Noyabrın 28-i Azərbaycan Kinematoqrafçılar İttifaqının kinozalında “Ssenaristlərin meydanı” platforması çərçivəsində növbəti görüş baş tutdu. Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Sevda Sultanova bildirdi ki, ssenarist, dramaturq, “Tağıyev” tetralogiyasının ssenari müəlliflərindən biri İsmayıl İman öz təcrübəsini bölüşəcək: “İsmayıl İman tarixi hadisə, tarixi şəxsiyyətin ssenaridə işlənməsi, bədii əksin təsviri mövzusunda danışacaq. Eyni zamanda, qonağımız “Tağıyev” silsiləsi üzərindəki iş prosesinin vacib məqamları haqda söhbət açacaq”.

İsmayıl İmanın fikrincə, tarixi film, ilk növbədə, böyük məsuliyyət və əmək tələb edir:
“Hər bir tarixi film insanla başlayır, qəhrəmanın motivasiyasını, bioqrafiyasını, davranış və daxili ziddiyyətlərini öyrənmək, onun addımlarının səbəblərini bilmək vacibdir. Səbəb-nəticə əlaqələrinin analizi keçirilməlidir. Hər bir yaxşı filmdə qəhrəmanın transformasiyası lazımdır. Qəhrəmanın necə, niyə dəyişdiyini öyrənmək vacibdir. Tağıyev böyük və maraqlı şəxsiyyətdir. Mənim üçün “Tağıyev” layihəsi 2019-cu ildə başlayıb. Bu, o dövrlə bağlı mənim ilk təcrübəm idi. Adətən, əsərlərimdə ötən əsrin 40-50-60-cı illərini araşdırırdım. Özümə sual verdim ki, bu dövrü araşdıra bilərmmi? Maraqlı və məsuliyyətli iş idi. Tağıyev haqda məktəb illərində öyrənmişdim. Yenidən onu araşdırmaq lazım idi. Onun həyatı, tərcümeyi-halı və onunla bağlı olan bütün məsələləri öyrənməliydim. Tağıyev 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində çox aktiv fəaliyyət göstərmişdi. Sosial və siyasi məsələlərdə iştirakı və rolu əhəmiyyətli idi. Seçimimiz vardı ki, film üçün hansı hadisəni götürək. Nəticədə 4 film çəkildi. Əslində 8 bölüm çəkmək istəyirdik. Amma mümkün olmadı. Bir neçə hadisə kənarda qaldı, çünki dediyim kimi, seçməliydik ki, hansı hadisələrə diqqəti yönəldək. Bizim silsilədə hadisələr 1901-ci ildə bitir. Amma 1918-ci ilə qədər də etmək olardı. Yəni, birinci və önəmli məsələ şəxsiyyətdir. Ya da bir tarixi filmdə bir neçə şəxsiyyət ola bilər. Onların həyatını öyrənib, analiz etmək vacibdir”.

İsmayıl İman bildirdi ki, tarixi filmin ssenarisi üzərində işləyərkən, nəzərə alınmalı məqamlardan biri dövrdür: “O zaman nə baş verib, hansı önəmli hadisələr olub. Personajların yaşadığı dövrün dəqiq anlaşılması filmin inandırıcılığının əsas şərtidir. Bunun üçün siyasi prosesləri, sosial normaları, mədəni vərdişləri bilmək lazımdır. Kino “dövrün ruhuna” həssas yanaşmalıdır, yəni təkcə faktları bilmək yox, həm də dövrün mentalitetini hiss etmək vacibdir; insanlar necə yaşayırdı, necə düşünürdü və s.
Eyni zamanda, dövrün qlobal və mürəkkəb məsələlərini (məsələn, geosiyasət) sadə və məişət səviyyəsinə qədər öyrənməlisən: nə yeyirdilər, nə barədə danışırdılar, hansı kitabları oxuyurdular, hansı hadisə və ya fenomenləri müzakirə edirdilər. Misalçün, Azərbaycandan söhbət gedirsə, ölkənin, Bakının vəziyyəti necə idi. 19-cu əsrdə Bakının Rus İmperiyasında rolunu başa düşməlisən və böyük məsələlərdən çox sadə məişət səviyyəsinə enməlisən. Şəxsiyyətin yaşadığı dövrü tam hiss etməlisən. Süfrə ilə bağlı səhnə vardısa, sən bilməlisən ki, süfrədə nə ola bilərdi. Yaxud 3-cü bölümdə Sona Tağıyeva Mopassanın “Boyunbağı” hekayəsini danışırdı. Mən araşdırdım ki, o dövrdə bu kitab rus dilinə tərcümə olunmuşdumu? Olunmuşdu və Sona Tağıyeva bu hekayəni oxuya bilərdi. Sual yaranır ki, niyə bu hekayə? Bu hekayəyə əsasən, qadın zadəgan olmaq istəyir, bu boyunbağını alır, itirir, sonda bilir ki, sadəcə, dəyəri olmayan boyunbağıdır. Bu motiv Tağıyevin hekayəsinə uyğundur. Çünki ikinci bölüm Tağıyevin zadəgan olması məsələsinə həsr edilib. Ona görə hekayə ilə əlaqəsi var. Təbii ki, bunu tapmaq, araşdırmaq lazımdır. Həmçinin, qəhrəmanın hekayəsinə uyğun ədəbi hekayəni seçmək. Buna ən azı bir neçə saat vaxtımız getdi, müəllif, hekayə uyğundurmu yoxsa, yox. 3-cü bölümdə Tağıyevin bağında ailə yığışır və Eyfel qülləsini müzakirə edirlər. Eyfel qülləsi təzə açılmışdı onda və ehtimal ola bilər ki, bu, müzakirə oluna bilər. Çünki, İsmayıl və yoldaşı Parisə getmişdilər”.
Tarixi filmlərdə dil faktorunun da vacibliyinə toxunan İsmayıl İman dövrün dilini hiss etməyin zərurətini qeyd etdi:
“Personajların danışığı autentik səslənməli, amma müasir tamaşaçı üçün anlaşılan qalmalı və müasir auditoriyaya uyğunlaşdırılmalıdır. Təbii ki, 19-cu əsrdəki Azərbaycan dili müasir dövrümüzdəki dildən fərqlənir. O dövr üçün çox sözlər vardı ki, türk dilindən alınmadır. Müasir azərbaycanlı hesab edə bilər ki, burada türk sözlərindən istifadə edilib. Amma onda istifadə olunurdu. İstər-istəməz 18-19-cu əsrlərin dili müasir auditoriyaya uyğunlaşdırılmalıdır və eyni zamanda, alınma neologizmlərdən istifadə olunmalıdır. Arxaizmlərdən isə ehtiyatla istifadə edilməlidir. Çünki çox istifadə edilsə, başa düşülməyəcək. Həmin dövrün ədəbiyyatına müraciət olunmalıdır. Əbdürrəhim bəy Haqverdiyevin pyeslərindən, konkret söz və söz birləşmələrindən istifadə etmişəm. Rus dilində yazılmış dialoqlarda isə Ostrovskinin əsərlərindəki sözlərə müraciət etmişəm. Danışıq müxtəlifliyi, yəni fərqli təbəqələrin, peşə sahiblərinin və bölgələrin fərqli dil üslubu da nəzərə alınmalıdır. Çünki zadəganla molla fərqli danışır”.

