Rüstəm İbrahimbəyovun filmləri – “Özgə ömür”

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz 1987-ci ildə çəkilən “Özgə ömür” filmidir.

İnstitutun hörmətli rektorunun ictimaiyyətin və ailəsinin bildikləri həyatdan əlavə, gizli məhəbbətlə dolu başqa bir ömür yaşamasından bəhs edən filmin quruluşçu rejissoru Rasim Ocaqovdur.

Qeyd edək ki, rejissorlar arasında daha çox Rasim Ocaqovla əməkdaşlıq edən dramaturq, onun iş üslubunu yüksək səviyyədə qəbul etdiyini bildirib.

 

RASİM OCAQOV: MƏNİM MÜBARİZƏ ÜSULUM NAMUSLU FİLMLƏR ÇƏKMƏKDİR

 

Görkəmli rejissor Rasim Ocaqov rejissor kimi 12 bədii filmə quruluş verib. Rejissorluğa başladığı andan qarşısına məqsəd qoyan R.Ocaqov deyirdi ki, həyatda hər şey biz istədiyimiz kimi olsaydı, yəqin ki, onda maraqsız olardı: “Hər an unutmamalıyıq ki, həyatın faciəvi notları da olur. Əgər biz belə məqamların az olmasını istəyiriksə, onları ört-basdır etməməliyik. Əgər nöqsanların aradan qaldırılmasını istəyiriksə həll olunmamış kəskin problemlərdən yaxamızı kənara çəkməməli, onları islah etməli, nöqsanlara qarşı barışmaz olmalı, onlarla mübarizə aparmağı bacarmalıyıq. Şəxsən mənim mübarizə üsulum namuslu filmlər çəkməkdir. Mən bir rejissor olaraq quruluş verdiyim “Qətldən yeddi gün sonra”, “Park”, “Ölsəm, bağışla”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və bu gün haqqında danışacağımız “Özgə ömür” filmlərində buna can atmışam. Təbii ki, gələcək filmlərimdə də buna səy göstərməyə çalışacağam, yəqin ki, buna gücüm çatar”.

Adları çəkilən filmlər arasında “Özgə ömür” filmində şəxsiyyətin ikiyə bölünməsi faktı ilə üzləşirik: “Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik edən Fariz Rzayevin, təzadlı həyat sürən insanın faciəsindən bəhs edir. Bir tərəfdən o, iş yoldaşı ilə bir-birlərinə məhəbbət bəsləyən əməkdaşın məsələsini özü üçün ayırd etmədən, onu əxlaq pozğunluğu adı altında işdən qovur, digər tərəfdən özü tənha qonşu qadınla gizlin məhəbbət əlaqələri qurur. Necə deyərlər, öz gözündə tiri görmür, başqasınınkında tük axtarır. Belə bir süjet xətti ilə davam edən film təbii ki, tamaşaçını düşündürür və nəticə çıxarmağa kömək edir”.

Yeri gəlmişkən, “Özgə ömür”dən əvvəl Rasim Ocaqov Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Park” filminə quruluş vermişdir.

Rejissor deyirdi ki, “Park” filmindən sonra hansı mövzuya müraciət etməyi çox götür-qoy etdik: “Axırda Rüstəm mənə dedi ki, belə bir ideyam var. O, öz ideyasını libretto şəkildə yazaraq mənə göstərdi və təbii ki, mən çox bəyəndim. Bundan sonra Rüstəm filmin ssenarisini yazdı. Mən ssenarini də çox bəyəndim. Çünki çox dəyərli, mənalı, düşündürücü formada qələmə alınmışdır. Ssenari Bədii Şura, eyni zamanda isə Moskva tərəfindən də qəbul edildi. Bundan sonra isə artıq rejissor ssenarisi üzərində iş aparmağa başladım. Rüstəm İbrahimbəyov bir ssenarist olaraq quruluş verəcəyim hər hansı bir filmin ssenarisini yazarkən mənim rejissor zövqümü, rejissor baxışımı əsas götürür. Bu baxımdan da “Özgə ömür” filminin ssenarisi üzərində işləyərkən, dəyişiklik etməyə bir o qədər də ehtiyac qalmamışdı. Buna görə də tez bir vaxtda filmin çəkiliş proseslərinə başladıq. Deməli, 1986-cı ildə çəkilişlərə başladıq, 1987-ci ildə isə film istehsalata buraxıldı”.

