``Sahilsiz gecə``nin nümayişi hadisəyə çevrildi

Fevralın 13-də “Azərbaycan” CinemaPlus-da “Azərbaycan milli kinosuna baxış” layihəsi çərçivəsində rejissor Şahmar Ələkbərovun “Sahilsiz gecə” bədii filminin nümayişi baş tutub.

Ssenarisi Elçin Əfəndiyevə məxsus “Sahilsiz gecə” bədii filmi 1989-cu ildə çəkilib. Həmin illər Azərbaycanda Milli Azadlıq hərəkatının başlanıldığı, Sovet İttifaqının dağılmağa doğru getdiyi dövlərə təsadüf edir. Bu illər həm də Qarabağ konfliktinin cücərdiyi dövrlər idi.

“Sahilsiz gecə” həmin illərdə ekranlara çıxması ilə böyük qalmaqallara səbəb olub. O zamanlar filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyi üçün filmin nümayişinin dayandırılmasını, hətta rejissor Şahmar Ələkbərovun cəzalandırılması tələb edilib. Filmin ekranlardan yığışdırılması tələbi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilib.

Baş rolu Mehriban Xanlarova, Nuriyyə Əhmədovanın canlandırdığı “Sahilsiz gecə” filmi 1930-cu illərin repressiyası dövründə üç azərbaycanlı qadının yüngül həyat tərzindən, onların bu yola düşməklərindən və yaşadıqları həyata etiraz edən qadınların hekayəsindən bəhs edir. Film yazıçı Elçin Əfəndiyevin “Toyuğun diri qalması” povesti əsasında çəkilib.

Tədbirin moderatoru, kinotənqidçi Sevda Sultanova bildirib ki, Şahmar Ələkbərov, uzun illər aktyor, xüsusən dublyaj aktyoru kimi fəaliyyət göstərib. Səhhətində yaranan problemlər ona aktyor kimi işləməyə imkan vermədiyindən, sonradan rejissor kimi işləməyə qərar verib. “Sahilsiz gecə” filmi 1992-ci ildə vəfat edən Şahmar Ələkbərovun son işlərindən biri olmuşdu.

Elçin Əfəndiyev film haqqında təəssüratlarını bölüşərkən bildirib ki, “Toyuğun diri qalması” povestini heç vaxt kino kimi təsəvvür etməyib. Buna görə “Sahilsiz gecə” filmi onun üçün gözlənilməz olub: “Məni Şahmar Ələkbərovun səmimiliyi inandırdı. Hiss etdim ki, o bütün varlığı ilə bu filmi çəkmək istəyir. Bu filmin nümayişi mənim üçün çox xoş hadisə oldu. Ona görə yox ki, “Sahilsiz gecə” filmi mənim povestim əsasında çəkilib. Həm də bu gün Şahmarın ruhu şad oldu. Şahmar bu filmin çəkilişlərində xəstəliyi ilə əlaqədar çox əziyyət çəkmişdi. Bu filmlə həm də o özünü yaşadırdı”.

Filmin baş rolunun ifaçısı Mehriban Xanlarova deyib ki, Azərbaycanda ilk dəfə yüngül əxlaqlı qadın obrazını oynayıb: “Mən “Bircəciyim” filmi üçün “Sarıköynək” roluna təsdiq alanda düşünmürdüm ki, aktrisa olacağam. Rəhmətlik Əhməd kişi vardı, o, film üçün məni Şahmara təklif etmişdi. Bu gün də “Zibeydə” obrazının sayəsində sənətdə addımlayıram. Həmişə demişəm ki, mən Şahmarın çörəyini yeyirəm”.

Filmin quruluşçu operatoru Rafiq Əliyev kadrların incəliklərinə diqqət çəkib: “Mehribanın monoloqu filmin ən mühüm səhnələrdən biri idi. Fikir verdinizsə, həmin səhnə bir plana çəkilib. Birbaşa, əlil arabasının üstündə dinamik çəkiliş, Şahmarın ustalıqla hazırladığı monoloq və seçdiyi aktyorların bacarığına görə idi”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı fevralın 13-dən bu il üçün film nümayişlərinə start verib.

aki.az