RÜSTƏM İBRAHİMBƏYOVUN KİTABLARI NƏŞR OLUNUB

Dünya şöhrətli dramaturq, görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı  Rüstəm İbrahimbəyovun çoxşaxəli yaradıcılığının mühüm bir sahəsini təşkil edən nəsr əsərləri, o cümlədən, bir çox ekran əsərlərinin mövzusuna çevrilmiş povestləri ədəbiyyatımızın unikal hadisələrindən biridir.

Bu günlərdə anadan olmasının 85 illiyi qeyd edilən görkəmli ekran, səhnə və qələm ustasının nəsr əsərləri uzun müddətdən sonra “Qanun” nəşriyyatı tərəfindən tam və nəfis şəkildə Azərbaycan oxucusuna təqdim ediləcək. Sağlığında müəllifin iştirakilə yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının çapa hazırladığı “Hava məbədi” və “Günəş kələfi” kitablarının naşiri Şahbaz Xuduoğludur.

“Hava məbədi” kitabında görkəmli yazıçının povestləri toplanıb. Təhkiyəsinin sadəliyi, fikirlərinin yığcamlığı və kibernetik dəqiqliyi, qələmə aldığı hadisələrin sözlə vizual görüntüsünü yaratmaq, insan qəlbinin gözlə görünməyən dərinliklərinə enmək istedadı, oxucuya təqdim etdiyi bənzərsiz mühit və qeyri-adi obrazlar onun nəsrini fərqləndirən xüsusiyyətlərdir.

R.İbrahimbəyovun nəsr əsərləri XX əsr Bakısına sözlə çəkilmiş bənzərsiz illüstrasiyaları xatırladır. Hekayələrin və eyniadlı romanın toplandığı “Günəş kələfi” kitabında isə F.Dostoyevskinin S.-Peterburqu, C.Coysun Dublini, O.Pamukun İstanbulu kimi, R.İbrahimbəyovun Bakısı da oxucuya özünəməxsus ab-havası, həyat tərzi, adət-ənənəsi, yazılmamış qanunları ilə təqdim olunur və yaddaşlarda şəhərin bütöv obrazı, mükəmməl portreti yaranır.

aki.az