Sənədli film gecəsi baş tutdu

Dekabrın 12-də “Azərbaycan” CinemaPlus-da gənc müəlifllərin yeni filmlərinin nümayişi baş tutdu. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirdi ki, Pərviz Həsənovun “Fəsillər”, Elvin Aşırovun “Gülyetərin qayıdışı”, Orxan Adıgözəlovun “Nigaran” adlı qısametrajlı  sənədli filməri Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100,  Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə nümayiş olunur.

Filmlərin nümayişindən sonra səhnəyə dəvət olunan yaradıcı heyət, moderatoru və tamaşaçıları maraqlandıran sualları cavablandırdılar.

Moderatorun “sənədli filmlərdə çətin məsələlərdən biri üslub və forma axtarışları, təhkiyəni necə qurmaqdır. Bu sizi qayğılandırırmı? Yoxsa, düşünürsünüz ki, əsas hekayənin məzmunudur?” sualına cavab olaraq Elvin Aşırov bidlirdi ki, bizim çəkiliş prosesində forma və üslubdan daha çətin məsələlər vardı: “Ümumiyyətlə, Azərbaycanda film çəkmək çətindir. Biz bu filmi dörd günə çəkdik. Uzun çəkmək imkanımız yox idi. Adamlar köçürdülər və biz həmin prosesi çəkməliydik. Onların bizim nazımızla oynamağa vaxtları yox idi. Biz prosesin arxasınca gedirdik”.

Orxan Adıgözəlov vurğuladı ki, öncədən qəhrəmanları araşdırmadığı üçün forma tapmaq ideyası da olmur: “Belə bir fikir var ki, film montajda yaranır. Montajda əlimdə olan materiallar əsasında çıxara biləcəyim formaları düşünməyə, tapmağa çalışıram. İlk versiyada gedişat, final, struktur  fərqli idi. Filmin ikinci, üçüncü versiyaları da var. Montajda formanı axtara-axtara, tapdığımı düşündüyüm anda dayandım”.

Pərviz Həsənovun isə suala cavabı belə oldu: “Bir neçə gün ora getdik, çəkiliş etmədik. Qocalar evində yaşayan adamlar həssasdırlar, çəkilmək istəmirdilər. İstəmirdilər ki, onları görsünlər. Bir növ biz özümüzü oradakı adamlara öyrəşdirdik. Kameranı dəhlizdə qurduq, amma çəkmədik ki, alışsınlar. Bu həm də bir növ forma və üslub axtarışı idi. Orada göstərdiyimiz avtobus maraqlı gəldi, həm də simvol kimi ona yanaşdıq və filmdə də süjetin mərkəzi xətti kimi verdik”.

Orxan Adıgözəlovun animasiya rejissoru, kino rəssamı Elçin Hami Axundovun portretini yaratdığı  “Nigaran” filminin final epizodu daha çox tamaşaçıların marağına səbəb oldu. Həmin epizodda qəhrəman, filmin nə zaman göstəriləcəyini soruşanda, müəllif “siz olmayandan sonra” deyir. Bu gözlənilməz cavab qəhrəmanın çaşqınlığına, təəccübünə, bir az da qəzəbinə səbəb olur. Orxan Adıgözəlov bununla bağlı dedi ki, bu düşünülmüş səhnə idi: “Gedişatda hiss etdim ki, film yarımçıq qalacaq. Ortaya konflikt atdım ki, filmə bir final versin. İstədiyim nəticəni aldım. Bunu deyə bilərəm ancaq”.

Tədbirdə iştirak edən Elçin Hami Axundov bildirdi ki, əvvəlcə filmin uzun versiyasını görmüşdü:  “Yaxşı ki, qısaldıb. Düşünürəm ki, Orxan dediyi kimi oldu. Orada həyəcan var və o bunu yarada bildi. Bu, film-portret idi və axırda da həyəcan yaratmaq lazım idi. Film alınıb. Orxanı təbrik edirəm”.

Tamaşaçılardan biri isə Elvin Aşırova bu sualı ünvanladı: “Hər hansı təsir göstərdinizmi ki, Gülyetər xanımı evinə aparsınlar? Yoxsa müdaxilə etmədiniz? Məncə Gülyetər xanım oranı görməli idi və bu, filmi dramatik edərdi”.

Evin Aşırov vurğuladı ki, qadının vəziyyəti yaxşı deyildi: Oğul anasını itirməkdən qorxurdu. Düzdür, qadın dünyasını dəyişdi. Amma biz məcbur etsəydik, qadın ölə bilərdi, biz belə bir məsuliyyətin altına girmək istəmədik”.

Tədbirdə iştirak edən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin rəhbəri Samirə Mehdiyeva rejissora bu film üçün təşəkkür etdi:

“Filmə ahıllarımız baxıb. Biz onlara 1970-ci illərin gəncləri kimi baxırıq. Yaşlı insanlar kimi baxmırıq. Bir az filmdə pessimizm vardı. Amma əslində elə deyil, ahıllarımız aktivdir. Bəziləri düşünür ki, yaşlı adamlar nəsə bacarmazlar. Elə deyil. Ahıllarımıza şərait yaradırıq ki, onlar həyatlarının üçüncü baharını yaşasınlar”.

Filmlər haqda fikrilərini bölüşən tamaşaçılardan biri, gənc rejissor Kamal Müşviq “Nigaran” filmindən başladı: “Filmin üslubu bir rejissor pillələrini qalxan biri kimi mənə də yaxın idi. Bəzən olur ki, qəsdən provokativ sual verirsən ki, görəsən, qəhrəman düşdüyü vəziyyətdən necə çıxacaq və hansı hissləri yaşayacaq və o da önəmli epizod olur. Sizdə də düşünülmüş variant idi. Düşünürəm ki, uğurlu alınıb. Pərviz bəyin “Fəsillər” filmi ilə bağlı deyim ki, burada bir neçə janr – sinema-verite, müşahidə, reportaj vardı və bu bir balaca qarışıqlıq yaradırdı. “Gülyetərin qayıdışı” fiminə gəlincə, əvvəldə müəyyən səhnələr – köç, əşyaların yığılması çox uzun getdi. Qısa olsaydı, daha məqsədəuyğun olardı və Gülyetərin qayıdışı ideyasına xidmət edərdi. Amma çox olması yordu”.

Qeyd edək ki, Orxan Adıgözəlovun “Nigaran” qısametrajlı sənədli filmi 1969-2012-ci illərdə Azərbaycanda çəkilmiş bir neçə məşhur animasiya filmlərinin rejissoru, rəssamı və animatoru olmuş Elçin Hami Axundovun film-portretidir. Müəllif bu filmdə qəhrəmanın keçmiş və gələcəklə bağlı qayğı və qorxularını göstərməyə çalışır.

Pərviz Həsənovun “Fəsillər” və Elvin Aşırovun “Gülyetərin qayıdışı” filminin qəhrəmanları ev, isti yuva həsrəti çəkən yaşlı insanlardı. Onların fikirləri, kövrək hissləri insanı düşünməyə vadar edir.

aki.az