“Suğra və oğulları” bu il təqdim olunacaq
İkinci dünya müharibəsindən bəhs edən “Suğra və oğulları” filminin ilk təqdimatı bu il həyata keçiriləcək.
Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan filmin çəkilişlərində Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətləri ilə yaxından əməkdaşlıq edilən filmdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.
Azərtac-ın məlumatına görə, maraqlı süjet xətti olan filmdə əri Böyük Vətən müharibəsində döyüşlərdə iştirak etmiş və müddətdir xəbər ala bilməyən Suğra iki oğlu ilə birgə dağ kəndində yaşayır. Bu ərəfədə isə onun böyük oğluna da çağırış vərəqi gəlir. Oğlunu da itirəcəyindən narahat olan Suğra tərəddüd edir və sonda böyük oğlunu dağlarda gizlənən qaçaqların yanına göndərir. Bundan sonra o, hakimiyyətin yerli nümayəndəsinin timsalında müharibə və imperializmin ağır əziyyətləri ilə üz-üzə qalır.
Qeyd edək ki, filmin əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb. Bir sıra epizodlarda rayonun Suqovuşan kəndinin sakinləri də iştirak ediblər. İkinci Dünya müharibəsi dövrünün bütün keşməkeşlərini özündə cəmləşdirən filmin yaxın vaxtlarda geniş auditoriyaya təqdim olunması ilə yanaşı, beynəlxalq festivallarda da Azərbaycanı təmsil etməsi gözlənilir.
Filmin ssenari müəllifi və rejissoru İlqar Nəcəf, quruluşcu operatoru Avropa Kino Akademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Michael Menzke (Almaniya).
İştirak edirlər: Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, sənətdə debüt edən Hümbət Əhmədzadə, Paşa Məmmədli və b.
Azərbaycan Kinematoqrafçılar İttifaqı