“Sonuncu foto”, “Günel”, “Oğul” filmlərinin təqdimatı
Aprelin 5-də Azərbaycan Kinematoqrafçılar İttifaqının “Yeni Azərbaycan kinosu” layihəsi çərçivəsində “Azərbaycan Cinema” kinoteatrında yeni nəsil rejissorların filmləri nümayiş olunub.
Türkan Hüseynovanın “Sonuncu foto”, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının mükafatçısı Şirin Əhmədovun “Günel” və Pərviz Gülməmmədovun eyni festivalının mükafatçısı olan “Oğul” filmləri nümayiş olunub. Bu dəfə də film gecəsi anşlaqla keçib.
Tədbirdə moderatorluq edən kinoşünas Sevda Sultanova müəlliflərin təsirləndiyi Azərbaycan rejissorlarının kimlər olduğu ilə maraqlanıb.
Rejissorlar suala belə cavab verib:
Türkan Hüseynova: “Azərbaycan kinosunda 3 nəfər var ki, onları özümə müəllim kimi bilirəm. Birincisi, Rüstəm İbrahimbəyov, ikincisi, Elçin Musaoğlu, üçüncüsü Hilal Baydarov”.
Pərviz Gülməmmədov: “15 dəqiqəlik bir qısa film çəkmişəm. Bunu xüsusi bir rejissorluq yaradıcılığı hesab edə bilmərəm. Amma burada “təsirləndiyim hansısa rejissorlar var” demək bir az şablon səslənər. Bununla yanaşı, təbii ki, mənim də həm xaricdə, həm Azərbaycanda izlədiyim rejissorlar var”.
Şirin Əhmədov: “Sevdiyim rejissorlar əlbəttə ki, var. Elə biri də öz müəllimim Oqtay Mirqasımovdur. Burdadır, ona təşəkkür etmək mənim borcumdur. Mən universitetə qəbul olmamışdan əvvəl “Bakı küləyi”ni çəkmişdim. Oqtay müəllimin filmlərinə baxmışdım, amma onun daxili aləmindən xəbərim yox idi. Universitetdən sonra anladım ki, Oqtay müəllim bizə nəinki kinonun texniki tərəflərini, həm də onun fəlsəfəsini öyrədir”.
Rejissor Pərviz Gülməmmədov çıxışı zamanı “Oğul”un operator və prodüseri Seymur Seyidbəyliyə təşəkkür edib: “Çox sağ ol ki, mənə güvəndin, bu filmi çəkdik”.
İzləyicilər arasında olan Xalq artisti, rejissor, ssenarist Oqtay Mirqasımov gənc rejissorlara öz məsləhətlərini verib: “İnsanlar arasında və cəmiyyətdə bədbinlik və nikbinlik mövcuddur. Bəlkə bədbinlik fəlsəfəyə çevrilir, bəlkə genetik, bəlkə də sosial bir hadisədir. Bunu qadağan etmək olmaz. Bu var və bütün dövrlərdə olub. Amma mənim fikrimcə, bədbinlik xəstəlikdir. Niyə? Çünki həyatın özü pozitivdir. Kosmos pozitivdir, rəqəmlər cədvəli pozitivdir, sonsuzdur. Məkan sonsuzdur. Yaşamaq istəyi ən böyük və uğurlu instinkdir. Çətin vəziyyətə düşən hər bir insan özünü qorumağa çalışır”.
Rejissor həmkarları ilə dramaturgiya haqda fikirlərini də bölüşüb: “Kino dramaturju bir növdür. Dramaturgiya varsa, deməli, ağla-qara arasında mübahisə getməlidir. Amma əgər qara ilə qara mübahisə edirsə, bu, peşəkarlıqdan uzaq kino, teatr, ədəbiyyatdır. Mən demirəm ki, bütün əsərlərin sonu bəsit, yaxşı adamın qələbəsi ilə qurtarmalıdır. Amma mütləq qələbə çalmaq istəyi olmalıdır”.
Moderatorun “Bizdə bəzən belə bir mühafizəkar mövqe səslənir ki, Azərbaycanda çəkilən sosial dramlar, məişət həyatının çətinlikləri Azərbaycanı mənfi cəhətdən göstərir və festivallarda bizim imicimizə xələl gətirir. Bu fikirlə bağlı hansı rəyiniz var?” sualına Türkan Hüseynova sualla cavab verib: “Bizdə sosial mövzulu hansı film festivalda olub ki?”
– Sevda Sultanova Məsələn, “Biləsuvar” filmi.
– Türkan Hüseynova Məncə, “Biləsuvar” psixoloji film idi.
Pərviz Gülməmmədov: “Mütləq deyil ki, ancaq neqativ tərəfləri göstərək. Müsbətləri də göstərmək olar. Amma əsas odur ki, kim hansı məsələyə toxunmaq istəyir. Məsələn, mənim filmimdə yalançı urbanizasiya problemi var. Mən bu problemlə hər addımda qarşılaşıram. Bunu necə görməyəsən? Bu problem hər yerdədir. Mən buna gözümü bağlaya bilmərəm”.
Şirin Əhmədov: ” Mənim filmimin mövzusu əslində, primitiv görünə bilər. Bu mövzuya aid filmlər də çoxdur. Sadəcə olaraq, mənim baxışım bu yöndən oldu. Ümumiyyətlə, mən hansısa ssenarini yazanda, həmin mövzu məni narahat etməlidir. Məsələn, kim isə mənə sifarişlə film çəkdirmək istəsə, mən ondan imtina edə bilərəm. Çünki məni hansı problem gərək daxildən narahat etsin ki, qığılcım yaransın və mən film çəkim”.
İzolda Ağayeva