Rüstəm İbrahimbəyovun məzarüstü abidəsinin açılış mərasimi keçirilib

Görkəmli dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılış mərasimi baş tutub.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) idarə heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, deputat Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, eləcə də ölkənin tanınmış mədəni-ictimai xadimləri, yazıçının ailə üzvləri iştirak edib.

Xalq yazıçısı Anar çıxışına “Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı” bayatısının misraları ilə başlayıb və uzun illərin dostluğuna bağlanan dramaturq Rüstəm İbrahimbəyov haqqında danışaraq onun yaradıcılığını yüksək qiymətləndirdiyini bildirib: “Rüstəm İbrahimbəyov fenomen idi. Onun çox dəyərli məsləhətləri var idi. О, çoxlu sənətkarlar yetişdirib. Rüstəm Azərbaycanı bütün xarici ölkələrdə vəsf edirdi. Onun əsərləri Avropada məşhur teatrlarda tamaşaya qoyulurdu. О dünya şöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.

AKİ sədri Rasim Balayev öz çıxışında Rüstəm İbrahimbəyovun vəfatından artıq bir ilin keçdiyini təəssüf hissiylə qeyd edib: “İllər tez-tez keçir. Onun işlərini biz onun kimi edə bilmirik, onu əvəz edə bilmirik. Elə adam var evdən gedir, elə adam var eldən gedir. Ölkəmiz üçün çox böyük itki oldu. Rüstəm müəllim sənəti ilə, qabiliyyəti ilə, intellektual səviyyəsi ilə bütün dünyada məşhur bir adam idi. Azərbaycanı çox yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu məni çox qürurlandırıb. Onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var olduqca R.İbrahimbəyov da xatırlanacaq və yaşayacaq. O, böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən peşəkarlara bir vəsiqə olacaq. Çünki, onun yazdıqlarından kino ilə məşğul olanlar hələ çox istifadə edəcəklər”.

Xalq yazıçısı Çingiz Abdullayev kinodramaturqun məzarüstü abidəsini bəyəndiyini qeyd edərək, onun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirdi: “Rüstəm İbrahimbəyov özü də bu abidəni bəyənərdi. Mən fəxr edirəm ki, onunla dost olmuşam. Rüstəm müəllim 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.

Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik”.

Dramaturqun qızı, Fatimə İbrahimbəyova atasının yaradıcılığının heç bir çərçivəyə sığmadığını və daha dünyəvi olduğunu söylədi: “Bu gün onun sənət dostları ilə bərabər, sadə insanlar da onun vəfatının ildönümünü qeyd etməyə toplaşıblar. Onların hər birinə təşəkkür edirəm. Biz istəyirdik ki onun məzarüstü abidəsi kreativ olsun. Çünki, o hər yaşda cavan və müasir görünürdü”.

Mərasim iştirakçıları Rüstəm İbrahimbəyov haqqında xatirələrini və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov 2022-ci il, martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

R.İbrahimbəyov 1939-cu il, fevralın 5-də Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyniadlı teatrın təsisçisi olub. Onun 15 pyesi dünyanın 100-dən çox teatrlarında tamaşaya qoyulub.

aki.az