 

RÜSTƏM İBRAHİMBƏYOV TƏLƏBƏ VAXTI GÖRDÜYÜ HADİSƏLƏRİ QƏLƏMƏ ALIB

 

Rüstəm İbrahimbəyov ilk təhsilini Neft və Kimya İnstitutunda alıb və  tələbəlik illəri çox maraqlı keçib. Tələbə yoldaşlarından fərqli olaraq o,  öz müşahidə qabiliyyəti ilə ətrafında cərəyan edən hadisələri diqqətlə müşahidə edib.

Rasim müəllim deyirdi ki, ssenaridə olan bir çox hadisələr Rüstəm İbrahimbəyovun tələbəlik illərində yaddaşına həkk olunan hadisələrdən yaranıb: “O, Neft və Kimya İnstitutunda təhsil aldığı üçün oradakı təhsil sisteminə və bu sistemdə baş verənlərə də yaxından bələd idi. Ancaq buna baxmayaraq konkret olaraq hər hansı bir institutu hədəf mənbəyi seçə də bilməzdik. Çünki filmin ssenarisi bir çox hadisələrin birləşməsindən əmələ gəlmişdi. Əslində isə hadisələrin cərəyan etdiyi institut, Neft və Kimya İnstitutu da ola bilərdi, Politexnik də ola bilərdi və s. Biz elə etdik ki, hər hansı bir institutun adı hallandırılmasın”.

Adətən əksər ssenaristlər, ssenariləri üzrə çəkilən filmin çəkilişində yaxından iştirak edir. Ancaq Rasim Ocaqovun dediyinə görə, Rüstəm İbrahimbəyov “Özgə ömür” filminin, eləcə də ssenariləri üzrə çəkilən digər filmlərin çəkilişinə çox az-az hallarda qatılıb: “Təsəvvür edin ki, filmin bütün çəkiliş vaxtı Rüstəm bir dəfə gəlib hazırlıq proseslərinə baxırdı və bununla da hər şey bitirdi. Ancaq mən çalışırdım ki, çəkdiyim materialları ona göstərim. Çəkiliş vaxtı heç olmasa iki dəfə Rüstəmlə görüşür və çəkdiyim materialları ona göstərirdim. Çox vaxt da onu məcbur edərək çəkilən materiallara baxmasını xahiş edirdim. Təbii ki, Rüstəm İbrahimbəyov çəkilən materialları 99 faiz bəyənir və lazım olan məsləhətlərini də verirdi”. Rüstəm İbrahimbəyovun Rasim Ocaqova inanması, çəkiliş vaxtı rejissor işinə az müdaxilə etməsi onun iş prinsipinə yaxından bələd olmasından irəli gəlirdi. Təbii ki, qarşılıqlı yaradıcı fəaliyyətin bir-birini tamamlamasının nəticəsi idi ki, onların birgə əməkdaşlığı nəticəsində ən gözəl sənət nümunələri yaranıb.

 

AKTYORLARIN ƏKSƏRİYYƏTİ FİLMƏ SINAQSIZ ÇƏKİLİB

 

Digər rejissorlardan fərqli olaraq Rasim Ocaqov quruluş verdiyi hər bir filmin hazırlıq prosesi zamanı çox az-az hallarda sınaq çəkilişlərinə üstünlük verib. Eləcə də “Özgə ömür” filminin çəkilişində aktyorların əksəriyyəti sınaqsız çəkilib: “Zənnimcə, aktyorları yaxından tanıdıqdan sonra, onların iş fəaliyyətini dərindən bildikdən sonra heç bir sınaq çəkilişinə ehtiyac olmamalıdır. Bir də ki, dəfələrlə filmlərimə çəkdiyim aktyoru nəyə görə yenidən hər hansı bir rola sınaq etməliyəm ki? Sadəcə olaraq aktyoru hər hansı bir rolda görürəmsə ona da çəkirəm. Kalyaginlə artıq dördüncü dəfə idi ki, çalışırdım buna görə onun Fariz obrazının öhdəsindən gələcəyinə əmin idim. Eləcə də Fəxrəddin Manafovun, Hacı İsmayılovun, Nuriyyə Əhmədovanın aktyor talantlarına bələd olduğum üçün onları da sınaq etmədim. Onların da hər birini əvvəlki filmlərimə çəkmişdim. Əlbəttə ki, adlarını çəkdiyim aktyorların heç birini itirmək istəmirdim, buna görə də öz-özlüyümdə planlaşdırmışdım ki, hələ onların hər biri ilə çox işləyəsi olacağam”. Ancaq çəkiliş vaxtı filmdə ilk dəfə çıxış edən, Rasim Ocaqovla ilk dəfə yaradıcı əməkdaşlığa başlayan aktyorlar da olub: “Misal olaraq İrina Kurçenkonun, Liya Axecakovanın adlarını çəkmək istərdim. Hər iki aktrisa Moskvada tanınmış sənət adamlarındandırlar. Hər iki aktrisanın yaradıcılığını onların çalışdıqları teatrdan izləmişdim. Buna görə də onları oynadıqları rollara sınaqsız təsdiq etdim. Çəkiliş vaxtı başa düşdüm ki, yanılmamışam”.

 

ALEKSANDR KALYAGİNƏ GÖRƏ FİLMİN BİR NEÇƏ KADRI MOSKVADA ÇƏKİLİB

 

Filmin çəkilişlərinin bir qismi Bakıda, digər qismi isə Moskvada lentə alnıb.

Qeyd etdiyimiz kimi, filmdə Moskva aktyorları da iştirak edir. Onlar arasında Fariz obrazının iştirakçısı Kalyagini xüsusilə qeyd etmək lazımdır. Çünki Rasim Ocaqovla Kalyaginin əməkdaşlığı bu filmin çəkilişindən çox-çox əvvələ təsadüf etmişdir. Kalyagin Rasim müəllimin 4 filmində (“Park”, “İstintaq”, “Bağlı qapı arxasında” və “Özgə ömür”) çəkilib.

Rejissor qeyd edirdi ki, “İstintaq” filmi haqqında danışdığımız zaman Aleksandr Kalyaginin talantlı olduğu üçün çox gərgin iş rejimi ilə çalışdığı barədə geniş məlumat vermişdim: “”Özgə ömür” filminin çəkiliş zamanı Kalyaginin ağır iş rejimi bizi məcbur etdi ki, çəkilişin bir neçə kadrını Moskvada lentə alaq. Moskva Bədii Akademik Teatrının(MXAT) aktyoru olduğu üçün teatrda olan işləri-gündüz məşqləri, axşam isə tamaşaları demək olar ki, Kalyaginin əsas vaxtını alırdı. Bu baxımdan da rejissorlar onu filmə dəvət etdikləri vaxt lazım olan bütün şəraiti yaratmaq məcburiyyətində qalırdılar. Ona görə məcburiyyət deyirəm ki, əgər hər aktyora bu cür şərait yaratsaq onda yaradıcı heyətin işi çətinləşə bilər. Ancaq bir aktyor üçün, xüsusilə də filmin baş qəhrəmanı üçün lazım olan şəraitin hamısı yaradılmalıdır. Kalyagin üçün Moskvada apardığımız çəkilişlər əsasən pavilyon çəkilişləri hesab olunurdu ki, bunu da quraşdırmaq üçün M.Qorki adına kinostudiyada yer almışdıq”.

