``Sarı gəlinin sorağında`` sənədli filminin Bakı çəkilişləri yekunlaşıb
“Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin Bakı çəkilişləri sona çatıb. Sonuncu çəkiliş günü Qərbi Azərbaycan İcmasının baş ofisində aparılıb. İcmanın rəhbəri, millət vəkili, deputat Əziz Ələkbərli mövzu üzrə müsahibə verib. Filmin növbəti çəkilişləri İsmayıllı rayonu ərazisində planlaşdırılır. Xatırladaq ki, filmin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ katibi Əli İsa Cabbarov, xətti prodüseri isə İsmayıl Qasımovdur. Film ingilis və erməni dillərində də yayımlanacaq.
Öncə xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olmuşdu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayevdir. Sənədli filmlə yanaşı, layihə çərçivəsində sözügedən mövzuda sayt və infoqrafikaların da (erməni və ingilis dillərində) hazırlanması nəzərdə tutulur.
aki.az