Azərbaycan Kinematoqrafçılar İttifaqının “Şimalda Kino Günləri” layihəsinin ikinci mərhələsi də uğurla başa çatdı. 5-7 dekabr tarixlərində baş tutan bu mərhələ Qəbələ, Şəki şəhərlərini, Oğuz rayonunu, o cümlədən, Oğuzun Musax kəndini əhatə edirdi.
Qəbələnin Mədəniyyət Mərkəzində baş tutan ilk nümayişdə yerli tamaşaçılara rejissor Qulu Əsgərovun “Mən burdayam, İlahi” tammetrajlı filmi təqdim olundu. Filmə böyük maraqla baxan tamaşaçılar daha sonra öz təəssüratlarını bölüşdülər və belə bir film ərsəyə gətirdiklərinə görə, yaradıcı heyətə minnətdarlıqlarını bildirdilər. Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin metodisti Anar Rüstəmli layihənin əhəmiyyətini vurğuladı.
Layihənin ikinci günü Oğuz rayonunun Mədəniyyət Mərkəzində Əli Səttar Quliyevin “Olimpiya” bədii filmi təqdim olundu. Filmə baş rolun ifaçısı, Xalq artisti Qurban İsmayılovla birlikdə baxan tamaşaçılar, daha sonra, aktyora suallarını verdilər, filmlə bağlı fikirlərini dedilər, daha çox filmlər görmək istədiklərini bildirdilər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədr müavini Mehman Ramazanov da çıxış edərək bu cür layihələrin vacibliyindən danışdı.
Oğuz rayonunun Musax Kənd Diyarşünaslıq Evində keçirilən ikinci seansda isə kənd sakinləri gənc rejissor Şirin Əhmədovun “Qütb ulduzu” qısametrajlı bədii və İntiqam Hacılının “Atam, anam, bir də mən” sənədli filmlərinə böyük ekranda baxmaq imkanı qazandılar. Əksəriyyəti gənclərdən ibarət olan tamaşaçılar nümayişdən sonra baş tutan müzakirədə fəal iştirak etdilər. İkinci filmin müəllifi, həm də “Şimalda Kino Günləri” layihəsinin icraçı prodüseri İntiqam Hacılıya film haqqında fikirlərini çatdırdılar.
“Şimalda Kino Günləri” layihəsinin sonuncu günündə şəkili tamaşaçılar, əvvəlcə M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzində rejissor İlqar Nəcəfin “Suğra və oğulları”, daha sonra isə Şəki “ASAN xidmət” mərkəzinin kinoklubunda Mirsadıq Ağazadənin “Eviniz abad” filmlərinə baxdılar. “Suğra və oğulları” filminin nümayişindən sonra aparılan ənənəvi müzakirələr zamanı rejissor İlqar Nəcəf tamaşaçıların suallarını cavablandırdı, Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov isə artıq unudulmaq üzrə olan bir ənənəni dirçəltmək təşəbbüsünə görə Azərbaycan Kinematoqrafçılar İttifaqına minnətdarlığını bildirdi və bölgələrdə kinoteatrların yaradılmasının vacibliyindən danışdı.
aki.az