“Salnaməfilm” studiyasından ordumuza dəstək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyasında “Milli Qəhrəmanlar” silsiləsindən sənədli filmlərin çəkilişləri davam edərkən bu dəfə studiyanın kollektivi daha önəmli bir addım atdı. Uzun illərdir düşmən işğalına məruz qalan ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək nümayiş etdirdi.

Azərtac-ın məlumatına görə, “Salnaməfilm” studiyasının kollektivinin ümumi qərarı ilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.

Studiyanın direktoru Nazim Hüseynov bildirib ki, əməkdaşları bu məsələyə heç bir zaman biganə yanaşmayıblar.

N.Hüseynov, uzun müddətdir ki, Azərbaycanın Milli qəhrəmanları silsiləsindən sənədli filmlərin istehsalı ilə də məşğul olduqlarını, Vətənimizin müdafiəsi uğrunda şəhid olan igidlərimiz haqqında filmlər çəkdiklərini də qeyd edib: “Torpaqlarımızın işğaldan azad olunması üçün bütün xalq olaraq səfərbər olmalıyıq. Biz də studiyanın bütün kollektivi olaraq yekdilliklə ordumuza dəstəyə qərar verdik. Bütün əməkdaşlara bu qərara görə təşəkkür edir, Şanlı Ordumuza zəfər, xalqımıza qələbə sevincini yaşamağı arzu edirəm”.

aki.az