Tahir Salahov…

Xalq rəssamı, professor Tahir Salahov 93 yaşında haqq dünyasına qovuşdu…

“Rəssam yaradıcılığı fədakar bir işdir. Bütün sənət nümayəndələri arasında ən fədakar olanlar məhz rəssamlardır. Onlar daim təklikdə çalışırlar və bəzən şöhrət onlara dünyadan köçdükdən sonra çatır. Mən hesab edirəm ki, rəssama alqışlar 500 il sonra qismət olur” deyən rəssamın yaradıcılığı Azərbaycan təsviri sənətinin tarixində xüsusi bir mərhələ təşkil edir. O da təsadüfi deyil ki, doğma ölkəsində olduğu kimi, eyni zamanda dünya miqyasında böyük şöhrət qazanmış, özünün böyük sənət məktəbini yaratmış Xalq rəssamı, SSRİ məkanında  və Qərbdə sərt realizm cərəyanının əsas yaradıcısı kimi qəbul olunmuşdur.

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakı şəhərində anadan olub.

1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Daha sonra təhsilini Leninqrad ali rəssamlıq sənaye məktəbində davam etdirib. 1951-1957-ci illərdə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda təhsil alıb. T.Salahov “Dalğa” və “Estakada” adlı ilk əsərlərini 1955-ci ildə çəkmiş və həmin əsərlərlə ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib. 1958-ci ildə “Səhər eşelonu”, 1959-cu ildə “Rezervuar parkı”, “Neftçi” əsərlərini çəkib və həmin ildə sosialist ölkələrinin təsviri sənət əsərlərinin Moskvada keçirilən Beynəlxalq sərgisində iştirak edib. 1960-cı ildə “Təmirçilər” və “Qara Qarayevin portreti”, “Xəzər üzərində” əsərini əsərlərini çəkən rəssam həmin illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib. 1963-cü ildə Tahir Salahov sülhü müdafiə Sovet Komitəsinin və SSRİ Rəssamlar İttifaqı idarə heyətinin üzvü seçilib, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 1963-1974-cü illərdə Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. 1966-cı ildə SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib. 1966–1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1970–1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı seçilib. 1973-1992-ci illərdə SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi olub. 1978-ci ildə Helsinkidə keçirilən “Realist” Beynəlxalq sərgisində iştirak edən rəssam, eyni ildə Moskvada əsərlərinin fərdi sərgisini təşkil edib.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyalarının, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvü olan rəssamın əl işləri hazırda da yüksək titullara layiq görülərək yalnız Azərbaycanda deyil, onun hüdudlarından kənarda da dünya muzeyləri və qalereyalarında nümayiş etdirilir. Təhsilə, təcrübəyə, öz üzərində çalışmağa böyük önəm verən rəssam, sənətin sirrini durmadan öyrənməkdə görən xalq rəssamının Azərbaycan rəssamlığında xüsusi yeri və özünəməxsus mövqeyi vardır. Onun rəngkarlıqda açdığı sərt realizm üslubu tamamilə orijinal olduğu qədər də, Azərbaycan təsviri sənətini daha da müasirləşdirmişdir. Məhz bu baxımdan görkəmli rəssamı  orijinallığına və böyük xidmətlərinə görə dünyanın ən məşhur rəssamları ilə müqayisə edirlər.

Rəssamlıq sənəti üçün təsəvvür edilməyən çətin mövzularla həyatın görünməyən və ya az görünən tərəflərini tünd boyalarla sənətdə ifadə etmək vəzifəsini ciddi bir iradə ilə həyata keçirən rəssam, istifadə etdiyi rənglərin tündlüyünə və ya təsvir etdiyi mövzuların gərginliyinə, eyni zamanda rəsmlərindəki çətin həyat notlarının bədii ifadəsinə istinad etdiyi üçün onu sərt realizm cərəyanının yaradıcısı kimi qəbul edirlər.

“Ölkəmizin nüfuzunun formalaşmasında mədəniyyət mühüm rol oynayır. Mədəniyyət hər bir xalqın vizit kartıdır” deyən xalq rəssamı öz əsərlərində daima vətəni tərənnüm edirdi və tərənnüm etdiyi əsərlərlə Azərbycanı dünyada təbliğ edirdi.

Azərbaycan Kinematoqrafçılra İttifaqının İdarə Heyəti Xalq rəssamı Tahir Salahovun vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

aki.az