Sonaxanım Mikayılovanın yubiley yaşı tamam olur

“Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuduğum illər “qızıl” dövr idi. O cür mühitdə, elə möhtəşəm sənətkarların əhatəsində böyümək isə ikiqat gözəllik qazandırır. Biz tamaşalara, filmlərə gedirdik, sənətin içində olduğumuzu hiss edirdik, bu sənətin necə dərin bir ümman olduğunun fərqinə varırdıq” deyən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, aktrisa, Əməkdar artist Sonaxanım Mikayılovanın ad günüdür.

S.Mikayılova 2 fevral 1957-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda-Yevgeni Matveyevin kursunda təhsil alıb.

Aktrisa yaradıcılıq fəaliyyətinə 1980-ci ildə Yazıçı Bayram Bayramovun ssenarisi əsasında Ziyafət Abbasovun quruluş verdiyi “Onun bəlalı sevgisi” filmindəki Xalidə obrazı ilə başlayıb. Sonralar bir çox filmlərdə də (“Qaladan tapılan mücrü”-Ana(1982), “Köhnə bərə”-Əminə(1984), “Bircəciyim”-Zəminə(1986), “Qəm pəncərəsi”-Ana(1986), “İmtahan”-Qumrunun anası(1987), “Yay gününün xəzan yarpaqları”-Poçt işçisi(1987), “Şahid qız”-tibb bacısı(1990), “Yalan”-Tükəzban(2006), “Cavid ömrü”-Cavidin anası(2007), “Qala”-Əsli(2008), “Ölüm növbəsi”-Gülsüm(2009), “Tərsinə çevrilmiş dünya”(2011) və s.) maraqlı rollar silsiləsi yaradıb. Bundan başqa, aktrisa xarici film istehsalçılarının çəkdikləri “Dronqo”(2002), “Silah” (2008) seriallarında da çəkilib.

S.Mikayılova deyir ki, 15 yaşında kinostudiyanın ikiillik aktyorluq kurslarında oxuyub: “Bir gün mənə dedilər ki, Moskvaya tələbə qəbulu elan edilib, Yevgeni Matveyevin sinfinə. Öz-özümə fikirləşdim ki, mütləq özümü sınamalıyam. Yüzlərlə gənc gəlmişdi bəxtini sınamağa. Cəmi isə 15 yer ayrılmışdı. Həmin o 15 yerə tələbə seçimi üçün Matveyevdən başqa bizim sənət ustalarımız da gəlmişdi – Həsənağa Turabov, Ziyafət Abbasov və başqaları. Təbii ki həlledici söz Matveyevə məxsus idi. İmtahan gedən otaqda balaca bir səhnə quraşdırılmışdı. Bizi bir-bir çağırıb hərəmizə bir tapşırıq verilirdi. Tapşırıqlar müxtəlif həyat situasiyalarında özümüzü necə apara biləcəyimizə aid idi…”.Azərbaycandan seçilən 15 tələbə arasında Sonaxanım Mikayılova da olur.

Aktrisa qeyd edir ki, hələ Moskvada təhsil aldığı illərdə tələbə yoldaşları ilə birgə filmlərin səsləndirilməsində iştirak edib. Təhsil illərindən sonra vətənə dönən aktrisa fəaliyyətinə kinoda davam edir, eyni zamanda dublyajda da bir çox filmlərin səsləndirməsində iştirak edir.

S.Mikayılovanın 1989-cu ildən çalışdığı “Yuğ” Teatrındakı fəaliyyəti isə bir başqa əhval-ruhiyyə üstünə köklənib. Adı çəkilən teatrın səhnəsində ifa etdiyi obrazlarla teatr ictimaiyyətinin diqqətini özünə cəlb edən aktrisa bütün bunlarla da kifayətlənməyərək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan teatrı, kinosu üçün onlarla tələbə yetişdirib.

Kinoda ilk rolu olan Xalidə obrazı ilə tamaşaçıların sevgisini qazanan aktrisa deyir ki, “Onun bəlalı sevgisi” filmində çox tanınmış insanlarla tərəf müqabili olub ki, indi onların bir çoxu həyatda yoxdur: “Filmdə iki qrup aktyor ansamblı vardı. Birinci qrupda Fuad Poladov, Şəfiqə Məmmədova, Mikayıl Mikayılov və mənim rolumu oynayan bizim kursdan bir qız var idi. İkinci qrupda bizim ansambl var idi, Hacıbaba Bağırov, Nailə Bağırova, Mikayıl Mikayılov və mən. Kinosınaqlar keçiriləndə üstünlük bizim qrupa verildi. Filmdə “komsomolka”nı, briqadiri, öz işinə can yandıran bir qızı oynadım”.

Yeri gəlmişkən, filmdə tələbə Bəhruz diplom işi üçün istehsalı idarəetmə mövzusunu seçir. Müdafiəyə yaxşı hazırlaşmaq məqsədilə o, tikiş fabrikində direktor katibəsi vəzifəsinə işə düzəlir. Fabrikin direktoru Şövkətlə Bəhruz arasında gedən işgüzar münaqişə, digər tərəfdən onların bir-birini təmiz qəlblə sevmələri filmin əsas süjet xəttini təşkil edir.

1984-cü ildə Sabir Azərinin “Duman çəkilir” pyesi əsasında rejissor Elxan Qasımovun ekranlaşdırdığı “Köhnə bərə” filmində Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsindən, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsindən söhbət açılır. Eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması və üzümçülərin qarşısında duran sosial-iqtisadi problemlər də diqqətə çəkilir.

S.Mikayılova filmdə  əsas rollardan birini Əminə obrazını oynayıb. Aktrisanın filmdə Fəxrəddin Manafovla olan tərəfmüqabil işi maraqlı olduğu qədər də düşündürücüdür.

2008-ci ildə Ramiz Rövşənin ssenarisi əsasında Şamil Nəcəfzadənin quruluş verdiyi “Qala” filmində Əsli obrazına Sonaxanım Mikayılova dəvət alır.

Qeyd edək ki, filmdəki hadisələr XX əsrin 90-cı illərini əhatə edir. Filmdə dağların arasında ucqar bir kəndin yaxınlığındakı olan bir qalanın  vaxtilə düşmənlərin hücumuna məruz qalması, ancaq heç vaxt təslim olmaması diqqətə çəkilir. Kəndə gələn çəkiliş qrupu və onların bu qalaya göstərdiyi maraq kənd camaatının qədim abidəyə münasibətinə təsir edir. Onlar  artıq bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər. Kadrdan-kadra dəyişən və hadisələrin axarını müəyyənləşdirən ekran əsərində Sonaxanım Mikayılovanın yaratdığı Əsli obrazı hadisələrin iştirakçısına çevrilir.

Ümumiyyətlə S.Mikayılova oynadığı rolların əhatəsində olan insanların həyatını da öyrənən və həmin insanlarla olan münasibətləri açmağa çalışan aktrislardan biridir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti adından aktrisa Sonaxanım Mikayılovanı yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Aki.az