“Sən çağırsan gələrəm mən” filmi beynəlxalq festivalda

Güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradinin quruluşunda çəkilən “Sən çağırsan gələrəm mən” sənədli filmi Ukraynada keçiriləcək Xarkov beynəlxalq film festivalının yekun mərhələsində iştirak edib.

Gamac.az-ın məlumatına görə, Azərbaycan, türkmən və qaşqay türklərinin ayrılmaz olduğu və onların birliyi təsvir olunan, birliyin yaranmasında futbol və “Traxtur” komandasının rolu önə çəkilən film əsasən 2019-cu ildə Novruz bayramı günlərində “Türkmən Səhra”da baş verən sel fəlakəti üzərində qurulub.

Filmi “Türkmən səhra” təbii fəlakət bölgəsinə yardıma gedən, lakin qayıdarkən Gümüştəpədə qayıqları aşdığı üçün canlarını itirən altı xilasediciyə həsr edən Məhəmməd Əlimuradi bu barədə deyir: “Türkmən səhra bölgəsində baş verən sel fəlakəti ilə bağlı xəbər yayıldıqdan dərhal sonra Azərbaycan və qaşqay türklərinin yardım karvanı təbii fəlakət bölgəsinə yollandı Yardım karvanları “Traxtur” komandası banerləri və “Sən çağırsan gələrəm mən” sədası ilə hərəkət edib Türkmən Səhrada türk ellərinin birliyini nümayiş etdirdilər. Türk ellərinin bu şəkildə dayanışma nümayiş etdirməsi şiə və sünni bölgələri arasında mümkün inamsızlığı aradan qaldırdı. Siyasilərin öhdəsindən gələ bilmədiyi işi bir top görə bildi.”

Xatırladaq ki, “Sən çağırsan gələrəm mən” sənədli filmi Qorqanda keçiriləcək “Tənin-i məscid” film festivalında da iştirak edib. Bundan başqa, Məhəmməd Əlimuradı filmdən qazandığı bir milyon tümən məbləğində  mükafatı Azərbaycan türkləri və “Traxtur” komandası tərəfdarları tərəfindən “Qomişan çiçəklərində ümid təbəssümü” qeyri-hökumət təşkilatına bağışlayıb. Həmin təşkilat ki, minimum imkanlarla “Türkmən səhra” bölgəsində xərçəng xəstələrinə yardım etməklə məşğuldur.

Aki.az