“Sevil” filmi - 50

Azərbaycan Kinematoqrafçılar İttifaqının aki.az saytında  bu gündən etibarən “Milli Kino Tariximizdən” adlı yeni bir rubrika ilə silsilə yazılara start verərək “Azərbaycanfilm” kinostidiyasının keçən əsrdə istehsal etdiyi filmlərin yaranma tarixinə nəzər salacaq, yaradıcı kollektivin əməyindən bəhs edəcək və ən önəmlisi isə yubileyi olan filmlər haqqında maraqlı faktların üzə çıxmasına çalışacağıq. İlk öncə 50 ilini tamamlayan “Sevil” filmindən danışmaq istərdik.

1970-ci ildə “Azərbaycanfilm” kinostudiyası bir çox filmlərlə yanaşı, “Sevil” filmini də istehsalata buraxdı.

Xatırladaq ki, “Sevil” filmi ilk dəfə 1929-cu ildə çəkilib. İkinci dəfə 1963-cü ildə eyni adlı film çəkilməyə cəhd edilib, hətta yaradıcı heyət də müəyyənləşib, təəssüf ki, baş tutmayıb. Nəhayət ki, 3-cü dəfə 1970-ci ildə “Sevil” əsərinə müraciət olunub və film əvvəlkilərdən uğurlu alınıb. Hər halda artıq müasir dövrü əhatə edən 70-ci ilin çəkilişləri digər illərlə müqayisədə üstünlük təşkil edirdi.

Yazıçı-dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılan “Sevil” filmi Azərbaycan kino tarixində ilk film-operadır, eyni zamanda sovet kinematoqrafiyası tarixində müasir mövzuda yaradılmış ilk kinoopera hesab olunur.

Vladimir Qorrikerin quruluşunda çəkilən filmin mərkəzində cəhalətə qarşı üsyan edən Azərbaycan qadınının taleyi durur. Yəni, Sevilin timsalında müsəlman qadınlarının yaşadığı və ya yaşamağa məhkum edildikləri həyat tərzi dayanır.

Film öz dövrü üçün aktuallığını qorusa da, müəyyən səbəblərdən uğursuz filmlər sırasında yer aldı. Bu uğursuzluğu daha çox qabardan filmin çəkildiyi ildə yayınlanan qəzetlər idi.

Ancaq unutmamalıyıq ki, bəstəkar Fikrət Əmirovun “Sevil” operası əsasında yaradılan kino əsəri SSRİ- nin qurucusu V.İ.Leninin anadan olmasının 100 illiyinə və Sovet Azərbaycanının yarıməsrlik yubileyinə həsr edilib. Məhz bu səbəbdən filmin rejissoru Moskvadan dəvət olunub ki, bu da təsadüfi deyildi. Filmin rejissoru Vladimir Qorriker opera yaratmaq sahəsində zəngin təcrübəyə malik olub. Onun rejissorluğu ilə çəkilmiş “Motsart və Salyeri, “İolanta”, “Çar gəlini”, “Daş qonaq” və b. film-operaları dünya ekranlarında göstərilmiş və böyük müvəffəqiyyət qazanmışdı. Rejissor xatirilərində deyib: “ Fikrət Əmirov təxminən 15 il əvvəl bəstələdiyi “Sevil” operasını teatr üçün nəzərdə tutmuşdu. Odur ki, operanı ekranlaşdırarkən istər-istəməz ixtisarlar aparmaq, kino sənətinin səciyyəvi cəhətlərini nəzərə almaq vacib idi. Bəstəkar bu işə böyük yaradıcılıq həvəsilə girişmiş, partituranı filmin tələblərinə uyğunlaşdırmışdı. Filmin quruluşçu rəssamı Elbəy Rzaquliyev və gənc operator Rasim İsamyılovla birlikdə demək olar ki, bütün Bakını, onun yerlərini bir ayadək gəzmiş, çəkiliş meydançalarını müəyyən etmişdik”.

