Səhnəmizin Mələyinin yubiley yaşı tamam olur

İncəsənət dünyası asan göründüyü qədər də çətin sahə hesab olunur. Çünki incəsənət aləminin öz qayda-qanunları, həm də sərt qanunları var. Ola bilsin ki, sənət dünyasına yenicə addım atan tez parlaya bilər, şöhrət hissini dada bilər, ancaq elə bir məqam gələr ki, unudular, yada düşməz. Nahaq yerə demirlər ki, “İncəsənət qurban tələb edir”. Məhz bu baxımdan incəsənəti özünə peşə seçən, onun çətinliklərini görərək addım atmalıdır. Aktrisa Mələk Abbaszadə kimi…

31 Oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa  Mələk Abbaszadənin yubiley yaşı tamam olur.

M.Abbaszadə uşaqlıq illərindən incəsənət aləminə maraq göstərib, bəlkə zamanla ailənin etirazı onu bu aləmdən uzaqlaşdıra bilərdi, ancaq güclü istək, bəlkə tale yazısı onun aktrisa olmağına mane olan bütün qüvvələrlə mübarizə aparmasına şərait yaradıb.

Aktrisa Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun(1990) kino aktyoru fakültəsində təhsil alıb.Türkiyədə tanınmış xoreoqraf Bilge Tususun xoreoqrafiya kurslarını bitirib. Şimali Kiprdə 60-a yaxın ölkənin iştirakıyla keçirilən “Miss dünya” yarışmasında iştirak edib, “Zəriflik gözəli” nominasiyasını qazanıb. Bir çox ölkələrdən iş dəvəti alsa da, üstünlüyü qardaş ölkəyə – Türkiyə Cümhuriyyətinə verib. “Başak Gürsoy” və digər agentliklərdə 6 ilə yaxın fotomodel kimi çalışıb. Türkiyədə çalışdığı zaman iki seriala çəkilib, eyni zamanda Müammər Karaca Teatrında alman rejissor tərəfindən səhnəyə qoyulan “Gənc qız və dəniz” monotamaşasında səhnəyə çıxıb. Sonrakı illərdə vətənə dönmüş,  S.Vurğun adına Dövlət Rus Dram və “İbrus” teatrlarında fəaliyyətə başlayıb. Hər iki teatrda hazırlanan tamaşalarda əsasən baş rollarda çıxış edib. Sanni (B.Sleyd “Çestvovaniye”), Sevər (Hidayət “Mənzil”), Ədilə Kərimova (Elçin “Poçt şöbəsində möcüzələr”), Ayşa Yüzbaşova (M.İbrahimbəyov “Neft bumu”) tamaşaları buna misaldır. Aktrisa eyni zamanda bir çox kliplərdə də çəkilib.

Sənətin bütün çətinliklərilə mübarizə aparan aktrisa deyir: “Teatr mədəniyyət məbədidir, bura gələnlər sonda mənən zənginləşməlidirlər. Əksər tamaşaçılar nədənsə ciddi əsərlərə çox da üstünlük vermirlər. Əsasən yüngül tamaşalar “rəğbətlə” qarşılanır. Çox vaxt bizim teatrların tamaşalarının xaricdən qastrola gətirilən səhnə əsərlərinin səviyyəsindən üstün olduğunu görürük. Amma nədənsə tamaşaçı burada professionallıq axtarmır, xarakter obrazlar onu cəlb etmir. Buna təəssüflənməyə bilmirəm…”.

Yeri gəlmişkən, Mələk xanım ssenarisi və rejissoru işi Rüstəm İbrahimbəyova aid olan  “Kabusun gözü ilə” filmində çəkilib. Bu barədə fikirləri maraq doğurur: ““Kabusun gözü ilə” filmində də baş rolda çəkildim, bu mənim kinoda debütümdür. Kinoya çəkilmək çoxdankı arzum olsa da, heç cür alınmırdı. Gah mənə verilən rolu bəyənmirdim, gah da xoşuma gələn rollar qismətim olmurdu. Xarakterik, təzadlı rolları ifa etməyi çox sevirəm. Oynadığım əsərlərin hamısında məna axtarmışam. Kino mənim gecikən məhəbbətimdir, nəhayət o, cavabını tapdı. Güman edirəm ki, bu mənim ekranda sonuncu filmim olmayacaq.

Qeyd edim ki, film Fransa ilə Azərbaycanın istehsalıdır. Filmdə ömürlərini teatra həsr edib bir-birini sevən iki aktyordan bəhs olunur. Eyni zamanda filmdə dürüstlük və həqiqi dostluq mövzusu da var. Məncə, bu çox işıqlı, estetik və nostalji bir filmdir. Çünki ekranda eyni zamanda köhnə Bakı həyətləri və insanları göstərilir”.

Kino sevgisi güclü olan aktrisa bu filmdən başqa “Bəyaz həyat”, “Qaynana”, “Həkimlər”, “Həyat çiçəyi” və s. film və seriallarda da rol oynayıb.

Daima gərgin fəaliyyəti olan Mələk Abbaszadəni yubiley yaşı münasibətilə Azərbaycan Kinmeatoqrafçılar İttifaqının İdarə heyəti adından təbrik edir, yeni-yeni obrazlar canlandırmasını arzulayırıq.

Azərbaycan Kinematoqrafçılar İttifaqı