Sədaqət Kamal - 70

“Hər bir insan ayrı-ayrılıqda oxunmamış bir kitabdır. Lakin bu kitab hansısa ustad bir sənətkarın sənətkar dühası sayəsində oxuna bilir. Neçə-neçə insan talelərini oxuyub başa çatdırmışıq hər birimiz. Bu insanlar içində romantik qəhrəmanlar da görmüşük, faciəvi, komik, macəraçı, dələduz və  digərlərini də. Və bu talelərin fonunda, daxili dünyamızı işıqlandıran ustad bir yazıçının həm oxuduğu, həm yazdığı və həm də oxutdurduğu bir kitab ola bilmişik. Bəli, bədiilik reallığın özü olanda həm təsirli, həm də gərəkli olur” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, filoloq, kinoşünas, hüquq müdafiəçisi Sədaqət Kamalın (Sədaqət Məmmədova) yubiley yaşı tamam olur.

S.Kamal 25 iyun 1952-ci ildə Bakıda anadan olub. 1969-cu illərdə Xarici Dillər Universitetində ingilis dili üzrə, 1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakultəsində təhsil alıb. 1976-cı ildən etibarən “Kino yenilikləri” reklam bülleteninin nəşr edildiyi Kino Prokatı İdarəsində redaktor vəzifəsində fəaliyyətə başlamışdır. 1987-ci ildən həmin bülleten qəzet kimi (“Kino” qəzeti) nəşr edilmiş və o qəzetin müxbiri, sonra isə məsul redaktoru kimi çalışıb. Bir sıra mötəbər kinofestivallarda jurnalist kimi qeydiyyata alınmışdır. Dünyanın məhşur kino xadimləri və kino ulduzları ilə çoxlu sayda müsahibələr hazırlayıb. 2010-cu ildən etibarən islam ölkələri kinosu üzrə tədqiqat işi ilə məşğuldur.

Xarici kino ulduzlarından Misirin məşhur kino ulduzu Maqdanın Qahirədə şəxsi qonağı olmuş,eyni zamanda da Şərqin Hollivudu olan Misir kinosu ilə kinomuzun əməkdaşlıq etməsində rol oynamış, 2000-ci illərdə Misir səfirliyinin Bakıdakı mədəniyyət mərkəzində kinematoqrafçılarımızın ikinci evini yaratmışdır.

Qeyd edək ki, kino sahəsində bir çox araşdırmalar aparan Sədaqət Kamal gördüyü işlərin dərinliyinə  varmaqla tarixi faktlardan çıxış edir.

S.Kamal  deyir ki, avtobioqrafik roman və povestlər, eləcə də sənədli və sübutlu filmlər daha çox maraq doğurur: “İmkan olanda əsərləri, imkan da olmayanda biri-birimizin statuslarını oxuyur, baxırıq. Bütün bunlara rəğmən, bütün dövrlərdə olduğu kimi, reallığı sənət səviyyəsinə yenə də sənətkar, ustad dühası yüksəldə bilər. Məqaləmdə, gah yazıçı, gah rejissor, gah da rəssamlıq sənətindən danışarkən, məncə, anlaşılmaz etmirəm çatdırmaq istədiyim fikrimi. Müasir dövrümüzdə bütün sənət növlərinin biri-birinə keçidinin real şahidləriyik hamımız”.

Yubiley yaş insan həyatında hesabat xarakteri daşıyır. Bu illər ərzində nələr etdim, nələr etməliydim, bəzən peşmanlıq hisslərinin içində vurnuxursan, bəzən isə keçənlərə əhəmiyyət vermədən sadəcə irəli baxırsan. Bütün bunlar insanoğluna xas keyfiyyətlərdir.

Kinoşünas deyir ki, həyatı uşaqlıq illərindən dərk etməyə başlayıb, məhz həmin yaşda dərin düşüncələrin içində gələcəyə baxırmış. İllər keçir, bu hiss, duyğu heç dəyişmir, həmin dərinlik onu daha da dərinliklərdə düşünməyə vadar edir. Bəlkə bütün bunların nətisədir ki, Sədaqət Kamal qələmin gücünə arxalanaraq dediyi sözü, sadəcə söz xatirinə demir, çünki sözün kəsərinə inanır. Və bu inancın nəticəsidir ki, Sədaqət Kamal öz məqalələrində müraciət etdiyi mövzuların xırdalıqlarını açmaqla tədqiqat işi aparır.

Sədaqət xanım həm də oğul anasıdır. Kinoşünasın oğlu Kamal Məmmədov anasının layiqli davamçısıdır.

S.Kamal peşəsini, övladını, xalqını sevdiyi kimi, vətənimizi də çox sevir. Onun istər Qarabağ torpaqlarının işğal olunduğu xəbərini eşitdiyi zaman kinostudiyaya ağlaya-ağlaya getdiyini və işğaldan azad olunan torpaqlarımız üçün axıtdığı göz yaşları yaxın keçmişdə baş verdi və bütün bunlar onu qələmə kökləndirdi.

Kinoşünas deyir ki, çox filmlər çəkiləcək “Qarabağ Azərbaycandır!” deyib canından keçən gənclərimiz, gənc şəhidlərimiz haqda: “Axı Azərbaycanın uzaq keçmişdən bu günümüzə qədər uzanan tarixinin akkordlarını onlar vura bildilər. Kinomuz bu gənclik qarşısında missiyasını yerinə yetirmək arzusundadır. Hər birinin ayrı-ayrılıqda öz taleyi, öz həyat hekayəsi olan, yeni tariximizə işıq yayan bu gənclər haqda ayrı-ayrılıqda kino inciləri yaratmaq olar”…

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından yubiley yaşında gözəl arzularını dilə gətirən Sədaqət Kamala can sağlığı, uzun ömür və ən önəmlisi isə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

aki.az