Ayazlı, şaxtalı bir qış axşamı,
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik.
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı.
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdı…
1931-ci il, “Komsomol poeması”.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun yubileyidir, 120 yaşı tamam olur. …1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firidun bəy Köçərli Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək, Qazax Müəllimlər Seminariyasını təşkil edib. Məktəbə qəbul olunan uşaqlar arasında Səməd Vurğun da olub. Seminariyada təhsil alarkən ilk şeirlərini qələmə alıb. İlk çap əsəri olan “Cavanlara xitab” şeiri 1924-cü ildə Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunub. O, seminariyanı bitirdikdən sonra Qazax, Quba və Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədrisiylə məşğul olub. 1929-cu ildə S.Vurğun Moskva Universitetinin ədəbiyyat fakültəsinə daxil olaraq təhsilini davam etdirib. 1930-cu ildə çap olunmuş “Şairin andı” adlı ilk kitabında məhz həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər dərc olunub. Sonralar “Könül dəftəri”(1934) və “Şeirlər”(1935) adlı kitabları nəşr olunub. Onun 1934-cü ildə yazdığı “Azərbaycan” şeiri isə ədəbiyyatımızın incilərindən hesab olunur.
Şair yeni əsərlər yazmaqla yanaşı, eyni zamanda tərcüməçilik də edib. O, özünün ölməz dram əsərini – “Vaqif”i 1937-ci ilin ikinci yarısında, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum dramını isə 1941-ci ildə yazıb. Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü önəmli yer tutur. 60-dan artıq şer, bir neçə poema, o cümlədən “Bakının dastanı” poemasını müharibə illərində qələmə alıb. Şair kimi söz deməklə qalmayan, eyni zamanda böyük alim, əvəzsiz təşkilatçı və nəzəriyyəçi kimi də tanınan S.Vurğun 1945-cı ildə Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaratmış və bu cəmiyyətin rəhbəri olaraq fəaliyyət göstərmişdir. Sonralar Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri kimi Akademiyanın akademiki seçilmiş, 1954-cü ildə Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş və Azərbaycan elminin, ədəbiyyatşünaslığının inkişafında xidmətlər göstərmişdir. Şairin müharibədən sonrakı yaradıcılığı da məhsuldar olub. “Muğan” (1948), “Aygün” (1950-1951) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə alıb. Çoxşaxəli yaradıcılıq uğurlarına baxmayaraq şairin haqsız hücumlara, təzyiqlərə məruz qalmış “Aygün” poeması tənqid hədəfinə çevrilmişdir. Ölümündən 4 il sonra, Azərbaycan kinosu onun tənqid hədəfinə çevrilən “Aygün” poeması əsasında eyniadlı film çəkir.
Bakı Televiziya Studiyasında istehsal olunan, ssenari və rejissor işi görkəmli rejissor Kamil Rüstəmbəyova aid olan film məhəbbət haqqında melodramatik hekayədir. “Aygün”, janr etibarilə mənzum roman hesab olunsa da, əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə təqdim edilir. Eyni zamanda qəhrəmanlar,onların yaşadığı mühit ətraflı göstərilir. Aygünün sadəcə ailə həyatı deyil, həm də sənətkar kimi yetişməsi də diqqətə çəkilir. Əsərdə olduğu kimi, filmdə də hadisələr əsasən, iki sevən gəncin taleyi ətrafında cərəyan edir. İlk kadrlarda xoşbəxt bir cütlüyün xoş dəqiqələr keçirdiyinin şahidi olsaq da, sonrakı proseslərdə ailədə olan gərginliyin təsirinə düşürsən. Yeri gəlmişkən, “Aygün” film-poeması çox çətin, ağır şəraitdə çəkilib. Bunun əsas səbəbi o vaxtlar televiziyada bədii filmlərin yaradılması üçün vəsait ayrılmaması, televiziyada kino çəkilişi texnikasının olmaması olub. Ancaq çəkiliş qrupunda film çəkmək arzusu böyük olduğu üçün, hamı bir dalğada işləyib, hər hansı bir vəziyyətdən çıxış yolu axtarıb tapıblar. Əslində kinostudiyadan kino avadanlıqlarını və texniki mütəxəssisləri bu işə cəlb etmək, mütəxəssislərin çəkiliş prosesinə xidmət göstərməsi və s. imkanları yaratmaq bir sıra çətinliklər yaradırmış. 