``Sarı gəlin``in sorağında`` sənədli filmi təqdim olundu
Noyabrın 7-də “Nizami” Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinə daxil olan “western-azerbaijan.az” saytının və “Sarı gəlin”in sorağında” adlı tammetrajlı sənədli filmin geniş ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir.
Millət vəkillərinin, elm adamlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qərbi Azərbaycanla bağlı fikirləri yer alan videoçarxın nümayişi ilə başladı. “Sarı gəlin”in sorağında” filminin rejissoru Mübariz Nağıyev qonaqları salamladı və film haqqında qısa məlumat verdi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi və bərpası uğrunda I və II Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səhnəyə filmin yaradıcı heyəti dəvət olundu. Saytın yaradıcısı və filmin ssenari müəllifi Füzuli Sabiroğlu ümumi layihə haqqında tamaşaçılara məlumat verdi və Qərbi Azərbaycanın maddi və mədəni irsinin təbliğinə həsr olunan və üç dildə (Azərbaycan, ingilis və erməni) fəaliyyət göstərəcək saytın bundan sonra da Qərbi Azərbaycan İcması və AMEA Tarix institutunun Qərbi Azərbaycan Tarixi şöbəsi ilə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdiriləcəyini söylədi. Sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğluna verildi. H.Babaoğlu möhtəşəm Zəfər günü ərəfəsində belə bir tədbirin keçirilməsinin rəmzi məna daşıdığını vurğulamaqla yanaşı, belə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd etdi.
Xatırladaq ki, süjet xətti “Sarı gəlin” xalq mahnısının və Hikmət Babaoğlunun “Akdamardan Sarı Gəlinədək erməni yalanı” əsərinin motivləri üzərində qurulan “Sarı gəlin”in sorağında” tammetrajlı sənədli filminin əsas məqsədi Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliği, 200 ilə yaxındır ki, ermənilərin bu irsin məhv edilməsi yönündə fəaliyyətlərinin ifşasıdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin rəhbərliyi ilə hazırlanmış filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, elmi məsləhətçiləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, f.f.d Əziz Ələkbərli və AMEA Tarix İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri t.f.d Cəbi Bəhramovdur.
aki.az