``Şahidsiz``ə şahid olanlar

Fevralın 28-də “Azərbaycan” Cinema-da “Dünya kinosu şedevrləri Azərbaycan dilində” proqramı çərçivəsində “Şahidsiz” bədii filminin nümayişi oldu. Məşhur rus rejissoru Nikita Mixalkovun 1983-ci ildə lentə aldığı film, dublyajımızın ustad isimləri Səməndər Rzayev və Əminə Yusifqızı tərəfindən səsləndirilib.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova bildirdi ki, filmin ssenari müəllifləri, Nikita Mixalkovla yanaşı azərbaycanlı Ramiz Fətəliyev və Sofya Prokofyevadır. Film Sofya Prokofyevanın “Şahidsiz söhbət” pyesinin əsasında ekranlaşdırılıb. Sofya Prokofyeva uşaq yazıçısıdır, əsərləri əsasında daha çox cizgi filmləri çəkilib. ”Şahidsiz” qadın-kişi, ər-arvad münasibəti haqqında klassik hekayə modellərindən biridir. Hər bir filmin vacibliyi hər şeydən əvvəl onun təcrübə verməyindədir. Ümid edirəm ki, bu film də sizin üçün əhəmiyyətli həyat təcrübəsi olacaq”.

Daha sonra “Şahidsiz” filmi nümayiş edilib. Nümayişdən sonra filmin müzakirəsi baş tutub. Moderator S.Sultanova filmlə bağlı bəzi məlumatları qeyd edib. O, bildirib ki, baş rolun ifaçılarından biri Mixail Ulyanov, Nikita Mixalkova əsəri teatr tamaşası kimi hazırlamağı təklif edib: “Tamaşanın məşqləri olsa da, son nəticədə fikir ayrılıqları səbəbindən tamaşa qoyulmayıb. Sonradan isə film çəkilib. Bu filmdə mənim üçün kəşf Mixail Ulyanovun ifası oldu. Sovet kinosunda o, daha çox kolxoz sədri, hərbçi rollarına çəkilib. Hətta ayrı-ayrı filmlərdə Jukovun 20-dək obrazını yaradıb. “Şahidsiz” filmində isə fərqli ampluada oynayır. Görünür, onun əsəri Mixalkova təklif eləməsi də pyesin aktyor üçün geniş imkanlar açması idi. “Şahidsiz” kamera filmidir, onu bəzən iki aktyorun filmi də adlandırırlar”.

Tamaşaçılardan biri, filmin ona çox təsir etdiyini bildirdi:” Bu film mənə ailə münasibətlərinə dair çox şey verdi, çox şey öyrəndim. Yəqin ki, bundan sonrakı həyatımda bunları tətbiq edəcəyəm”.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov: “Bu film Mixalkovun daimi operatoru P. Lebeşevlə əməkdaşlığında fasilə yaratdı, o qədər texniki çəkilişlər vardı ki, mübahisə küskünlüyə gətirdi. Filmdə operator həlli cəhətdən çox çətin səhnələr ustalıqla həll edilib. Bu film ailə dramından daha çox özünəxəyanət haqqındadır. Qəhrəmanın dediyi kimi, içində səslənən nota gərək heç vaxt xəyanət etməyəsən. Mixail Ulyanovun qəhrəmanı isə bu nota xəyanət edir və bu da onun şəxsi faciəsinə çevrilir. Taleyin ironiyası budur ki, filmlərində daim sevgi və mərhəmət carçısı olan Mixalkov zaman ötdükcə sanki öz notuna xəyanət etdi, indi onun simasında Ukrayna müharibəsini dəstəkləyən militarist təbliğatçını görürük” – deyə bildirdi.

Kinoşünas Aygün Aslanlı bu fikrə cavab olaraq dedi ki: “Nikita Mixalkovun filmlərində, imperialist təfəkkürə mütəmadi rast gəlinir. Lakin “Şahidsiz” filmi onlardan fərqlənir. İnanmaq olmur ki, Mixalkov nə vaxtsa belə həssas, psixoloji insan dramı çəkib”.

Qeyd edək ki, “Şahidsiz” filmi bir vaxtlar evli olmuş, sonradan yollarını ayırmış qadın və kişinin münasibətlərini aydınlaşdırması haqqındadır. Filmin ssenari müəlliflərindən biri Ramiz Fətəliyev  SSRİ-nin müxtəlif studiyalarında çalışan müəlliflərdən olub. O həmçinin, Vyaçeslav Kriştofoviçin “Həyatın xırdalıqları”, Nikolay Maletskinin “Ailə məsələsi”, Rodion Naxapetovun “Yeni evlənənlər üçün çətir” filmərinin ssenari müəllifi olub.

Qeyd edək ki, “Dünya kinosu şedevrləri Azərbaycan dilində” Azərbaycan  Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən layihələrdən biridir.

aki.az