İsmayıl İman mənbələrin də əhəmiyyətindən danışdı:
“Tarixi film geniş material bazası tələb edir: bədii və elmi ədəbiyyat, sənədlər, salnamələr, dövrün mətbuatı, arxivlər, rəqəmsal mənbələr. Məzmun və məişət səhvlərindən qaçmaq üçün məsləhətçilər (tarixçilər, dilçilər və s.) mühüm rol oynayır. “Tağıyev” silsiləsini işləyərkən arxivlərdən istifadə edə bilmədim. Pandemiya vaxtı idi. Amma tarixçi Fərhad Cabbarov çox kömək etdi. O dövrlə bağlı mənbələr azdır. Mənbələrin çoxluğu dövrü analiz etmək üçün rahat şərait yaradır. Mənbələrimiz azdır, strukturu yoxdur, araşdırmaq, uyğun formada qeyd etmək böyük zəhmət idi”.
Referenslərin prinsipcə mənbələrə yaxın olduğunu deyən İsmayıl İman vurğuladı ki, hansısa kitab həm referens, həm mənbə ola bilər: “Əli və Nino” həm referens, həm də o dövrün mənbəsi kimi maraqlı idi. Eyni zamanda Baninin “Qafqaz günləri”, Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabları da. Manaf Süleymanovun bu kitabını çox vaxt fakt kimi qəbul edirlər. Burada xalq arasında ağızdan-ağıza gəzən söhbətlər yazılıb. Fakt deyil, amma həqiqət payı da var. Tarixi mənbələrlə yanaşı, vizual, bədii referenslər də faydalıdır; düzdür, bəzən bunlar filmin dövrü ilə birbaşa bağlı olmur. Məsələn, “O olmasın, bu olsun” filmi. Vizual referens azdır. O dövrlə bağlı Lev Vaysenberqin “Kiçik bacı” romanını referens kimi istifadə etməli idim. Amma onu tapa bilmədim. Sovet təbliğatı olsa da, yaxşı yazılmışdı. Referenslər gələcək filmin ab-havasını, üslubunu və emosional tonunu formalaşdırmağa kömək edir. Gözlənilməz referenslər bəzən orijinal üslub həllinin açarı olur”.
Tarixi filmin miqyas və dərinlik tələb etdiyini vurğulayan müəllif, ssenaridə çoxqatlılığın önəmi haqda da danışdı: “Kadrarxası həyat” hissini yalnız dekorasiyalar, geyimlər və qrafika deyil, həm də qəhrəmanların şəxsi hekayələri ilə dövrün mürəkkəbliyini birləşdirən çoxqatlı ssenari yaradır. İkinci dərəcəli qəhrəmanlar və əlavə süjet xətləri də filmdəki dünyanın genişlənməsinə xidmət edir.
Uğurlu tarixi film hər zaman müasirliklə bir dialoq qurur. Aktual mənası olmadıqda film, keçmişin neytral illüstrasiyasına, sadəcə gözəl açıqcaya çevrilir. Mövzunun aktuallığı və bu günün sualları ilə səsləşməsi tamaşaçı ilə “bağlantının” əsas şərtidir. Film mütləq cavablar verməli deyil, amma bizim zamanımıza suallar ünvanlamalı, müasir mövzuları qaldırmalıdır”.
Sonda İsmayıl İman auditoriyanın suallarını cavablandırdı.
aki.az

