“Suğra və oğulları” bədii filmi kinoteatrda yayıma çıxır

Yanvarın 19-da rejissor İlqar Nəcəfin çəkdiyi “Suğra və oğulları” filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçıların ixtiyarına veriləcək.

Bakı Media Mərkəzi və “Buta Film” şirkətlərinin birgə istehsalı olan filmdə İkinci Dünya müharibəsi dövrü Azərbaycanda – arxa cəbhədə, kənddə yaşayan insanların taleyindən bəhs olunur.

Qeyd edək ki, əksər çəkilişləri Daşkəsən rayonunun Suqovuşan kəndində aparılan filmin yaradıcı heyəti arasında avropalı mütəxəssislər də yer alıb.

Filmin ssenari müəllifləri İlqar Nəcəf, Asif Rüstəmov və Roelof Jan Minnebo (Niderland), quruluşcu operatoru Avropa kinoakademiyasının üzvü Ayhan Salar (Almaniya), səs rejissoru Mixael Menzkedir (Almaniya).

İlqar Nəcəf film haqqında bildirib ki, “Suğra və oğulları” filminin ssenarisi təqribən, 12-13 hekayənin əsasında yaranıb: “Onlardan bir neçəsi mənim babalarımın, yəni öz ailəmin başına gələn hadisələrdir. Belə ki, repressiyaya məruz qaldıqları üçün yaşadıqları yerləri tərk etməyə məcbur ediliblər, həmin köçürmələr zamanı nə qədər insan itkiləri baş verib. Hekayələrin bir qismi isə mənim tanıdığım insanların əhvalatlarıdır, yanımda danışdıqca yazmışdım. Biz ssenarini ilkin mərhələdə Asif Rüstəmovla işlədik, sonra Rolfa (Rolf Jan Minneboo-red.) göndərdik. Ora daxil etdiyimiz hekayələrin bir çoxu müharibə illərində baş verib. Bu səbəbdən, ssenari də bizi istər-istəməz həmin dövrə yönləndirdi”.

Rejissor onu da qeyd edib ki, filmdə söhbət, təxminən, 85 illik keçmişdən gedir və bu dövrə aid dekorasiyalar, rekvizitlər, geyimlər, konkret detallar deməkdir: “Filmin büdcəsi az olduğundan bütün bunları təşkil etmək çətin idi. Filmi ağ-qara çəkmək fikrinin yaranma səbəbi də bundan irəli gəldi.  Düşündük ki, o dövrü doğru təsvir etmək baxımından bu forma bizə yardım edəcək. Bir də, təbii ki, operatorumuz Ayhan Salara güvəndik. Biz rejissor və operator olaraq bir-birimizi çox yaxşı başa düşürük, hekayəni duymaq, təsvir həllini müəyyənləşdirmək baxımından aramızda çox gözəl daxili uzlaşma yaranıb, onunla işləmək çox rahatdır. Beləcə, bütün sadaladıqlarım, zaman olaraq, 1941-1945-ci illərə köklənmək fikrini gücləndirdi. Yəni, material özü bizi müharibə illərinə apardı”.

Xatırladaq ki, filmdə Qurban İsmayılov, Günəş Mehdizadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Aydan Həsənzadə ilə yanaşı, ilk debütünü edən Hümbət Əhmədzadə, Paşa Məmmədli kimi gənc aktyorlar da rol alıblar.

Son söz əvəzi: Film Hindistanda keçirilən Kerala Beynəlxalq  Kino Festivalında, Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya Dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Ekran mükafatlarının “Ən yaxşı ssenari” mükafatına nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.

aki.az