Rüstəm İbrahimbəyov: QARABAĞ - AZƏRBAYCANDIR!
Rusiya ziyalıları arasında Azərbaycanın azsaylı dostlarından biri, başqa sözlə, haqqı nahaqqın ayağına verməyən siyasətçi, jurnalist, teleaparıcı, dövlət və ictimai xadim Maksim Şevçenko dünyaşöhrətli azərbaycanlı kino və teatr xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovla söhbətləşib. Təbii ki, söhbətin kökləndiyi əsas dalğa son bir aya yaxın müddətin əhvalı olub.
R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi”, “Günəşdən usanmışlar”, “Urqa – məhəbbət ərazisi”, “Sibir bərbəri” və s. ekran əsərlərinin sovet və Rusiya kinosuna gətirdiyi beynəlxalq səviyyəli uğurları xatırladan M.Şevçenko Kann və Venesiya festivallarının parlaq simalarından biri ilə bu dəfəki görüşünün sənət sevincləri ilə bağlı olmadığını təəssüflə qeyd edir və indiki vəziyyətdə Ermənistan-Azərbaycan müharibəsinin yeni mərhələsindən danışmaq məcburiyyətində olduğunu, bir aydan az davam etməkdə olan hərbi əməliyyatlar nəticəsində nəinki hərbçilər arasında, həm də dinc əhali, məsələn, gəncəlilər arasında itkilərin çox olduğunu təəssüflə vurğulayır.
Rüstəm İbrahimbəyov M. Şevçenkonun “bir azərbaycanlı kimi sizinçün bu müharibə nədir?” sualına cavabının yalnız və yalnız özünün şəxsi həyat təcrübəsinə dayaqlandığını deyir. Sual ətrafında məhz bu baxış bucağından fikir yürüdərək R.İbrahimbəyov son illər əlaqələrinin xeyli zəiflədiyi erməni dost-tanışlarından da bəhs edir və deyir ki, onlar üçün sağlam düşüncəni ifadə etmək, əsassız ərazi iddiasının puçluğunu dilə gətirmək “Asala” və “Daşnaksütyun” terror təşkilatlarının qurbanına çevrilmək anlamına bərabərdir.
R.İbrahimbəyov: “Məsələnin kökünə baxanda nə görürük? Görürük ki, dar düşüncəli dırnaqarası vətənpərvər millətçi ermənilər Azərbaycana ərazi iddiası ilə çıxış ediblər. Dağlıq Qarabağ Azərbaycan ərazisidir, əzəli Azərbaycan torpağıdır. İndi söyləcəyim fikri mənim azərbaycanlılarım qəbul etmirlər. Lakin mən hesab edirəm ki, biz ermənilərə Dağlıq Qarabağa aid fərqli nöqteyi-nəzərdə olmağı (bu təyini xüsusi vurğulayır-S.M.) qadağan edə bilmərik, amma bu nöqteyi-nəzər təbii ki, yalnız elmi araşdırmalar, tarixi isbatlar, dəlillərə əsaslanan sübutlar çərçivəsində məqbul sayıla bilər” (beləliklə, R.İbrahimbəyov belə bir nöqteyi-nəzərdə olmaq icazəsini ermənilərə verməklə əslində onları çıxılmazlıqla üz-üzə qoyur – bəllidir ki, heç bir tarixi-elmi araşdırma bu nöqteyi-nəzərə müsbət cavab verə bilməz-S.M.).
R.İbrahimbəyov mövzuya aid fikirlərini açıqlamağa davam edərkən vəziyyətin ağlasığmazlığından doğan emosiyalarını gizlətmir, Ermənistanın ərazi tələblərini hərbi təcavüz şəklində həyata keçirməyi cinayət, həm də təkcə azərbaycanlılara qarşı deyil, bütün dünyaya və ermənilərin özlərinə qarşı cinayət olduğunu bəyan edir. Üzdəniraq müəyyən erməni dairəsinin sadəcə bizdən torpaq qoparmaq fikrinə düşdüyünü, bunu ümumxristian maraqlarının diktə etdiyini, ermənilərlə azərbaycanlıların bir yerdə yaşamalarının mümkünsüzlüyü kimi miflərlə bütün millətin beynini zəhərlədiyinə, Dağlıq Qarabağla yanaşı ətraf yeddi rayonu da işğal etməsinə baxmayaraq, böyük hesabla heç nə qazanmadığına, əksinə itirdiyinə diqqət çəkir. Qeyd edir ki, 26 il idi biz erməniləri inandırmağa, yola gətirməyə çalışdıq ki, onların o əraziləri Ermənistan ərazisi hesab etməsi cəfəngiyyatdan başqa bir şey deyil və müxtəlif beynəlxalq səviyyəli sənədlər onların işğalçılıq aktı törətdiyini, bizim isə ərazi bütövlüyümüzü tanıyır; başqa sözlə, bu tərzə son qoymalı və əzəli Azərbaycan torpaqlarını tərk etməlidirlər. Müharibənin Azərbaycan ərazisində getdiyini və təbii ki, günahsız, dəyərli insanların həlak olması ilə müşayiət edilən bu halın ən yaxın zamanda bitməsini arzulayan R.İbrahimbəyov bu gün istisnasız olaraq bütün azərbaycanlıların Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edir, ölkə başçısının mövcud vəziyyətdəki mövqeyini vurğulayaraq deyir: “Azərbaycan Prezidenti bacarıqlı dövlət başçısı, bilikli, savadlı siyasi xadim kimi Azərbaycanın mövqeyini bir neçə dildə çox aydın, çox dəqiq, çox inandırıcı şəkildə ifadə edib bildirir ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarsın, danışıqlar masası arxasına keçək və azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasını, Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq muxtariyyət dərəcəsini və Ermənistanla əlaqələrinin xassəsini müzakirə edək. Amma bu danışıqlar ətraf 7 rayon qaytarıldığı və Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi, Azərbaycanın ayrılmaz hissəsi olması Ermənistan Respublikası tərəfindən tanınandan sonra mümkün ola bilər, əks halda heç bir danışıqdan söhbət belə gedə bilməz”.
M. Şevçenkonun “bəs ermənilərin Azərbaycana qayıdışı?” sualına cavab olaraq Rüstəm müəllim təbii ki, bunun da nəzərdə tutulduğunu deyir, xatırladır ki, ötən əsrin 40-cı illərinin sonundan başlayıb 80-ci illərinin sonunda növbəti dalğa ilə davam edən hal azərbaycanlıların tarixi yurdlarından – Ermənistandan qovulmasından ibarətdir, ona görə qayıdış ikitərəfli, qarşılıqlı olmalıdır.
R.İbrahimbəyov: “Bilirsiz, bir çox gözəl nəsnələrə insanları sövq etmək lazımdır. Erməniləri də sülhə sövq etmək zəruridir. Bu mənada dünya ictimaiyyətindən, onun bir hissəsi olan və özümün də müəyyən mənada aid olduğum Rusiya liberal ziyalılarından çox böyük narazılığım, onlara çox böyük iradlarım var, özlərini çox ədəb-ərkansız aparırlar – onlar guya əmin-amanlıq tərəfdarıdırlar, amma aşkar faktı görməməzliyə qoyurlar: müharibə Azərbaycan ərazisində gedir və işğal altında olan bütün ərazilərimiz qaytarılmalıdır. Son 30 ildə hər bir azərbaycanlı kimi mənim də içimi dərin bir alçaldılma hissi yeməkdə idi. Xaraktercə döyüşkən, mübariz insanam. Son illər isə özümü elə hiss edirdim ki, sanki məni nahaqdan döyüblər, evimdən qovublar və bunu edənlər cəzasız qalıb… Təbii ki, hər bir dərrakəli insan kimi bu halına görə erməni xalqını günahlandıra bilmərəm. Günahkar yalnlz bayaq dediyim Ermənistan hakimiyyətindəki üzdəniraq saxta millətçi vətənpərvərlər dəstəsidir”.
Həmsöhbət olaraq R.İbrahimbəyovla M. Şevçenko türkdilli millətlərin erməniləri soyqırıma məruz qoymaq haqqındakı mülahizələrin heç bir əsası olmadığını qeyd edirlər. M.Şevçenko konkret olaraq Moskva liberal ziyalılarının niyə məhz ermənilərin tərəfində olmasını onların Osip Mandelştamın İrəvan haqqında nəzm əsərinin ruhunda böyüməsi ilə izah edir. Alternativ olaraq aparıcı Boris Kornilovun bir şeirində Bakının adının çəkildiyini deyir, Vladimir Mayakovskinin, Sergey Yeseninin Bakı ilə bağlı silsilə poetik nümunələrini isə xatırlatmır. Bu arada söhbət Mandelştamın İrəvan haqqındakı poetik nümunəsinə baxmayaraq, bütün dünya yəhudilərinin Azərbaycanın haqlı olduğunu etiraf etməsindən düşür və qeyd olunur ki, bunun səbəbi çox sadədir: bir çox digər ölkələrdən fərqli olaraq yəhudilər Azərbaycanda bütün zamanlarda çox rahat yaşayıblar, həmçinin digər millətlər, çünki “Azərbaycan beynəlmiləlçiliyi” deyilən bir bəşəri sərvət mövcuddur.
Söhbət əsnasında R.İbrahimbəyov Sumqayıt hadisələrinə qayıdaraq Ermənistandan qovulmuş azərbaycanlıların sıx yerləşdirildiyi Sumqayıtda o təxribatın sovet xüsusi xidmət orqanlarının planı ilə o vaxtkı AXCP iqtidarının Türkiyə ilə yaxınlaşmaq siyasətini darmadağın etmək məqsədilə baş verdiyini və Sumqayıtın erməni əhalisinin qətllərini törədənlərin əslində erməni əsilli keçmiş məhbuslar olduğu halda bu cinayəti azərbaycanlıların ayağına yazmaq kimi yaramazlığını da vurğulayır. Kinodramaturq bu hadisənin də yaradıcılığında yer aldığını, “Ramiz və Cülyetta” adlı ssenari qələmə aldığını deyir…
Hazırladı: SAMİRƏ MƏMMƏDLİ
Müsahibənin tam versiyası aşağıdakı linkdə: