Ssenari müsabiqəsinin qalibinə mükafat təqdim olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə sənədli kino sahəsində aktivliyi artırmaq, o cümlədən Rusiyada elm, mədəniyyət, ictimai fəaliyyəti ilə görkəmli nəticələr əldə etmiş azərbaycanlıları daha geniş tanıtmaq məqsədi ilə “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsi elan etmişdi.

Rüstəm İbrahimbəyovun sədrliyi ilə Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu münsiflər heyəti Milli Kino günü öncəsi qalibləri müəyyən etmişdir:

1-ci yer – “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)

2-ci yer – “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)

3-cü yer – “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova), “Next” (Çingiz Rəsulzadə), “Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva).

19 May 2021 ci il tarixində keçirilən tədbirdə  müsabiqənin 1-ci yer qalibinə mükafatı təqdimetmə mərasimi baş tutmuşdur. Mükafatı Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov “Aşur evi” ssenarisinin həmmüəllifi  Seyran Mahmudoğluna təqdim etmiş və tezliklə layihənin reallaşacağına ümid etdiyini bildirmişdir.

Rüstəm İbrahimbəyov İqor Aşurbəyli haqda ssenarinin qalib olduğuna sevindiyini bildirib. O, təəssüflə İqor Aşurbəylinin fəaliyyəti ilə vətənində az tanış olduğunu qeyd etdi və çəkiləcək filmin bu halı aradan qaldırmaqda müsbət rol oynayacağını qeyd etdi.

Sonra tədbir iştirakçıları “Rusiyanın görkəmli azərbaycanlılar” sənədli film ssenarisi müsabiqəsinin qalibi “Aşur evi” ssenarisinin qalibi haqda məlumatlandırıcı qısa video filmə baxdılar.

aki.az