Tahir Əliyev: “Sənədli filmlər çəkmək ciddi araşdırma tələb edir”
…“Bədii film tamamilə təxəyyül məhsuludur. Amma sənədli filmdə araşdırma aparmaq və vacib sənədləri tədqiq edib tapmaq, üzə çıxarmaq lazımdır. Bu baxımdan da sənədli filmlər dərin və ciddi araşdılrma tələb edir”. Bu fikirlər Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, kinorejissor Tahir Əliyevin müsahibəsindən(publika.az) götürülüb. Rejissor müsahibədə sənədli kino ilə bağlı maraqlı məqamlara, bəlkə də indiyədək deyilməyən məqamlara yer verib.
T.Əliyev bildirir ki, bir çox sənədli filmlərimiz müəllifin düşüncə və xəyallarının məhsuludur və bu yanaşma ilə sənədli film çəkmək doğru deyil: ”Digər tərəfdən, sırf sənədlər əsasında film çəkmək həddən ziyadə çətindir. Bəzən müraciət olunmuş qəhrəmanların həyatı sənədli filmlərdə şişirdilir və mif yaradılır”.
Cümhuriyyət tarixinə həsr olunmuş sənədli filmlərin müəllifi kimi tanınan rejissor bildirir ki, bu mövzuda təxminən 15-ə yaxın film işləyib: “Cümhuriyyət tariximiz və ikinci dünya müharibəsindən bəhs edən filmlərimin ilkin və əsas səbəbi Ramiz Abutalıbov olub. Əbdürrəhman bəy Düdənginski haqda “Düdəngidən Münxenə” adlı sənədli film çəkirdik. Daha sonra 6 film üzərində bərabər çalışdıq. Ramiz məllim Fransada azərbaycanlıların mühacir həyatını tədqiq edən, qəhərmanlarına yeni nəfəs verib yaşadan və araşdırmalarını qələmə alan nadir şəxsiyyətlərdəndir. Bəzi mühacirlərimizin izlərini, onların məzarlarını axtarmaq üçün Ramiz müəllimlə 6 dəfə Fransada ezamiyyətdə oldum. Hüseyn xan Naçıvanskinin qızı, Tatyana xanımın Nitsa şəhərində itib-batmış məzarını üzə çıxarmışıq. Bilirsinizmi, tarix yaşananlar deyil, yazılanlardır. Bu baxımdan da belə məsələlərdə bir az ciddi olmaq lazımdır”,
Yeri gəlmişkən, rejissor çəkdiyi filmlərin birində baş qəhrəmanı oynayıb: “Filmlərimin içərisində ən çox sevdiyim Əlimərdan bəy Topçubaşovdan bəhs edən “Parisdən məktublar” və Vesilin obrazının prototipi Mirdamət Seyidov haqda çəkdiyim “Unudulmuş partizan”sənədli filmləridir. 2015-ci ildə Bakı Media Mərkəzi “Əbədi ezamiyyət”i ekranlaşdırdı. Mübaliğəsiz deyə bilərəm ki, bu, Azərbaycan Cümhuriyyəti tarixindən bəhs edən ən gözəl filmdir. Filmdə baş rolu, Məmməd Məhərrəmovun obrazını canlandırmışam”.
T.Əliyev onu da qeyd edir ki, Cümhuriyyət tariximizin təbliği üçün ən vacib məqamlardan biri də odur ki, çəkilən sənədli filmlər bədii filmlərlə əvəz olunmasıdır.
Maraqlı məqamlardan biri də odur ki, çəkilişlərlə bağlı bir çox ölkələrdə ezamiyyətə olan rejissor “Uzaq sahillərdə” filmindən yaxşı tanıdığımız, Anjelka obrazını oynayan aktrisa A.Yelikova ilə də görüşüb: “Xəyallarınızdakı o gözəl gənc qız deyildi təbii ki… Müharibədə insan bir az romantik olur, tez bəyənir, tez aşiq olur. 10 il öncə Sloveniyada “Təxəllüsü Mixaylo” filmini çəkib qayıdanda ətrafdakı tanışlar mənə Mehdidən sual vermədilər. Hamı Anjelikanı soruşurdu. Əmin oldum ki, “Uzaq sahillərdə” filmində Anjelika ön plana çıxıb və onu çox bəyəniblər. Naxçıvandan olan bir tanışıma deyirəm ki, Mixaylonun komandiri sağdı bəlkə onu Azərbaycana dəvət edək. Cavabında isə o mənə Anjelikanı gətirməyi təklif etdi. Mənə isə başımı bulayıb çıxıb getmək qaldı”.
Sənət dünyasına, xüsusilə kinoya ciddi yanaşan rejissor İncəsənət Universitetinin kino fakültəsində ciddi islahatlar aparılması fikrini irəli sürür. Hətta qonşu ölkələrdən mütəxəssislər dəvət etmək, İran, Rusiya, Türkiyə kinematoqrafçıları ilə əməkdaşlıq etməyin vacib olduğunu bildirir və bütün bunların müsbət nəticə verəcəyinə də əmindir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı