“Sonuncu” sənədli filmi Rotterdam kinofestivalının rəsmi proqramında
“Azərbaycanfilm” kinostudiyasının direktoru, rejissor Fariz Əhmədovun quruluş verdiyi “Sonuncu” (“The Last One”) sənədli filmi Rotterdam beynəlxalq kinofestivalının əsas proqramına düşüb. Film qısametrajlı və ortametrajlı filmlәr müsabiqәsindә iştirak edәcәk.
“Salnaməfilm” studiyasının və Bakı Media Mərkəzinin birgə istehsalı olan film Kürdili adasının sonuncu sakini Vitali Pronin həyatından bəhs edir.
1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində Kürdili adasının yaşayış üçün əlverişsiz hala gəlməsi, əhalinin əksəriyyətinin adadan köçməsi filmin əsas süjet xəttini təşkil edir. Qazsız, işıqsız və demək olar ki, insansız qalan adanın tənhalaşması, təbiətin, heyvanların vəhşiləşməsi, evlərin dağılması və 68 yaşlı Vitalinin tənha həyatı, adayla nəfəs alması ekrana köçürülüb.
Filmin ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədov, quruluşçu rejissor Fariz Əhmədov, operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovski, baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynovdur.
aki.az