlarımız bu prosesin uğurlu olacağı ilə bağlı mənə  ümid verir. Amma Mədəniyyət Nazirliyi həmişəki kimi yenə də bu işdən kənarda qalıb. Onlar nə ilə məşğuldur, mən bilmirəm. Təzə vəzifəyə gələn Rüfət Həsənov çox istedadlı rejissordur, yaxşı prodüserdir. Amma görünür, ona işləməyə imkan vermirlər. 5-6 ildir bizdə “islahat, islahat” söhbətləri gedir. Axırda şöbənin adını dəyişdilər, bu da oldu bizim islahat. Qayıdaq “Nobel” və ya “Oskar” mükafatlarına. Bunlar təsadüfi şeylərdir. Dünyada çox ölkələr var ki, onların çox keyfiyyətli filmləri var, amma “Oskar” almayıblar. Eyni şeyi “Nobel”ə də aid etmək olar”.

“Azərbaycanda film çəkilmir!” deyən tamaşaçıya kinorejissor belə cavab verib: “Siz yəqin ki, müstəqil filmlər çəkən rejissorlarımızı tanımırsınız. Məsələn, siz “Pərdə” filmlərinə baxmısınız? “Pərdə” 3 hissədən ibarətdir. Mən onun ikincisinə baxmışam. Çox peşəkarcasına çəkilib. Maraqlı hekayədir. Bizim bir neçə istedadlı rejissorlarımız var. Rüfət Həsənov, Elvin Adıgözəl, Hilal Baydarov. Siz Elvin Adıgözəli tanıyırsınız? Hilalı tanıyırsınız? Bu adamları tanıyan yoxdur. Çünki prokat yoxdur. “Pərdə”ni tanıyırlar, çünki arada göstərilib. Amma digərlərini tanımırlar. Məsələn, Rüfət Həsənovun “Daxildəki ada” filmi Sarayeva filmfestivalında yaxşı qəbul olundu. Burda mənim dostum əyləşib, Mirbala Səlimli. Onun yaxşı filmləri var. Məsələn, “Qırmızı bağ”, “Odla qol-boyun” baxmısınız bu filmlərə? Asif Rüstəmovun filmlərinə baxmısınız?  Tanıyırsınız onu? Acınacaqlı vəziyyətdir ki,  siz (sual verən tamaşaçını nəzərdə tutur- İ.L.A.) özünüz həm də incəsənət xadimisiniz, amma yeni filmlərdən xəbəriniz yoxdur”.

Sual-cavabdan sonra müəllif oxucular üçün  kitablarını imzalayıb.

İzolda Lalə Ağayeva