SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

Avqustun 25-dən 29-dək Gəncə şəhərində SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.
Qeyd edək ki, SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı – müstəqil, regional sənədli film festivalıdır. Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur. Festivalın bu ilki buraxılışı qadın qətllərinə həsr edilib. Məqsəd hər zaman aktual problem olan və təəssüf ki, son illərdə daha da artan qadın ölümlərinə diqqət çəkməkdir. Bu ilki sloqan “Mən bahara layiqəm” şiddətə qarşı qadın birliyi və yaxşı yaşam şərtlərinə çağırışdır.
74 ölkədən 416 filmin daxil olduğu müsabiqədə iştirakçılar 3 yerli və xarici müsabiqə kateqoriyası üzrə mükafatlar uğrunda yarışacaqlar.
Seçim komitəsi tərəfindən seçilən 21 film, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametralı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, festivalın proqramı masterklas, müzakirələr, rejissorlarla sual-cavab sessiyası, performativ teatr və interaktiv incəsənət və inkluziv tədbirlər ilə zəngindir.
Müsabiqə proqramının bütün filmləri orijinal dilində azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində xüsusən Gəncə və Gəncə ətrafından olan aktiv gənclər əməkdaşlığa cəlb olunub.
Yeri gəlmişkən, Sevil Film Festivalı 2020 – ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına təşviq etmək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.
“Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən  Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcək. Festivalın tədbirlərinə giriş ödənişsizdir.
aki.az