Qeyd edək ki, Kalyaginin(Farizin) bağlı səhnələrdə apardığı söhbətləri M.Qorki adına kinostudiyada qurulmuş dekorasiyalardan ibarət otaqda lentə alınıb: “Aleksandr Kalyagini bir aktyor kimi çox sevirəm. Bildiyiniz kimi mən quruluş verdiyim filmlərdə çox böyük aktyorlarla birgə çalışmışam. Kalyagin də onlardan biridir”. Ancaq kənardan aktyor dəvət etməni çox vaxt qısqanclıqla qarşılayanlar da olurdu: “Bu, doğrudan da, belədir. Təbii ki, mən öz filmlərimə kənar studiyadan aktyor dəvət etməyimə heç də peşman deyiləm. Qaldı ki, Kalyagin kimi aktyora, onunla işləmək, yenə də təkrar edirəm çox xoşdur. Gün ərzində bütün saatını ancaq yaradıcı fəaliyyətə yönəldən, axşamı isə ancaq çəkiliş meydançasında olan bir aktyorun gərgin iş rejimində yorulmadan çalışması özü böyük hünərdir. Belə aktyorla işləmək hər bir rejissor üçün xoşdur. Kalyaginlə birgə əməkdaşlıq etdiyim filmlərdə həmişə müşahidə etmişəm ki, o, bir aktyor kimi çəkiliş vaxtı, ümumiyyətlə götürdükdə isə iş prosesi zamanı heç bir yorğunluq hiss etmir və yaxud hiss etdirmir, ancaq o zaman ki, istirahət üçün vaxt ayrılır, bu zaman dəhşətli dərəcədə yorğun olduğunu istər-istəməz büruzə verir. Yəni, hər adam belə bir ağır iş rejimi ilə çalışa bilməz. Bu cür gərgin çalışmaq üçün yüksək iradə gücü lazımdır”.

 

MOSKVA BƏDİİ ŞURASINDAN ETİRAZ

 

Filmin hazırlıq işləri bitdikdən sonra Moskvaya təhvil verilir. Moskvada filmə qısa baxış keçirilir və bundan sonra qurumun üzvləri fikir mübadiləsi keçirir. Rejissorun adını unutduğu üzvlərdən biri əvvəlcədən ona bildirir ki, yanlışlığa yol vermisən: “Mən yanlışlığın nədən ibarət olduğunu ondan soruşanda o, “yığıncaqda deyərəm” dedi. Düzü onun sözlərinə o qədər də əhəmiyyət vermədim, çünki quruluş verdiyim hər bir filmin təqdimatında bu redaktorla toqquşurduq. Yığıncaqda çox ciddi fikir mübadiləsi aparıldı. Əksəriyyət filmi bəyəndiyini qeyd etdi. Axırda mənimlə daima toqquşan redaktor öz iradını bildirdi. Onun iradı Farizin ölümündən sonra tabutu nəyə görə tərsinə tutmağımızdan ibarət idi”.

Bir anlıq oxucuların nəzərini həmin kadra yönəltmək istərdim. Bu kadrda Fariz Rzayevin(Aleksandr Kalyagin) ölüm səhnəsi hazırlanıb. Gül çələngləri arasında, medallarının əhatəsinə uzanan Fariz Rzayevlə son vida mərasimi hazırlanır. Son vida gününə qohumları, tanışları, həmkarları yığışıb. Bu kadrın çəkilişi Teatr Xadimləri İttifaqında lentə alınıb. Elə ki, vida anları bitir, dostlar, tanışlar əzizlərinin tabutunu çiyinlərinə alaraq başı yuxarı tərəfdə zaldan çıxarırlar: “Redaktor mənə irad tutdu ki, nəyə görə tabutu başı yuxarı tərəfdə tutmusunuz. O, bu çəkilişi ən böyük səhv hesab edərək, “tabutu tutarkən meyidin ayaqları əvvələ düşməlidir” dedi. Mən bərk təəccübləndim. Dedim unutmayın ki, mən müsəlmanam. Müsəlmanlarda isə adət belədir ki, meyidi basdırmağa apararkən başını yuxarı tərəfə tuturlar. Yəni, tabut çiyinlərə alınarkən əvvələ baş düşür. Mənim sözüm onu pərt etdi. Çünki oradakıların hamısı mənim sözümün həqiqət olduğunu bir daha təsdiq etdilər”.

Yeri gəlmişkən, bir məqama da toxunmaq istərdik ki, müsəlmançılıqda belə bir qayda da var ki, ölən şəxslə vida görüşü keçirilən zaman ölünün üzü açıq olmur. Ancaq film çəkilişlərində bu, mümkündür. “Təbii ki, çəkiliş vaxtı ölünün üzü açıq da ola bilər, bağlı da. Ancaq biz “Özgə ömür” filminin çəkilişi  zamanı, əlbəttə ki, Fariz Rzayevin(Aleksandr Kalyagin) ölüm səhnəsində onun üzünü açıq qoymağı qərara aldıq. Onun oxşarı olan maskanı Moskvada hazırladıb gətirmişdik. Çəkiliş vaxtı görünən də əslində Kalyaginin açıq üzü deyil, onun üz cizgiləri formasına uyğun şəkildə hazırlanmış maskadır. Onu da qeyd edim ki, bu kadrın çəkilişini Teatr Xadimləri İttifaqının zalında lentə almışıq”.