1958-1960-cı illərdə, təxminən iki il ərzində film çəkilərkən televiziya rəhbərliyi yaradıcı qrupa imkan dairəsində maddi köməklik göstərib. Bütün bu çətinliklərlə “Aygün” filmi çəkilib, Azərbaycan televiziya tarixinə ilk bədii film kimi daxil olub. Əsərə sadiq qalaraq filmdə hadisələr şer dili ilə təqdim olunur. Əslində filmin maraqlı, canlı çıxmasında da ən başlıca rol oynayan o idi ki, şer dili ilə tamaşaçıya çatdırılırdı. Tələbkar rejissor kimi tanınan Kamil Rüstəmbəyov çəkiliş prosesində aktyorlardan tələb edib ki, hər bir kadrda səslənən şerləri hadisələrə uyğun, mənalı, hətta əzbər şəkildə ifa etsinlər. Filmin çəkilişində iştirak edən aktyorlar özləri də etiraf ediblər ki, flmin şer dili ilə çəkilməsi məsuliyyətli olduğu qədər də, eyni zamanda da zövqverici olub. S.Vurğunun xatirəsinə həsr edilmiş və onun eyni adlı poeması əsasında Azərbaycan SSR Nazirlər Soveti yanında radio verilişləri və televiziya komitəsi tərəfindən istehsal edilmiş film geniş tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb və hazırda da öz aktuallığını saxlayır. Bu filmdən 10 il sonra 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Yeddi oğul istərəm” filmini istehsalata buraxır. Haşiyə: S.Vurğun 1928-ci ildən 1956-cı ilə qədər “Komsomol poeması” üzərində işləyib. Poemanın birinci hissəsi 1933-cü ildə yazılıb. Ancaq şair buna qane olmayıb, poema üzərində işi bitmiş hesab etməyib. Onun sağlığında poema oxucuya ancaq fraqmentlərdə təqdim olunub, toplu halında çap olunmayıb. Ölümündən sonra şair Osman Sarıvəlli bir-birindən ayrı mətnləri toplayaraq poemanı çapa hazırlayıb. 1958-ci ildə “Komsomol poeması” ilk dəfə Azərbaycan dilində ayrıca kitab kimi nəşr edilib.
Xalq şairi Yusif Səmədoğlu “Yeddi oğul istərəm” filminin ssenarisini Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında yazıb. 20-ci illərin komsomolçularının mübarizəsindən bəhs edən, inqilabın qələbəsinə ürəkdən inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman 7 oğulun mübarizəsi və özlərini qurban etməsi filmin əsas süjet xəttini təşkil edir. Filmin çəkilişləri öncə Kamil Rüstəmbəyova tapşırılıb. Sınaq çəkilişləri aparan rejissor hər obraza uyğun bildiyi aktyorların seçimini etsə də gözlənilmədən hər şey dəyişib. Film Kamil Rüstəmbəyovdan alınaraq rejissor Tofiq Tağızadəyə tapşırılıb. Qeyd edək ki, filmdə Peykanlı adının çox çəkilməsi Səməd Vurğunun adı ilə bağlıdır. Ümumiyyətlə ssenari bütünlüklə Qazax mahalı ilə bağlıdır. Və önəmli məqamlardan biri də odur ki, filmdə göstərilən qəbristanlıq qurulmuş səhnə olub. Atışma, partlayışla müşayiət edilən səhnələr olduğundan bunları real qəbristanlıqda etmək istəməyiblər. Əlbəttə ki, yaradıcı heyət müsəlmançılqdan çıxış edərək belə qərara gəliblər ki, dünyasını dəyişənlərə hörmətsizlik etmək olmaz. Filmin baş rəssamı Nadir Zeynalov yaradıcı heyətlə belə qərara gəliblər ki, qəbristanlıq səhnəsi kənar bir yerdə qurulsun. Məkan olaraq Qobustan seçilir. O da təsadüfi deyil ki, filmdə mənfi qəhrəman olan Gəray bəyin düşərgəsi də Qobustanda çəkilib. Yaradıcı heyət Qobustanda rahatlıqla güllə atıb, at çapıb və partlayış səhnələri qura biliblər, bir sözlə, seçilən məkan çəkiliş üçün əlverişli olub. Komsomolçuların mübarizəsindən bəhs edən bu ekran əsəri Azərbaycan kinosunun klassiklərindən sayılır. 50 illik ömürə bütöv bir dünyanı sığdırmağı bacaran şairin yaradıcılığından sadəcə kiçik bir zərrəni diqqətinizə çatdırdıq. Yaşasaydı daha nələr yazıb-yaradardı, onu da sadəcə özü bilirdi…
Ədəbiyyatımızın ən parlaq simalarından biri olan, yaradıcılığı vətənpərvərlik, humanist ideyalarla zəngin olan Səməd Vurğunu yubileyində böyük hörmət və ehtiramla yad edirik!
aki.az

