Azərbaycan Kinematoqrafçılar İttifaqının iki ildən çoxdur ki, mütəmadi olaraq bölgələrdə təşkil etdiyi “Kino günləri” layihəsi bu il işini tamamladı. Sonuncusu “Şimalda kini günləri” başlığı altında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Balakənin Şərif, Qaxın Almalı, Oğuzun Musax kəndlərində baş tutan kinomarafonun bir neçə mərhələsində moderator kimi mən də iştirak edirdim. İlk dəfə bu ilin iyulunda “Şirvanda kino günləri” çərçivəsində Hacıqabulda keçirdiyim təkcə bir gün o qədər dərin iz qoymuşdu, elə çox suallar yaratmışdı ki, layihənin icraçıları Ülviyyə Əhmədova və prodüser, rejissor İntiqam Hacılıdan məni də layihəyə daxil etmələrini xahiş etmişdim.
Düz bir həftə hər gün yeni yerdə, fərqli gözəlliyə oyanmaq, tələsik hazırlaşıb çamadanı sürüyə-sürüyə hoteldən çıxmaq (“sürümək” sözü situasiyanın bədii təsir gücünü artırmaq üçündür. Əslində, çamadanı İntiqamla fotoqrafımız Şəhriyar Camalbəyli daşıyırdı), yolboyu rastıma çıxan insanlarla salamlaşmaq, kinoya dəvət etmək, böyüklərlə ayrı, uşaqlarla ayrı ünsiyyət… Elə çox təəssürat yığılıb ki, gələndən bəri danış-danış, bitmir.
Ondan başlayım ki, bölgədən-bölgəyə keçdikcə təcrübəmiz artır və nümayiş proqramı təkmilləşdirilir. Əgər Cənubda, Aranda, Şirvanda keçirilən kino günlərində qısametrajlı, az sözlü, ya da sözsüz filmlər üstünlük təşkil edirdisə, “Şimalda kino günləri”ndə proqramda tammetrajlı filmlərin sayı artırılmışdı. Bu dəfə proqrama Emin Əfəndiyevin “Tənha insanın monoloqu”, Şirin Əhmədovun “Qütb ulduzu”, Qulu Əsgərovun “Hasar” bədii, İntiqam Hacılının “Atam, anam, bir də mən” sənədli qısametrajlı filmləri və İlqar Nəcəfin “Suğra və oğulları”, Qulu Əsgərovun “Mən burdayam, İlahi!”, Mirsadıq Ağazadənin “Eviniz abad”, Əli-Səttar Quliyevin “Olimpia” tammetrajlı filmləri daxil edilmişdi.
Nümayişlərdə rejissorlar Mirsadıq Ağazadə, İlqar Nəcəf, Emin Əfəndiyev, “Mən burdayam, İlahi!” filminin baş rol ifaçılarından biri, aktrisa Günay Həsən, “Olimpia” filminin qəhrəmanını canlandıran Xalq artisti Qurban İsmayılov da iştirak edirdilər.
Şimal bölgələrinin insanları fikirlərini bildirməkdə daha rahatdırlar. Tək-tük halları çıxmaq şərtilə, demək olar, hər yerdə tamaşaçılar filmlərə axıra qədər baxır, zalı tərk etmirdilər. Film bitəndən sonra apardığımız ənənəvi müzakirələrdə səmimi münasibətlərini bildirir, çoxlu suallar verirdilər. Xüsusən, uşaqlar. Saf, işıqlı, humanist uşaqlar…
Qaxın Almalı Kənd Mədəniyyət Evində proqrama əsasən “Təhna insanın monoloqu” filmini göstərməli idik. Mədəniyyət Evinin balaca zalına girəndə 5-12 yaşında uşaqlarla dolu olduğunu gördük, davamı da gəlirdi. Mədəniyyət Evinin direktoru Sənubər Əliyevaya filmin uşaqlar üçün olmadığını deyəndə “xahiş edirik, uşaqları peşman etməyin, dünəndən həyəcanla gözləyirlər” cavabını eşitdik. Biz də əlimizdəki filmlərin arasında azyaşlı uşaqlara qismən uyğun olanı – Qulu Əsgərovun “Hasar” filmini seçdik. Çox maraqla baxırdılar, qəhrəmanın nə edəcəyini tapmağa, bir dəqiqəni belə qaçırmamağa çalışırdılar. Sonda onların da fikirlərini soruşduq. Təxminən, 9-10 yaşlarında bir oğlan Vidadi Həsənovun qəhrəmanının davranışı haqqında “O, oğlunu itirmiş atadır. Ona görə, düşmən də olsa, qonşusunun dərdini anlayır və kömək edir” dedi. Uşaqlar filmin ideyasını böyüklərdən daha yaxşı başa düşmüşdülər.
Oğuzun Musax kəndinin Diyarşünaslıq Evindəki nümayişdə də tamaşaçıların yarıdan çoxu uşaqlar idilər. Böyüklərin deməyə cəsarət etmədiklərini çəkinmədən dilə gətirir, sevdikləri filmlərdən, cizgi filmlərindən ağızdolusu danışırdılar.
Böyüklər isə… Böyüklər də Sovet vaxtı tez-tez hind filmlərinə baxdıqlarını xatırlayır (lap Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” filmindəki kimi), uzun illərdən sonra yenə filmə baxmaq imkanı qazandıqlarına görə təşəbbüskarlara təşəkkürlərini göndərirdilər.
Aralarında övladı, qardaşı, qohumu, dostu şəhid olan çoxlu tamaşaçılar vardı. Sevdiklərinin itkisi ilə hələ də barışa bilməyən, müharibədən bəhs edən filmlərdə gözləri onları axtaran insanlar… Filmlər bitəndən sonra zalda sevdiklərindən danışırdılar. Doymurdular, bayırda da yaxınlaşırdılar, onların hər birinin həyatının kinoya layiq olduğunu göstərməyə çalışırdılar. Kino onlara sevdiklərini diriltməyin yolunu göstərmişdi sanki…
İstisnasız hər yerdə məktəb, kənd klublarının direktorları öz müəssisələrində filmlər göstərmək istədiklərini deyir, tövsiyə istəyirdilər. Şəkidə “Asan Xidmət” Mərkəzinin kinoklubundakı nümayişimiz isə ən çox görüş yeri kimi bu məkanı seçmiş sevgililərin ürəyincə oldu. Film göstərəcəyimizi eşidən kimi, zalın ən arxa sıralarında yerlərini tutdular, “Eviniz abad” filminə baxa-baxa birlikdə güldülər, kədərləndilər, bəlkə bir az da sevginin gücünə inamları artdı. Axırda da növbəti filmin nə vaxt olacağını soruşdular. AKİ-nin layihəni 2025-ci ildə daha geniş miqyasda davam etdirmək niyyəti olduğunu bildiyimizə görə ürəkdən “Tezliklə!” dedik.
Ümumiyyətlə, sadəcə onlar yox, getdiyimiz hər yerdə insanlar belə kinonümayişlərin daha çox və stabil olmasını istəyirdilər. Şəkidə birinci nümayişi keçirdiyimiz M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin direktoru Ağəli müəllim deyirdi ki, Şəki Dram Teatrının da, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrının daimi tamaşaçıları var, hətta bəzən tamaşalar anşlaqla keçir, əgər insanlar haradasa stabil şəkildə film göstərildiyini bilsələr, məmnuniyyətlə gedib baxarlar. Təkcə qalır onlara bu imkanı yaratmaq… Yeni ildə Şaxta babadan dilədiklərimizdən biri də bu olsun. Yeni iliniz mübarək!
Aygün Aslanlı