Doğrudan da, bu kadrın çəkilişinin inandırıcı çıxması üçün yaradıcı heyət əvvəlcədən çox böyük cidd-cəhdlə hazırlıq görüb. Hətta çəkiliş aparılan zalı gül-çiçəyə qərq etməklə yanaşı, xüsusi fəxri qarovul dəstəsi də tabutun əhatəsində əli silahlı dayanıb. Filmə baxanlar yaxşı bilirlər ki, Aleksandr Kalyaginin böyüdülmüş şəkli qara lentlə bağlanaraq tabutun yuxarı tərəfindən asılmışdı. Ciddi çəkiliş getdiyi bir vaxtda Moskvadan gəlmiş iki nəfər incəsənət adamı öz şəxsi işləri ilə bağlı Teatr Xadimləri İttifaqına gəlir: “Onların biri qadın, digəri isə kişi idi. Çəkiliş getdiyindən xəbəri olmayan qadın birdən Kalyaginin qara lentə alınmış şəklini görür və bərk səslə qışqıraraq “bu ki, Kalyagindir, o, nə vaxt ölüb, niyə ölüb, bu necə ola bilər” deyə ağlamağa başlayır. Qadının ağlamasını eşidən yaradıcı heyət çəkilişi dayandırdı və zalda bərk gülüşmə qopdu. Hamı qadını sakitləşdirməyə, bunun film çəkilişindən başqa bir şey olmadığını başa salmağa çalışdı. İnandırım sizi ki, həmin qadın yalan olmasın bir saata ancaq özünə gəldi. Təsəvvür edin ki, Moskvada böyük hörmət sahibi olan, həmkarları tərəfindən, tamaşaçılar tərəfindən sevilən Kalyaginin hələ adi bir şəklinin qara lentə alınması onun pərəstişkarlarını ağlamağa vadar etmişdi. Görün bu aktyor nə qədər çox sevilir”.

 

FİLM YÜKSƏK KATEQORİYAYA LAYİQ GÖRÜLDÜ

 

Filmin hazırlıq işləri bitdikdən sonra “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Bədii Şuranın baxışına təqdim edilir. Həmin ildə kinostudiyanın direktoru Cəmil Əlibəyov idi. Bədii Şurada isə Tofiq Tağızadə, Şamil Mahmudbəyov, Eldar Quliyev və digər tanınmış rejissorlar əyləşir və quruma təqdim olunan filmləri qiymətləndirirdilər. Qurum “Özgə ömür” filmini qəbul etdikdən sonra onu Moskvaya göndərir. Moskvada qısa baxışdan sonra film qəbul olunur və yüksək kateqoriyaya layiq görülür.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu rejissor Rasim Ocaqov, operator Kənan Məmmədov, rəssam Rafis İsmayılov, bəstəkar-Emin Sabitoğlu.

Rollarda iştirak edirlər: Aleksandr Kalyagin (Fariz Rzayev), Fəxrəddin Manafov (Tahirbəyov), Muxtar Maniyev (Əfəndiyev), Hacı İsmayılov (Həsənov), Mübariz Əlixanoğlu (Dadaşov), İrina Kurçenko (Lilya), Liya Axecakova (Roza), Şükufə Yusifova (İmanova), Hamlet Xanızadə (Əmənulla), Nuriyyə Əhmədova (Mina), Larisa Xələfova (Vika), Çingiz Şərifov (Ramiz), Çingiz Mustafayev(Eldar), Gülya Salahova(Tamilla), Zərnigar Ağakişiyeva (Səkinə xanım), Kamil Zöhrabov (Marat), Arif Nərimanbəyov(Əsədov), Məbud Məhərrəmov (müstəntiq), Viktor Dəmirtaş (müxbir), Rövşən Həsənov(Seymur) və b.

Xədicə QİYAS