Rejissor onu da bildirib ki, filmin kütləvi səhnələrində 5 minədək adam iştirak edib ki, onların da hər biri üçün paltar tikilib: “”Sevil” film – opera olduğu üçün iş prosesində səs operatorundan xüsusi məharət tələb edilirdi. Yaradıcı heyət uzun müddət Moskvada qalmış, filmin bütün musiqi parçalarını lentə yazmışdır. Ümumittifaq radiosunun böyük xoru, opera-simfonik orkestri, nəfəs alətləri orkestri lent yazılışına dəvət olunmuşdular. Sevil partiyasını Bakı konservatoriyasının yetişdirməsi Gülnarə Əhmədova Azərbaycan dilində, SSRİ Böyük teatrının solisti  Makvala Kasraşvili isə rus dilində oxumuşlar.

Sevil obrazının ifaçısı isə Valentina Aslanova olub. Moskavadan dəvət olunan V.Aslanova sonralar “Azərbaycanfilm”in istehsal etdiyi “Var olun, qızlar (1972), “Ürək, ürək”(1976) filmlərində də çəkilib.

Kino tənqidçilərinin fikrincə, Sevil obrazı baş qəhrəman olmasına baxmayaraq Dilbər obrazının gölgəsində qalıb. Əslində Dilbər obrazını oynayan Səfurə İbrahimova bəlkə də fəaliyyəti dövründə ilk dəfə bu rolda daxili potensialını ortaya qoyub.  Ancaq onun “Sevil” tamaşasında oynadığı Sevil obrazı xarakter etibarilə daha zəngindir. Və bir məqamı da unutmayaq ki, əsərdəki hər iki obraz-istər Sevil, istərsə də Dilbər xarakterik obrazlar olduğuna görə diqqətdə dayanır. Bu baxımdan da obrazın digər obrazlarla müqayisədə yüksəlişi aktrisanın ifasına bağlıdır.

Əsərdə əsas qəhrəmanlardan biri də Balaş obrazıdır. Xalq artisti Lütfiyar İmanov Balaşın partiyasını hər iki dildə ifa edib.

Yeri gəlmişkən, Azərbaycan kinosunun ustad aktyorlarılndan olan, Balaş obrazının mahir ifaçısı Həsən Məmmədov fimlə bağlı xatirələrində deyib ki, bu rolu sınağında onunla birgə Lütfiyar İmanov da iştirak edib. Ancaq son məqamda üstünlük Həsən Məmmədovun ifasına verilib, Balaşın ariyalarını iki dildə oxumaq isə  Lütfiyar İmanova həvalə edilib. Bunu görən Həsən Məmmədov rejissora müraciətlə “Bəlkə elə Balaş obrazını Lütfiyar İmanova tapşırasınız, axı onun ifaçılığında Balaş daha təbii alına bilər” deyib. Bu, aktyorun fikri idi və aktyor obrazı sadəcə öz imkanları çərçivəsindən görə bilər. Ancaq rejissor ümumi görüntünü əsas götürür ki, nəticə etibaril də rejissor işi ustalıq tələb edir.

Filmin rejissoru Vladimir Qorrikkerin Həsən Məmmədova verdiyi cavab çox maraqlıdır: “Operada çalışan vokal aktyorları kino aləmində əsl sənət nümayiş etdirə bilmirlər. Çünki vokal ifaçılarının gözü daima dirijorun çubuğunda olur. Onlar nə qədər gözəl ifaçı olsalar da, aktyor kimi sənət nümayiş etdirə bilmirlər”.

Zamanında çəkilən və bütün tənqidlərə baxmayaraq uğur qazanan “Sevil” filmi əsərin ideyasını qoruyub saxladığı kimi, musiqinin ruhunu da ekranda canlandırmağa müvəffəq oldu.

Filmi zəif hesab edənlər hazırda da var. Ancaq bir məqamı unutmayaq, “Sevil” film-operadır və filmi tam olaraq başa düşmək üçün heç olmasa opera anlayışının olması vacibdir.

Film haqqında geniş danışmaq, geniş müzakirə obyektinə çevirmək olar. Ancaq yubiley yaşı nəzərə alaraq qısa xatirələrlə kifayətlənirik.

Yaxşı ki, zamanında   “Azərbaycanfilm” kinostudiyası belə önəmli sənət nümunələri yaradıb, hətta SSRİ kimi br imperiyanın təzqiylərinə baxmayaraq dəyərli filmlərə imza atıb. Dəyəri getdikcə artan həmin filmlər bu gün baxılır və inanırıq ki, sabah da baxılacaq…

Azərbaycan Kinematoqrafçılar İttifaqı