``Suğra və oğulları`` filmi anşlaqla nümayiş olundu

İlqar Nəcəfin “Suğra və oğulları” tammetrajlı bədii filmi aprelin 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” cinemada nümayiş olunub. Tədbiri giriş sözü ilə açan kinotənqidçi Sevda Sultanova, yerli filmlərin AKİ tərəfindən təşkil olunan nümayişlərinin hər zaman anşlaqla keçməsini xüsusi vurğulayıb. Nümayişdən sonra tamaşaçılarla filmin yaradıcı heyəti arasında müzakirələr aparılıb.

Rejissor İlqar Nəcəf, filminin geniş auditoriya yığmasını heç zaman əsas məqsəd kimi qarşısına qoymadığını bildirib. Filmin ssenari müəlliflərindən biri, hollandiyalı ssenarist Roelof Jan Minnebo S.Sultanovanın “Qərbli olaraq, Şərqə aid mövzunun yazılmasında hansı çətinliklərlə rastlaşdınız?” sualına, “Mən qərbli və şərqli insan anlayışının mövcud olmasını qəbul etmirəm. Mənim fikrimcə, insan və onun hekayəsi filmdə əsas mövzu kimi götürülür. Bu film müharibə yox, məhz Suğra haqqındadır. Festivallara hər zaman hadisələr yox, məhz obrazlar maraqlıdır. Azərbaycanın təbiəti və dili olduqca poetikdir. Koreyada bu filmin premyerası zamanı, tamaşaçıların heyranlıqla seyr etdiyinin şahidi oldum. Lakin, müəllif heç zaman festival üçün film çəkməməlidir, danışmaq istədiyi hekayəni çəkməlidir ” deyə cavab verib.

Filmdə Barat rolunu canlandırmış aktyor, Əməkdar artist İlqar Cahangir, rejissor İlqar Nəcəfə, onun istedadına inandığı və filmə dəvət etdiyi üçün təşəkkürünü bildirib. Aktyor, yaratdığı obrazın canlandırılmasında şəxsi təcrübəsindən də yararlandığını söyləyib.

Daha sonra, auditoriyadan verilən “Filmin hekayəsi haradan yarandı və niyə məhz ağ-qara təsvir həlli seçildi?” sualına rejissorun cavabı belə oldu: “Filmdə baş verən hadisələrin demək olar ki, heç biri uydurulmayıb, mənim babalarımdan eşitdiyim əhvalatların üzərində qurulub. O cümlədən, filmdə verilən müəyyən detallar (ocaqda kartof bişirib yemək, qarın içində qarpız aşkar etmək və s.) mənim şəxsi həyatımda, xüsusilə uşaqlıq dövründə baş vermiş məqamlara dayanır. Asif Rüstəmovla (filmin ssenari həmmüəllifi) bu detalları müzakirə etdik, sonradan işin icrasına Roleof qoşuldu və nəticədə bu film ərsəyə gəldi. Filmin atmosferini çatdırmaq üçün, operator Ayhan Salarla ağ-qara təsvir həllini uyğun bilib seçdik ”.

Sözügedən filmdə müəllim obrazını canlandırmış aktyor, Əməkdar artist Rasim Cəfər, İlqar Nəcəflə artıq ikinci iş birliyi olduğunu (birlikdə işlədikləri öncəki film “Teatral həyat” 2008) qeyd edib və “Suğra və oğulları” filminin iş prosesindən də zövq aldığını bildirib.

AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov, rejissor İlqar Nəcəfə: “Tarixi mövzuda çəkilən filmdə iki cür həqiqət ola bilər: tarixi və bədii həqiqət. Filmi ekranlaşdırarkən, tarixi dövrü əks etdirəndə, tarixi həqiqətə qarşı əks getməməyi nə dərəcədə vacib bildiniz?” deyə sual ünvanlayıb. Rejissor bu suala: “İstənilən tarixi mövzuya və faktlara həsr olunmuş film, müəllifdən böyük ustalıq və məsuliyyət tələb edir. Rejissor həmin mövzunun insanlara mümkün qədər dəqiq çatdırılmasına və bəşəriləşdirilməsinə xüsusi diqqətlə yanaşmalıdır. Filmdə əks olunan bu hadisələr Azərbaycan tamaşaçısına yaxşı tanışdır. Və mən də bir müəllif olaraq, eşitdiyim, gördüyüm və inandığım bir hekayəni ekrana gətirmişəm” deyə cavab verib.

Naşir Şahbaz Xuduoğlu “Filmin mövzusu məni heyrətləndirdi. Çünki, Azərbaycan ədəbiyyatında bu mövzuya geniş yer verilməyib və demək olar ki, heç toxunulmayıb. Baxmayaraq ki, bu mövzu bizə olduqca yaxındır. Mən filmin yaradıcı heyətini atdıqları bu ilk addım münasibətilə ürəkdən təbrik edirəm” ifadəsilə ürək sözlərini heyətə çatdırdı.

“Suğra və oğulları” bədii filminin çəkilişləri Daşkəsən rayonunda aparılıb. Filmdə İlqar Cahangir, Günəş Mehdizadə, Səmimi Fərhad, Aydan Həsənzadə, Xalidə Quliyeva, İlqar Cahangir, Rasim Cəfər, Qurban İsmayılov və başqaları rol alıblar.

Film Busan Beynəlxalaq Film Festivalı ( Cənubi Koreya), Kerala Beynəlxalq Kino Festivalında ( Hindistan), Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya Dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Kino Akademiyasının mükafatı uğrunda müsabiqədə “Ən yaxşı ssenari” üzrə nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.

aki.az