“Suğra və oğulları” Asiya Oskarına nominantdır
Rejissor İlqar Nəcəfin müəllifi olduğu “Suğra və oğulları” bədii filmi Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının (Asian Pacific Screen Academy) “Ən yaxşı ssenari” nominasiyasında mükafata namizəddir.
Adı çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Xatırladaq ki, müəlliflər “Nar bağı” filmi ilə 2017-ci ildə Minskdə keçirilən “Listopad” kinofestivalında da “Ən yaxşı ssenari” nominasiyasında qalib olmuşdu.
Filmin mövzusu İkinci Dünya Müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs edir. Həyat yoldaşı Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və uzun müddət xəbər ala bilməyən Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqəsi gəlir. Oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır.
Asiya və Sakit Okean ölkələri Kino Akademiyasının üzvü olan İlqar Nəcəf, sözügedən Akademiyanın “Ən yaxşı uşaq filmi” (“Buta” filmi ilə) və “Ən yaxşı gənc rejissor” nominasiyasında da qalib gəlmişdi.
Qeyd edək ki, Bakı Media Mərkəzi, “Butafilm”, “Arizona Productions” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filminin əsas çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb və bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak ediblər.